Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz

Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
 "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun məhkəməsi martın 5-dək təxirə salınıb.Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat yayıb.Onun sözlərinə görə, növbəti məhkəməyə daha iki şahidin çağırılacağı gözlənilir. "Palmali”nin mətbuat katibi Fidan Quliyevanın verdiyi məlumata görə, məhkəmədə həm Mübariz Mənsimov özü, həm də vəkili Ersan Şen çıxış edib.
--------------------------------------------------------------------------------------------
Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimovun məhkəmə prosesi keçirilib. Mübariz Mənsimov Fətullah Gülən və təşkilatı ilə əlaqələri barədə iddiaları təkzib edib. O bildirib ki, bu iddialar yalandır:
"Mən heç vaxt FETÖ-çü (Fətullah Gülən Terror Örgütü) olmadım, deyiləm, ola da bilmərəm. Həbsdən buraxılmağımı istəyirəm. Mən heç zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənim 10 aydır həbsdə saxlanmağım şirkətimi müflis olmaq həddinə çatdırıb. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyətdədir. Orada işləyən azərbaycanlılar və türklərdir. "Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada dayanırdı. Bu bir türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab hakim! Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən onlara heç zaman xidmət etməmişəm, etmərəm də! Elə olsaydı, bu günə qədər o təşkilata hansısa, məktəb, xəstəxana hədiyyə edərdim. Amma mən bunların hamısını tikdirib dövlətə təslim etmişəm”.
İş adamı onu da bildirib ki, 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi zamanı o, hökumətə öz köməyini təklif edib: "15 iyulda mənim etdiyim və mənə gələn zənglərin siyahısı var. Haralarla, kimlərlə danışmışam, hər şey ortadadır. Mustafa Ərdoğana zəng edərək: "Əmrinizdəyəm”, - dedim”. Mübariz Mənsimovun vəkili Ersan Şən isə cinayət işinin materiallarındakı hüquqi pozuntulardan, şahid ifadələrindəki ziddiyyətlərdən danışıb.
Vəkil bildirib ki, 27 nəfər şahid qismində dindirilib, onlardan 17-sinin ifadəsi Mübariz Mənsimovun lehinədir. Onun əleyhinə olan ifadələrdə isə çoxlu sayda ziddiyyətlər, qanunsuzluqlar var. İfadələr bir-birini təkzib edir. Vəkil həmin ziddiyyətlərin nədən ibarət olduğunu da sadalayıb:
"Mübariz Mənsimova qarşı ittihamı təsdiqləyəcək bircə mötəbər sübut yoxdur”. Məhkəmə qərar vermək üçün müşavirəyə gedib. Daha sonra prosesin martın 5-nə qədər təxirə salındığı açıqlanıb. Türkiyə vətəndaşı olan Mübariz Mənsimov 2020-ci il martın 15-dən həbsdədir. O, FETÖ ilə əlaqələri haqda ittihamın saxta və absurd olduğunu bildirir, həbsinə görə də Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi ittiham edirdi. R.Abdullayev isə Türkiyənin "Mgtv” kanalına açıqlamasında bu barədə səslənən fikirləri "əsassız yalan” adlandırıb.
O bildirib ki, "Palmali” qrupu SOCAR-a qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə 2018-ci ildə Londonda və Dubayda arbitraj prosesləri başlayıb. R.Abdullayevin sözlərinə görə, bu proseslərin məqsədi "Palmali”nin SOCAR-a olan borclarının qaytarılmasıdır: "Ümid edirik ki, Türkiyə Cümhuriyyətinin hüquq-mühafizə orqanları Mübariz Mənsimov barəsində ədalətli qərar verəcək”.

Xəbər lenti