Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb

Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
Hadisənin Suqovuşan yaşayış məntəqəsi ətrafında baş verdiyi bildirilir İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin axtarışı zamanı mina partlayıb, iki hərbçi xəsarət alıb. Məlumatı müdafiə Nazirliyi yayıb.
Nazirlik bildirib ki, hadisə aprelin 6-da Suqovuşan yaşayış məntəqəsi ətrafında aparılan axtarış zamanı baş verib:
"Günorta saatlarında keçirilən axtarışlar zamanı qarşı tərəfin basdırdığı piyada əleyhinə mina partlayıb. Bunun nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - əsgər Pünhan Şaban oğlu Əliyev və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb. Hər iki əsgərin həyatı üçün təhlükə yoxdur”.
Faktla bağlı araşdırmaların aparıldığı bildirilir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlayıb.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycana qaytarılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qalıb. Yanvarın 11-dək Azərbaycan tərəf müharibədə həlak olan 2841 hərbi qulluqçusunun dəfn edildiyini açıqlayıb. Eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edilib, ancaq bu günədək müharibədə nə qədər hərbçinin əlillik qazanması ilə bağlı rəsmi açıqlama yoxdur.
Azərbaycan tərəf 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakininin öldüyünü, 400-dək insanın yaralandığını, 40 mindən çox insanın köçkün düşdüyünü bildirib. Baş Prokurorluğun mülki əhaliyə dəyən zərərlə bağlı açıqlamasında isə deyilir ki, müharibədə 4186 ev yararsız hala düşüb.
Qurum habelə 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb. Dağlıq Qarabağdakı eskalasiyada Ermənistanın 3360 hərbi qulluqçusu həlak olub.
Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, hələ də kimliyi müəyyən edilməyən yüzlərlə hərbçi var: "Müharibədə 1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var". Müharibədə hər iki tərəfdən təxminən 5600-dən çox adamın öldüyü təxmin edilir.

Xəbər lenti