"Müdafiə Nazirliyi Ramil Səfərov üçün xərclədiyim pulu mənə qaytardı”

Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərov haqda növbəti yazısını yazıb. Criminal.az vəkili "facebook" profilində tanınmış hərbiçi barədə yazdıqlarını təqdim edir:
Bakıya gələn kimi prokurorluğa getdim. Baş prokurorla və onun birinci müavini ilə görüşdük. Ramillə görüşüm və vəkil barəsində onlara da məlumat verdim. Başa düşdüm ki, Səfərovun taleyinə əhalinin marağını və narahatlığını nəzərə alan ölkə rəhbərliyi tərəfindən bu iş üzrə istintaqın gedişini diqqət mərkəzində saxlamaq və lazımi dəstək vermək onlara tapşırılıb.
Bu söhbətdən sonra Müdafiə Nazirliyinə getdim, orda pulumu qaytardılar və vəkilin qonorarının qalan hissəsini ona çatdırmaq üçün mənə verdilər, bu məsələ həll olundu. Mənim çoxsaylı çatışmayan cəhətlərimdən biri də Azərbaycan və rus dillərindən başqa dil bilməməyimdir. Buna görə Budapeştə xarici dil bilən vəkilin də getməsi məsləhət oldu. Mən həmkarım Elçin Usubun Almaniyada hüquq təhsili aldığını bildiyim və savadlı vəkil kimi tanıdığım üçün onun namizədliyini verdim, onunla danışıb razılığını aldıq.
Qeyd edim ki, Səfərov üçün tutduğumuz vəkil Peter Zalay da alman dilində sərbəst danışırdı və Macarıstanda vaxtilə bizdəki kimi rus dili icbarı tədris olunduğu üçün əksər yaşlı əhali kimi, o da rusca az-maz danışa bilirdi. Elçin onunla alman dilində, mən isə rus dilində danışırdıq. Qalırdı Ramil Səfərovla vəkilin ünsiyyət məsələsini həll etmək, məlum oldu ki, Səfərovun rus dili biliyi Zalaydan, Zalayın ingiliscəsi də Səfərovunkundan zəifdir. Bu problemi də Budapeştdə yaşayan azərbaycanlılar vasitəsi ilə həll etmək qərarına gəldik. Elçin səhv etmirəmsə mart ayında Macarıstana getdi. Mart-aprel aylarında mən əlimdə olan işləri yekunlaşdırdım.
O vaxt Azərbaycanda Macarıstan səfirliyi olmadığından viza almaq problemi vardı. Eyni zamanda, Macarıstanın Azərbaycan vətəndaşlarının xidməti pasportla vizasız gedə biləcəyi ölkələr sırasına daxil olduğunu nəzərə alaraq, aprelin sonlarında Xarici İşlər Nazirliyindən mənə xidməti pasport verildi.
May ayında mən Budapeştə getdim. Bu dəfə daha uzun müddət qalmağı planlaşdırırdım və daha sərbəst idim. Yuxarıda qeyd etdiyim tərçümə problemini Budapeştdə yaşayan Sevinc xanımın vasitəsi ilə həll etdik. Soyadı Micuri olan bu xanımı Səfərovun işində göstərdiyi xidmətlərə görə həmişə minnətdarlıqla xatırlayıram. Sevinc xanımın tərcüməçi kimi lisenziyası olmadığından o prosesdə rəsmi tərcüməçi kimi iştirak edə bilməsə də, bir müddət tərcüməçi dəvət edilənə kimi vəkillə Səfərov arasında tərçüməçilik etdi. Sevinc bir neçə dəfə mənim vəkillə söhbətlərimdə tərcüməçi kimi, eyni zamanda bəzi texniki problemlərin həllində yerli şəraiti bilən adam kimi yardımçı olub.
Mən Budapeştə ikinci dəfə gələndə artıq bəzi istintaq sənədləri ilə, o cümlədən Səfərovun ilkin ifadələri və ekspertiza rəyləri ilə tanış idim. Bilirdim ki, Ramil həbs edildikdən sonra iki dəfə ifadə verib və psixatrik ekspertizadan keçib. Dili bilmədiyi üçün ona tərcüməçi verilib. Amma nədənsə bu Ramilin ana dili olan Azərbaycan dili, ali təhsil aldığı türk dili, Macarıstanda öyrənmək üçün gəldiyi ingilis dili deyil, rus dili tərcüməçisi olub, sonradan həmin qadını Ramil Səfərovun məhkəməsində gördüm. Səfərova Azərbaycan dilini bilən tərcüməçinin verilməməsini hardasa başa düşmək olardı. Macarıstanda Azərbaycan və macar dillərini sərbəst bilən və tərçüməçi lisenziyası olan birini tapmaq yəqin ki, müşkül məsələdi. Amma sonradan Səfərovun məhkəməsində belə birinin olması məlum oldu. Onu da məhkəmədə gördüm, Cənubi Azərbaycan əsilli bu qadının məhkəmə prosesinə necə gəlməsindən az sonra yazacam.
