Müharibə niyə başladı və onu kim başladı? - ƏRƏSTUN ORUCLUNUN YAZISI (davamı)

Müharibə niyə başladı və onu kim başladı? - ƏRƏSTUN ORUCLUNUN YAZISI (davamı)
Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, hazırda məşhur ekspert olan Ərəstun Oruclu Vətən Müharibəsinin ildönümü ilə bağlı yazı yazıb. Criminal.az həmin yazınının davamını təqdim edir.
Azərbaycan necə qalib gəldi?
Azərbaycanın Vətən Münaribəsindəki qələbəsini təmin edən bir neçə amil vardı. Bu gün onlardan birini nəzərdən keçirək: azərbaycanlıların kənardan yanlış dəyərləndirilməsi. 27 il ərzində aparılan və vaxt udmağa, aşğalın ağrı-acılarını unutdurmağa xidmət edən səmərəsiz sülh danışıqları təkcə düşməndə və onun havadarlarında deyil, həm də vasitəçilərdə azərbaycanlılar haqqında təxminən belə təsəvvür yaratmışdı:
-Bu xalq döyüşən deyil, elə ona görə də Birinci Qarabağ Müharibəsində məğlub olub;
-Azərbaycanlılar tacir (alverçi) xalqdır;
-İllər keçdikcə bu xalq öz məğlub durumu ilə daha çox hesablaşmaqdadır.
-Neft gəlirləri azərbaycanlılarda təminatlı gələcəyə ümid yaradıb və onlar bu ümidi müharibə təhdidi yaradaraq dağıtmaq istəməzlər;
-Azərbaycan cəmiyyəti mənəvi aşın(dırıl)ıb, döyüşüb torpaqlarını işğaldan azad etmək isə belə cəmiyyətin işi deyil.
Bu yerdə haşiyə çxımağa məcburam: bir çox beynəlxalq təmsilçilərlə fərdi söhbətlərimdə belə fikirlər eşitmişdim ki, biz azərbaycanlılar daim ticarət yolunun üzərində olduğumuzdan iqtisadi münasibətlərdə daha uğurluyuq.
Başqa sözlərlə, möhtərəm dəyərləndiricilər öz təxəyyülündə bizə "alverçi xalq" imici yaratmışdılar. Ən başlıcası isə odur ki, bütün bu, yalanlara ilk növbədə və bəlkə də yalnız özləri inanmışdılar. Düşməni (rəqib və ya opponent də deyə bilərik) layiqincə dəyərləndirməmək isə ona məğlub olmağa aparan ən etibarlı yoldur. Bəzən belə müzakirələrdə tərəf müqabillərimə etiraz etmək istəyəndə bunun mənasız olduğunu görürdüm. Olsun... Amma ermənilər də daxil onların hamısı iki mühüm və bəlkə də həlledici amili nəzərə almırdılar: Azərbaycanda heç vaxt dinamik inkişaf olmayıb, bütün hadisələr partlayışlarla baş verib;
Azərbaycanlıların hansısa anda baş qaldıran "sürünən millətçilik" kimi bir keyfiyyəti var. Söhbət əsla etnik millətçilikdən getmir, bu ölkədə yaşayan bütün xalqarın nümayəndələri olaraq biz bir-birimizin təkrarıyıq. Özü də hər mənada. Həmin iki amil birləşəndə ortaya mütləq nəticə qoyur. Amma bu, hələ irəlidə idi, düşmən və onun havadarları isə hələ də azərbaycanlıları aşağılamaqda idilər.
Rus ekspertlərindən tutmuş İran ruhanilərinədək azərbaycanlıları alver, çal-çağır, oğurluq, yalan, yaltaqlıq, riyakarlıq və ən başlıcası qorxaqlıq içində boğulan xaıq kimi təsəvvür və təqdim edirdilər. Ən pisi isə o idi ki, durmadan xalqı aşağılamaqda davam edirdilər. Xüsusilə də ermənilər. Bəli, ermənilər, rəsmi Ermənistan yox, az qala bütün ermənilər. Sosial şəbəkələrdə, yazılarında, danışıqlarında azərbaycanlılar haqda təhqiramiz, aşağılayıcı ifadələr işlədənlər bununla bizi savaşa, özü də ölüm-dirim savaşına hazırladıqlarını anlamırdılar. Ermənilərin ən fatal səhvi isə özlərini uydurduqları "azərbaycanlılar döyüşə bilmirlər" psevdotezisinə inandırmaları idi. Bütün bu, yanlış dəyərləndirmələr burulğanında kimsə Azərbaycanı dərindən öyrənməyə çalışmırdı.
Heç olmazsa Qubada, İsmayıllıda, Gəncədə və digər bölgələrdə baş vermiş etiraz və qarşıdurmaların səbəblərini araşdırmağa cəhd etmirdilər. Həmin hadisələrin başlıca səbəbi isə xalqın qürurunun tapdalamaq, ləyaqətini təhqir etmək cəhdi olmuşdu. Başa düşmək istəmirdilər ki, haqqı pozulan, torpağı əlindən alınan, özü sürətlə yoxsullaşan əhalinin son itirə biləcəyi onun qüruru, mənliyi və ləyaqətidir. Bunları qorumaq üçün o, ölümünə döyüşəcək. 44-günlük müharibədə döyüşdüyü kimi...
