Oliqarx, nazir və deputatlarımızın biznes şəhəri - REPORTAJ

Oliqarx, nazir və deputatlarımızın biznes şəhəri - REPORTAJ

Çexiyaya gəlib, onun paytaxtında gəzib, oradan məşhur Karlovı Varıya getməmək bir jurnalist üçün bağışlanmaz səhv olardı. Çünki uşaqlığı Sovet dönəmində keçən (və keçməyən) hər kəsin xatirəsində bu məkanın bir ayrı yeri var.

Criminal.az xəbər verir ki, “Yeni Müsavat”ın əməkdaşı azərbaycanlı elitanın “göz bəbəyindən” yazıb.

Valideynlərimizin yaydan-yaya bu məkanı müalicə və istirahət məqsədilə seçdiyi illər o qədər də uzaqda deyil ki. Qırağında “Karlovı Varı 1987" (1988, 1989... da ola bilər) yazılmış fotolar, ilk baxışda cənnəti xatırladan mənzərələr... Hər səfərdən  gələndə servantın üstünü bəzəyən yeni çex xrustalları və ”amaan, ona əl vurmayın, çox dəyərlidir, qırılmasın" xəbərdarlığı...  

Bəli, bu məkanın şəxsən mənim yaddaşımdakı assosiasiyası bundan ibarətdir. Amma son illər Azərbaycan elitasının başda Çexiyanın paytaxtı Praqa olmaqla, bu şəhəri özünə məskən seçməsinin tək səbəbi bu deyil. Azadlıq Radiosunun araşdırmalarında Karlovı Varı azərbaycanlı məmurların, oliqarxların investisiya yatırdığı məkan kimi hallandırılır, adlar çəkilir, dəbdəbəli məmur villalarının fotoları dərc edilir. Üstəlik, hər nə qədər bəyənsək də, demokratik düşərgə üçün Çexiya o qədər də xoş təəssürat yaratmır. Elə yuxarıda dediyimiz səbəblərdən - çirkli pulların yuyulduğu, rüşvətə meyilli məmurlarının çoxluğu faktoruna görə.  

Birinci Pyotrdan sonra sevilən şəhər

İndi isə yolumuz Karlovı Varıyadır. Çexiya Respublikasının qərb hissəsində yerləşən, Almaniya ilə həmsərhəd bu mənzərəli şəhər, 1711-ci ildə Rusiya çarı Birinci Pyotr buranın şəfalı suları ilə müalicə olunmaq üçün gələndən bəri, Rusiyanın hakim təbəqəsi, eləcə də Azərbaycanın elitası üçün müstəsna xəlvəti guşəyə çevrilib. Bu nağılvari və ecazkar şəhərə getmək üçün biz Praqadakı dostların maşın yardımından istifadə edirik. Praqadan Karlovıya 109 kilometr məsafədir, saat yarıma çatmaq mümkündür. Amma qarlı və şaxtalı günlərdə səfər etdiyimizi, yolların da dolanbac və sürüşkən olduğunu nəzərə alanda, vaxt bir qədər uzandı, təxminən iki saata çatdıq. Praqada qaldığım oteldən Karlovıya müalicə üçün gedən rusların əksəriyyəti isə avtobusların xidmətindən istifadə edirdi. Avtobus biletləri 300 kron (12 dollar) qiymətinədir və avtovağzaldan rahatlıqla, avtobusların qrafikini öyrənməklə (oteldən bunu etmək mümkündür) varmaq mümkündür.

Yanvar-fevral “ölü ay”, yayda isə Bakı məhlələrini xatırladan Karlovı...

Və budur, nağılvari Karlovı Varı. Şəhərin girişində iri hərflərlə şəhərin adı yazılıb və irəlilədikcə onun da gözəllikdə Praqadan geri qalmadığının şahidi olursan. Saysız-hesabsız otellər, dəbdəbəli mülklər, üstəgəl turistik məkan. Hər addımda bir tur operator və ətrafında topladığı 10-15 nəfərdən ibarət turist. Üstəgəl, sağdan-soldan eşidilən rus sözləri. Demək olar ki, yanından keçən hər üç nəfərdən biri rus dilində danışır. Bura azərbaycanlılar qədər rusların da sevimli məkanıdır.

Şəhərdəki azərbaycanlı dostlardan isə öyrənirik ki, yanvar-fevral ayı Karlovıda turizmin ölü ayları sayılır. Xüsusən azərbaycanlılar bura yaz-yay aylarında gəlməyə üstünlük verir. Dostumuz yaydakı Karlovı Varını belə təsvir edir: “Çıxırsan otelin girişinə siqaret çəkməyə. Bir də görürsən hər tərəfdən azərbaycanlı anaların səsi eşidilir: ”a bala, asta qaç, indi yıxılacaqsan". Adama elə gəlir ki, Bakının hansısa məhləsindəsən".