Səfərova yuxarıda qeyd etdiyim kimi, ana dili qədər sərbəst danışdığı türk dilini bilən deyil, xüsusi öyrəndiyi ingilis dilini bilən deyil, Bakıda hərbi litseydə oxuduğu dövrdə məişət danışığı səviyyəsində təmasda olduğu, yetərincə başa düşmədiyi və danışa bilmədiyi rus dilini bilən tərcüməçinin verilməsi qanunsuz idi. Bunun üstündə ona görə xüsusi dayandım ki, dil problemi Ramilin ifadəsinin və məhkəmə psixatrik ekspertizasında ekspertlərlə söhbətin tərcüməsində onun əleyhinə işləyən amil olmuşdu, sonra məhkəmədə də onun əleyhinə işlədi, bu barədə də bir qədər sonra.
Səfərovla ikinci görüşümüz onun saxlanıldığı istintaq təcridxanasında oldu. Mən Budapeştə gələndə prosesdə vəkil kimi iştirak etməyə buraxılmaq üçün məktub götürmüşdüm. Məktubu vəkil Zalay istintaqa təqdim etdi.
Məlum oldu ki, Macarıstan qanunvericiliyi də bizdə olduğu kimi əcnəbi vəkilin iştirakına yol vermir. Bu səbəbdən məni vəkil kimi prosesə buraxmasalar da Səfərovun nümayəndəsi kimi iştirak etməyimə icazə verildi.
Səfərovla ikinci görüşə mən, Sevinc xanım və vəkillə birlikdə getdik. Onu deyim ki, təcridxananın binası mənim növbəti təəccüb obyektim oldu. Bakının mikrorayonlarında gördüyünüz, ətrafdan heç nə ilə təcrid olunmamış, yaxınlığından tramvay xətti və şosse yolu keçən adi doqquzmərtəbəli binalardan birini təsəvvürünüzə gətirsəniz təəccübümü başa düşəcəksiniz.
Ramil Səfərovla istintaq otağında görüşdük, hadisə barəsində ətraflı danışmaq imkanımız oldu. Burada bir haşiyə çıxmaq istəyirəm. Hazırki yazıda hadisənin detalları, Səfərovun hadisə barədə danışdıqlarından heç nə yazmaq istəmirəm. Bunun bir mənəvi tərəfi var, əgər Səfərov özü bu barədə danışmaq istəsə və ya danışmağıma etiraz etmədiyini yazılı şəkildə mənə bildirsə, həvəslə bunları da sizlərlə bölüşərəm. Onunla əlaqəsi olan varsa, bu xahişimi çatdırmasını rica edirəm.
Qayıdaq təcridxanadakı görüşümüzə. Görüşdə məlum oldu ki, Səfərov ikiadamlıq kamerada saxlanılır. Yerli qanunlara görə, biz ona kamerada istifadə edə bilməsi üçün soyuducu, radio və teletekst funksiyası olmayan televizor gətirə bilərik.
Hər dustağın hesabına aylıq 300 dollara kimi pul köçürülməsinə icazə verilir, onun müəyyən edilmiş vaxtlarda, əvvəl həftədə bir dəfə idi, sonra iki dəfə oldu, ailəsi ilə telefonla danışmaq hüququ var, özünün türmə rəhbərliyinə yazdığı siyahıda göstərdiyi şəxslərlə görüş imkanı verilir. Bakıya qayıdana kimi soyuducu, radio və televizor alıb Sevinc xanımın vasitəsi ilə ona çatdırdım, hesabına 300 dollar pul qoydum və beynəlxalq telefon danışıqları üçün kart göndərdim.
Səfərovun dediklərindən aydın oldu ki, müsəlman olduğunu yemək verilərkən nəzərə alırlar, donuz ətindən yemək vermirlər. Hesabındakı puldan türmənin daxilində ərzaq və gündəlik tələbat predmetləri almaq üçün istifadə edə bilir...
davamı olacaq
Загрузка...
Загрузка...

Xəbər lenti