Mühasibin “Cipsim” adlı kitabçasında Sona Vəliyeva haqda nə yazılıb?

Mühasibin “Cipsim” adlı kitabçasında Sona Vəliyeva haqda nə yazılıb?
Загрузка...
Bəzi sənədlərin məhkəmənin diqqətindən kənarda qaldığı hiss olunur
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə "Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-nin mühasiblərinin işi üzrə proses davam edir. İş üzrə müttəhimlər kürsüsünə liseyin baş müsahibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev çıxarılıblar.
Hər iki şəxs həbsdədir. Onlar 2018-ci ilin oktyabrında "Kaspi”nin Bakıxanov qəsəbəsində yerləşən filialından təhsil haqqı kimi ödənilən məbləğdən 565 min manatı mənimsəməkdə ittiham olunurlar. Tural Məmmədov ittihamla qismən razıdır, Fərahim Möhbalıyev isə ümumiyyətlə özünü təqsirli bilmir. Meydan TV 10-a yaxın cilddən ibarət olan cinayət dosyesini əldə edib. Orada elə sənədlər, məlumatlar var ki, məhkəmə prosesində diqqətdən kənar qalmaqdadır.
Cinayət dosyesinə müstəntiqlərin əlavə etdikləri, lakin qiymət verməkdən yayındırdıqları Tural Məmmədova məxsus, üzərində "Cipsim” yazılan "qara mühasibatlıq” kitabı var. İşdə həmin kitabın surətlərinə diqqət edərkən Sona xanım adı qarşısında bir neçə dəfə olmaqla böyük məbləğlərdə vəsaitlərin alınması qeyd olunur.
Tural Məmmədov ibtidai istintaq zamanı ifadələrində bildirib ki, "Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-nin təsisçisi Sona Vəliyeva periodik olaraq ayda bir neçə dəfə olmaqla ondan mühasibatlığa daxil olan məbləğlərdən müəyyən hissələr alıb. Tural Məmmədov istintaqa verdiyi həmin kitaba nəzərə salanda görünür ki, Tural Məmmədov təkcə Sona Vəliyevaya deyil, digər şəxslərə də pul verib və qeydiyyatını aparıb. Ancaq Sona Vəliyeva ilə digər şəxslərə ödənilən məbləğlər arasında kəskin fərqlər var.
Məsələn, 14.11.2017-ci ildə Maqsud adlı mühafizəçiyə 20 manat ödənilib. Bundan 1 gün əvvəl Tural Məmmədov Sona xanıma 6 min 500 manat, 1 gün sonra isə 2 min manat ödəyib. 1 ay sonra -13.12.2017-ci ildə Sona xanıma 15 min manat, "Parlaq Zəka Elmdar” qeydi ilə, qarşısına "əmək haqqı” sözləri yazılımış 300 manat, 1 gün sonra – 15.12.2017-ci ildə "Səbuhi xərc” qeydi ilə 80 manat ödədiyi əks olunub.
11.12.2017-ci ildə Elvin İbadova əmək haqqı 190 manat, həmin gün Sona xanıma 16 min 500 manat, Kərimli Zərifəyə 229 manat əmək haqqı verilib. "Qara mühasibatlıq” kitabının başqa bir səhifəsi 2018-ci ilin 12 yanvarında yazılıb.
Həmin yazılardan belə aydın olur ki, Rza Eyvazalıya Tural Məmmədov 50+20 manat verib. Elə həmin gün Sona xanıma 10 min manat ödənilməsi haqda qeyd aparılıb. 2018-ci il martın 2-də Laiq Məmmədyarova 200 manat, Sona xanıma 10 min 210 manat, Tural Əliyevə isə ət pulu kimi 62 manat ödənilib. Həmin ilin sentyabrında 14 min 600 manat, oktyabrın 11-də 6 min, 12-də isə 7 min manat Sona xanıma ödənilməsi qeydləri aparılıb.