Azərbaycanlılar buranı təkcə ecazkar gözəlliyinə görə yox, həm də termal sularını içməyə görə gəlirlər. Biz də o suların olduğu məkana daxil olduq. Məkanlardan birində göyə qədər fışqıran, fontan kimi müalicəvi suya sadəcə tamaşa etmək mümkündür. Amma  yerli əhali danışır ki, bu suyun miqdarı get-gedə azaldığı üçün bundan narahat olmağa dəyir. Çünki əvvəl su məkanın tavanına qədər dəyirdi, indi isə miqdarı azalıb və bu, həyəcan təbili deməkdir. (Musavat.com saytında bu məkandan, eləcə də şəhərin özündən hazırlanmış videosüjetlərlə də tanış ola bilərsiz -S.T.)

Amma digər üstüqapalı məkandakı kiçik bulaqlara yaxınlaşıb, hərəsində bir temperaturda olan sulardan stəkanlara doldurub içmək də olar. Bu sular bir çox daxili xəstəliklərə, xüsusən də nəfəs borusunun təmizlənməsinə ciddi kömək edir.

Azərbaycanlı elitanın məskunlaşdığı pub hotel - ən ucuz nömrənin bir gecəsi 300 avrodur  

Karlovı Varıdakı ən məşhur turizm şirkəti isə Termo Travel adlanır. Paşayevlərə məxsus bu firma daha çox turistləri gətirməklə məşğul olur. Ona Fəxrəddin Mirzəyev adlı şəxs rəhbərlik edir. Amma düşünməyin ki, bura gəlmək istəyən elita Bakı-Praqa reysindən istifadə edir, sonra isə taksi və ya avtobusla şəhərə varır. Xeyr, xüsusən yay aylarında onlar özəl aeroportla, özəl reyslərlə bu şəhərə təşrif buyururlar. Elitanın daha çox məskunlaşdığı otel isə Pub Hotel adlanır. Hansında ki, ən ucuz otel otağının bir gecəlik qiyməti 300 avrodur. Amma təbii ki, bu lüksdən vaz keçib, gecəsi 50-60 avrodan başlanan otel nömrələri də tapmaq mümkündür. Karlovı Varıya xüsusi turla gələnlər azlıq təşkil edir. İnsanlar daha çox bilet alıb, otel bron edib, yolunu bura salırlar. Yerli turizmçilərin təsvir etdiyi kimi, “varlılar tur məsələsinə baş yormaq istəmirlər”.

Yayda isə sözügedən Pub Hoteldə 500 nömrə varsa, onun 499-da azərbaycanlılar qalır. Bunu yerli turizmçilərdən biri tərəddüd etmədən deyir. Üstəlik əlavə edir ki, burdakı işbazlar da azərbaycanlı turistləri çox sevir. Səbəb sadədir - səxavətlə pul xərcləyəni kim sevməz? Məhz bu səbəbdən də şəhərdəki bütün otellərin üstündə Azərbaycan bayrağı, digər ölkələrin bayraqları ilə yanaşı dalğalanır.

Ekzotika həvəskarları üçün faytonla gəzintini də unutmayaq. Bir turu 50 avrodan başlanan bu gəzintilər isə şəhərə bir başqa hava qatır.

Karlovı Varını seçənlər daha çox iki həftə, ya da 1 ay müddətində burda qalırlar. Həmin müddətdə də tam müalicə kursu götürürlər. Özəl masaj və müalicəvi sulardan ibarət kurs. Hər oteldə tibbi xidmətlər var. Müalicəni, kursları da təbii ki, həkimlər təyin edir. Turist həmin təyinata əsasən, müalicəsini və bu şəhərdə qalacağı müddəti müəyyənləşdirir. Amma maraqlıdır ki, bura ən az baş çəkənlər çexlərin özüdür. Daha öncəki yazımızda da qeyd etmişdik ki, Çexiyada məvaciblər o qədər də yüksək deyil və sıravi çex də sıravi azərbaycanlı kimi özünə belə bir lüksü rəva görə bilmir. Azərbaycanlılar, albanlar, xorvatlar, serblər, slovaklar, türklər və təbii ki, ruslar...   Karlovı aşiqləri olan millətlər bax bunlardır.