 Azərbaycanın qələbəsi niyə müasir hərb elmində dönüş oldu?!
Vətən Münaribəsindəki qələbənin əsas təminatçısı şübhəsiz ki, Azərbaycan əsgəridir. Bu gün amma söhbət İkinci Qarabağ Müharibəsindən gedəndə nədənsə ilk növbədə müasir silahlar - raketlər, PUA-lar, raket hücumundan müdafiə sistemləri və s. texnologiyalar önə çıxır. Halbuki, elə həmin silahları da məharətlə idarə edənlər qalib Azərbaycan hərbçiləri idi. Bizdən fərqli olaraq dünyanın nüfuzlu hərbi araşdırma dairələrində isə daha çox Şuşanın işğaldan azad edilməsi müzakirə olunurdu və bu gün də olunmaqdadır.
Heç bir müasir texnoloji silahdan istifadə etmədən həyata keçirilən həmin əməliyyat gələcək müharibənin modeli kimi nəzərdən keçirilir və diqqətlə öyrənilir. Bəzi hərbi mütəxəssislər bildirirlər ki, Şuşanın azad olunması əməliyyatı azsaylı canlı qüvvə ilə böyük hərbi uğurun əldə olunmasının modelidir və bu mənada olduqca cəlbedicidir. Ona görə ki, belə əməliyyatlar azsaylı şəxsi heyətlə həyata keçirilməklə bir tərəfdən həmin qüvvələrin hazırlığını və təhcizatını yüngülləşdirir, digər tərəfdən isə insan itkilərinin sayını azaldır.
Odur ki, məsələn, XTQ-nin Şuşada və digər ərazilərdə keçirdiyi əməliyyatları yaxın zamanlarda müxtəlif ölkələrin hərbi dərsliklərində görə bilərik. Bununla yanaşı bizim 44-günlük savaşın bir çox ekspert dairələrində "Dron müharibəsi" adlandırılması da təsadüfi deyil. Zərbə (və ya hücum) PUA-larından əvvəllər ABŞ və Türkiyə kimi NATO ölkələri, habelə İsrailin də istifadə etməsinə rəğmən, İkinci Qarabağ Savaşında onlardan məhz döyüşlərdə geniş istifadə olunması tarixdə ilk təcrübə idi. Bəzi ekspertlərin fikrincə 44-günlük müharibənin müqəddaratının həllində bu amilin həlledici rolu olub.
Azərbaycanın "Dron müharibəsinin" bir fərqi də müstəsna olaraq hərbi obyektlərin hədəfə alınması və hədəf seçərkən faktiki yanlışlığa yol verilməməsi idi. Müqayisə üçün demək olar ki, ABŞ ordusunun və xüsusi xidmətlərinin Yaxın Şərq ölkələrində keçirdiyi antiterror əməliyyatları çoxsaylı səhvlərlə müşaiyət olunaraq minlərlə dinc insanın qətlinə səbəb olub. "Dron müharibəsinin" digər iki uğurlu aspekti də Türkiyə istehsalı olan "Bayraktar-2" PUA-larının İsrail istehsalı olan orta mənzilli LORA raketləri ilə uzlaşdırılması olub.
Nəhayət, 44-günlük müharibədə diqqət çəkən əsas yeniliklərdən biri də İsrail istehsalı olan "Barak-8" raketdən müdafiə sistemlərinin uğurlu istifadəsi idi. Sadaladığım və bir sıra sadalamadığım səbəblərdən 44-günlük müharibə dünyanın aparıcı hərbi beyin mərkəzləri tərəfindən "XXI əsrin müharibəsi", "Texnoloji müharibə" və s. bu kimi adlarla təqdim olundu, həmçinin ABŞ, Böyük Britaniya və Almaniya kimi ölkələrin ordularının gələcək müasir müharibənin modeli olaraq diqqətini çəkdi. 44-günlük müharibənin diqqətçəkən aspektlərindən biri də mülki əhali arasında itkilərin minimal sayda olması idi.
Bu itkilərin də çoxu (97 nəfər) Ermənistan ordusunun Azərbaycanın cəbhə xəttindən uzaq məsafədə olan Gəncə, Bərdə, Tərtər və Naftalan kimi yaşayış məntəqələrini məqsədli olaraq raket atəşinə tutmasının nəticəsi idi. Digər tərəfdən isə cəmi 44-gün davam edən müharibədə həlak olan hərbçilərin sayının 7 min nəfərə yaxın olması (Azərbaycan - 3.000 nəfər, Ermənistan - 3.700) savaşın nə dərəcədə intensiv olmasının göstəricisi idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!
(davamı var)

Xəbər lenti