“Müalicə olunmasam, balalarım sahibsiz qalacaq”

“Müalicə olunmasam, balalarım sahibsiz qalacaq”
Загрузка...
 İlham Dadaşov iddia edir ki, hərbi xidmətdə olarkən aldığı xəsarətlər sənədləşdirilməyib, bu səbəbdən də indi dövlət hesabına xaricə müalicəyə gedə bilmir
"Hərbidə itirdiyim sağlamlığımı geri qaytarmaq, övladlarımı böyütmək istəyirəm. Bunun üçün tələb olunan vəsait yoxdur. İndiyə kimi nəyimiz vardısa, satıb müalicəmə xərcləmişik, nəticəsi də göz qabağında... Günbəgün durumum pisləşir, bədənimin digər funksiyaları da fəaliyyətini dayandırmaq üzrədir”. İsmayıllı sakini olan 1-ci qrup əlil, 33 yaşlı İlham Dadaşov Meydan Tv-yə danışır ki, 13 il əvvəl əsgərlikdə olarkən hərbi təlimlər zamanı aldığı zədələr nəticəsində belində güclü ağrılar başlayıb. Bu ağrılarla, heç bir müalicə almadan Tərtərdə N saylı hərbi hissədəki artilleriya divizyonunda xidmətini başa vurub. Deməsinə görə, hərbi xidməti başa vurub qayıtdıqdan sonra vəziyyəti bir qədər də ağırlaşıb.
"13 ildir zülm çəkirəm”
İlham Dadaşov danışır: "13 ildir ki, zülm çəkirəm. Neyroloji xəstəlikdir – diaqnoz dejerin. Aldığım müalicələr də müsbət nəticə vermir. Həkimlərin son sözü budur ki, müalicəm yalnız xarici ölkələrdə mümkündür. Bu ölkələrdən ən yaxını və müalicənin nisbətən ucuz başa gəlməsi Türkiyədə ola bilər. Türkiyənin Mimar Sinan Dövlət Xəstəxanasında, yaxud Gülhanə Hərbi Tibb Akademiyasında tam müalicəm mümkündür. Buna da maddi imkanım yoxdur”.
İlham Dadaşov deyir, müalicə olunmasa, orqanizmi tamamilə fəaliyyətini itirə bilər: "Soyuqlama qrip və aldığım zədə nəticəsində mənə "Landuzer Dejerin” diaqnozu qoyulub. (Əzələ distrofiyası. Nevroloji xəstəlikdir. Mərkəzi sinir sistemi (baş və onurğa beyni), periferik sinir sistemi, avtonom sinir sistemi və əzələ sistemi zədələnməsi nəticəsində yaranır). Bədənimin bir hissəsi iflic olub. Tamamilə iflic olmaq üzrəyəm. Hər kəsdən – dövlətdən də, cəmiyyətdən də sağlamlığıma biganə qalmamağı xahiş edirəm. Mən bu travmaları hərbi xidmətdə olarkən almışam. Müdafiə Nazirliyinə, prezidentə yazmışıq, heç bir cavab gəlməyib. Nə "hə” yazırlar, nə "yox”. İllərdir ki, hərbi əlillik statusu da verilmir. Deyirlər, sənin xəstəliyinin hərbi xidmətlə əlaqəsi yoxdur. Sübut edə bilmirəm ki, mən bu travmaları hərbi xidmətdə olarkən almışam, özləri vaxtında aldığım zədələri rəsmiləşdirməyiblər, indi isə sənəd tələb edirlər. Hərbi hissəyə də getmişəm, xahiş etmişəm ki, mənə hərbi xidmət dövründə hərbi hissədə xəsarət almağımla bağlı bir parça kağız versin, deyir, vaxtında qeydə alınmayıb, indi gecdir”. 

Unibank hesabı
Müalicə üçün 45 min manat tələb olunur İlham Dadaşovun müalicəsi üçün 45 min manata ehtiyac var: "Övladlarıma gün ağlamalı olduğum bir vaxtda evin bir küncündə əlilliyimlə baş-başa qalmışam. Məcbur olub bankda hesab açdıq, bəlkə tez bir zamanda məbləğ toplanar, müalicəyə gedərəm. Allahdan ümid üzülməz. Özüm hərbidə əlil olmuşam, atam Kamil Dadaşov da vaxtilə Qarabağda yaralanıb. 2-ci qrup əlildir. Atamın və mənim pensiyamla dolanırıq. Türkiyədə müalicəmə 45 min manat tələb olunur”.
Hüquqşünas Namizəd Səfərov deyir, İlham Dadaşovun xəstəliyi hərbi hissədə qazanması ilə bağlı əlində sübutu yoxdursa, onun müalicəyə görə Müdafiə Nazirliyinə müraciət etməsi yersizdir: "Vaxtında sənədləşsəydi, kompensasiya da tələb etmək mümkün idi, indisə onun müalicəsi ilə bağlı müraciət edə biləcəyi yeganə qurum Səhiyyə Nazirliyidir”, - hüquqşünas bildirib.
Səhiyyə Nazirliyindən Meydan TV-yə bildirilib ki, İlham Dadaşov xaricdə müalicə ilə əlaqədar müvafiq komissiyaya müraciət etsə, onun müraciəti araşdırılar: "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya var, vətəndaş müraciət etsin, komissiya araşdırsın, müayinə sənədlərini, xəstəliyini təsdiqləyən digər sənədləri təqdim etsin”.
Oktyabrın 24-də İlham Dadaşov növbəti dəfə İsmayıllı Rayon İcra Hakimiyyətində olub və müalicə üçün kömək istəyib. Ona bildirilib ki, müalicəsi üçün Heydər Əliyev Fonduna müraciət olunacaq.
Загрузка...
Загрузка...

Xəbər lenti