Bu da ecazkar Bohama xrustallarının satıldığı mağazalar. Qiymətlər ceyran belində. Bilmirəm, Sovet dövründən fərqli olaraq, qadınlarımızda hələ də servantı saysız-hesabsız, heç bir funksionallığı olmayan qablarla doldurmaq adəti qalıbmı, amma içəridəki basabası görəndə anlayıram ki, sualım yersizdir. Üstəlik, məhz bu xrustalların istehsal olunduğu zavod da Karlovıda fəaliyyət göstərir. Demək ki, bəzi qadınları bura gətirən səbəb aydındır.

Unutmadan onu da deyək ki, Karlovı Varı eyni zamanda duzları və özəl kremləri ilə də məşhurdur. Qırmızı daşı da turistlərin ən çox diqqətini cəlb edənlərdəndir. Karlovının restoranları da, mağazaları da Praqadan ikiqat bahadır. Bura şopinq etmək üçün gəlmək uğurlu seçim sayılmaz.

“Siz bu gözəl şəhərə gözəllik qatırsız. Bunun fərqindəsizmi?” Mənimlə paralel addımlayan yaşlı bir qadının bu estetik komplimentindən təəccüblənirəm. Amma rus nağıllarında gördüyüm nənə obrazını xatırladan qadın davam edir: “Kaş ki, hər turist bizim şəhəri bu qədər sevəydi. Sizin baxışlarınızdakı...”Bla, bla, bla... Dostlar tez xəbərdarlıq edir: “Xırda pulun varsa, ver. Səncə, o, sənə elə-belə kompliment deyir?” Dilənçiliyin bu qədər estetik olanını görməmişdim, düzü. Hərçənd ki, mənim o nənəyə bir neçə saniyə diqqət kəsilməyim səfərin sonuna qədər lətifə mövzusu olaraq, tez-tez hallandırılır, olsun, buna dəyərdi...

Azərbaycanlı məmurların Karlovı biznesi...

Yadıma Azadlıq Radiosunun bu məkanla bağlı yazdığı araşdırma düşür. Həmin yazıda qeyd olunmuşdu ki, Azərbaycan parlamentinin bir üzvü Adil Əliyev və onun qardaşı Allahverdi Əliyev də Çexiya Respublikasında bizneslə məşğul olurlar. Adil Əliyev Uest End Center adlı şirkətin səhmdarlarındandır. Bu şirkət Karlovı Varının qərb ətraflarında torpaq sahələrinə malikdir. Əliyevlər ailəsinin 2003-cü ildə qurduğu RAN Ltd şirkəti Karlovı Varıda, TERMA TRAVEL qrupuna aid iki şirkətlə eyni ünvanda mənzillənmişdi.

Qardaşlar Azərbaycandakı karyeralarını polis sıralarında böyük qardaşları, vaxtilə Bakı Polis İdarəsinin rəhbəri, hazırda isə Prezident Administrasiyasında mühüm post tutan Məhərrəm Əliyevin liderliyi altında qurublar. Həm də Kickboxing və Muai-Tai Federasiyasının prezidenti olan Adil Əlyev parlamentə 2005-ci ildə, özünün rayon polis şöbəsinin rəisi vəzifəsini tərk etməklə gəlib.

Daxili İşlər Nazirliyində orta vəzifə tutan Allahverdi Əliyev də, öz arvadı Tamara və oğlu Ruslanla birlikdə qardaşının RAN Ltd-dəki biznesinə şərikdir.  Ruslan, Azərbaycan mediasına verdiyi müsahibəyə görə, Dövlət Neft Şirkətinə aid Atəşgah Sığorta Qrupunun direktorudur. Adil Əliyev bizneslərə sahib olduğunu inkar etməyib.

Bundan başqa, həmin yazılarda Allahşükür Paşazadə və onun qardaşına məxsus İmperial otel barədə də yazılmışdı.

Və sonda... Nağıl kimi bir ölkə, nağıl kimi iki şəhər. Səfər beləcə başa çatır. Bir də gözümü açıram ki, Bakıda, Heydər Əliyev adına aeroportdayam. Taksi sürücüsü isə əlimdəki çemodanı az qala zorla alıb, maşına tərəf gedir: “Bacıqızı, səndən soruşsalar ki, kliyentsən? Denən, yox, dayımdır, anam dalımca göndərib, gecədi deyə tanımadığım adamla gedəmmərəm. Burda taksiçi kimi durmaq üçün əlavə pul vermək lazımdır”...

Gecənin 4-də dəli bir gülmək tutur məni. Taksiyə minmək üçün də nağıl uydurmaq lazımmış. Mən Çexiyaya nağıllar ölkəsi demişdim, hə? Sözümü geri götürürəm...  

Criminal.az

Oliqarx,Oliqarx,Oliqarx,Oliqarx,

Xəbər lenti