Cipsim adlı "qara mühasibatlıq” kitabında belə qeydlər çoxdur. Yazılanlardan belə anlaşılır ki, həmin məbləğləri Tural Məmmədov şəxsən Sona xanıma əlbəəl verib. İş üzrə həbsdə olan digər mühasib Fərahim Möhbalıyev də dindirilərkən məktəbdə təhsil haqqı kimi toplanan vəsaitlərin Sona Vəliyevaya verilməsini qeyd edib. Belə dindirmələrdən birində Fərahim Möhbalıyevin ona verilən suala cavabı belə olub:
"İttihamın mahiyyəti mənə aydındır. Mənə verilən ittihamla, yəni Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə verilmiş ittihamla özümü təqsirli bilmirəm. Qərarda qeyd edilən əlbirliyinin nədə ifadə olunması qeyri-müəyyəndir. Eyni zamanda mənə məxsus, şirkətin xərclərinin qeydiyyatına dair dəftərdə adları qeyd edilən şəxslər dindirilməmişdir. Mən istintaqa verdiyim əvvəlki ifadəmə dəyişikliklər edərək bildirirəm ki, mən Tural Məmmədovun məzuniyyətdə olduğu müddət ərzində valideyinlərin məktəbə təhsil haqqı qismində ödədikləri pul vəsaitindən digər məqsədlər üçün deyil, şirkətin məqsədləri üçün, yəni şirkətin xərclərinə sərf etmişəm və yerdə qalan məbləği də təsisçi Sona Vəliyevaya vermişəm. Sona Vəliyevaya verilən məbləğ sonuncu ilə Tural Məmmədov arasında olan hesablaşma dəftərində öz əksini tapmış, xərclər isə həm mənim qeydiyyat dəftərimdə, həm də Tural Məmmədovun "Excel” proqramında elektron formada tərtib etdiyi hesabat formasında, sənədlər əsasında qeyd edilmişdir. Sona Vəliyeva ilə hesablaşma dəftərinin mövcudluğunu Məhəmməd Nağıyev(məktəbin direktoru) ifadəsində təsdiq edərək, həmin dəftərlərdən çıxarışların istintaqa təqdim edildiyini bildirmişdir. Buna görə də xahiş edirəm ki, Sona Vəliyevanın və Tural Məmmədovun qeydiyyat dəftərləri (mədaxil və məxaric) ekspertiza tədqiqatı üçün istintaqa təhvil verilsin”.
Sual: İfadənizə əlavə və ya düzəlişiniz varmı?
Cavab: Əlavə olaraq məhz mənim tərəfimdən Tural Məmmədovun məzuniyyətdə olduğu müddət ərzində valideyinlərdən yığılan vəsaitin və şirkətin xərc məqsədləri üçün sərf olunan məbləğin müəyyən edilməsindən ötrü təkrar ekspertiza keçirilməsini xahiş edirəm. Bundan əlavə xahiş edirəm ki, şirkətdə əmək haqqı və vergidən yayınma ilə əlaqədar müvafiq qurumlara təqdimatların göndərilməsini təmin edəsiniz. İş materiallarında "Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-də valideynlərdən təhsil haqqı kimi toplanılan böyük vəsaitlərin Sona Vəliyeva ödənməsi haqda qeydlər olan kitabların səhifələrinin surətləri var. Həmin səhifələrdə 7 may 2018-ci ildə 9 şagirdin valideynindən təhsil haqqı kimi 18 min 510 manat, 1 gün sonra - 8 may 2018-ci ildə 4 şagirdin valideynindən 16 min 75 manat, 6 gün sonra isə 12 şagirdin valideynindən 31 min 220 manat, həmin il 6 iyunda 10 şagirdin valideynindən 20 min 760 manat, 29.07.2018-ci ildə 21 şagirdin valideynindən 40 min 460 manat vəsaitin alınması qeyd olunur.
Hər bir səhifədə Tural Məmmədovun adı qarşısında "təhvil verdi” sözləri yazılıb, imza var, Sona Vəliyevanın adı qarşısında isə "təhvil aldı” sözləri qeyd olunub, yenə də imza atılıb. Hər iki təqsirlindərilən şəxs məhkəmədə "Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-də "qara mühasibatlığın”, müvafiq olaraq vergidən yayınmanın olması haqda məlumatlar verir, dövlət qurumlarının həmin məlumatları araşdırılmasını tələb edirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti