Səfər Əbiyev qurtuldumu...

Səfər Əbiyev qurtuldumu...
Загрузка...

“MTN işi” keçmiş müdafiə nazirinin kölgədə qalmasına səbəb olub, amma...

2013-cü il prezident seçkilərindən sonra yeni hökumət formalaşdırılarkən vəzifəsinə qaytarılmayan 2 nazirdən biri Səfər Əbiyev oldu. Onun 12 illik müdafiə nazirliyi dövründə Azəbaycan ordusunun durumu haqda çox yazılıb. Döyüş görmüş zabitlər Səfər Əbiyevin nazirlik dövrünü Azərbaycan ordusu üçün “itirilmiş illər” hesab edirlər. Ordudan çıxarılandan sonra onun həbs olunacağı haqda məlumatlar yayılmışdı. Sabiq nazirin həbs edilməsi üçün əsaslar da kifayət qədərdir.

Criminal.az musavat.com-a istinadən xəbər verir ki, Səfər Əbiyevin qollarına dəmir bilərziklərin geyindirilməsi üçün onun nazirliyi dövründə baş tutan tender məsələlərinin araşdırılması kifayətdir. Səfər Əbiyevin qanunsuzluqları ilə barışmayıb etiraz səsini qaldıran zabitlərin başına gətirilən oyunların araşdırılması da sabiq nazirin adının cinayət işində fiquranta çevrilməsi üçün bəs edər...

Səfər Əbiyev ordudan uzaqlaşdırılandan sonra onun Çexiyada vətəndaşlıq alması haqda da xəbərlər dolaşırdı. Nazirin hətta ev dustağı edildiyi də gələn məlumatlar sırasında idi. Lakin məlum oldu ki, Səfər Əbiyevin əvəzinə 1995-99-cu illərdə onun müavini olmuş Mehman Səlimovu həbs ediblər. Tutduğu vəzifədən azad olunandan uzun illər sonra həbs olunan M.Səlimov sonradan məhkəmə qarşısına külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə çıxarıldı.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Səfər Əbiyev azadlıqda gəzdiyi bir vaxtda M.Səlimovun külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə həbsdə olması suallar doğurur. Əbiyevin müavini külli miqdarda dövlət pulunu yeyib dağıdıbsa bəs onun naziri hara baxıb?...

Hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan son prosesdə M.Səlimovun vəkilləri onun üzünə dayanan, əleyhinə ifadə verən şəxslərin məhkəməyə çağırılmasını tələb ediblər. Hakim isə deyib ki, hər iki şəxs Naxçıvanda olduqları üçün məhkəməyə gələ bilməyəcək. Müdafiə tərəfinin vəkilləri də, Mehman Səlimov da buna etiraz edib. Sabiq nazir müavini həmin şəxslərin ittiham tərəfinin şahidləri olduğunu bildirib: “Həmin şəxslər mənim əleyhimə ifadə verib. Yeri gəlsə, onları mən Naxçıvandan gətizdirərəm. Onların məhkəmədə dindirilməsini istəyirəm”.

 Mehman Səlimovun vəkili Ağaveys Şahverdi qısa çıxış edib: “Adı keçən şahidlər məhkəməyə gəlmirsə, onların ifadələri də sübutlar siyahısından çıxarılmalıdır. Gəlib məhkəmədə ifadə versinlər. Onların ifadəsinin elan olunmasına razı deyilik. Ötən prosesdə də şahidlərdən Rauf Aşurov istintaqa verdiyi ifadəsindən imtina edib”.

Uzun çək-çevirdən sonra məhkəmə yerində müşavirə edərək, həmin şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.

Bundan sonra Mehman Səlimovun vəkilləri vəsatətlərlə çıxış edib. Onlar Mehman Səlimovun rəhbəri olduğu “STJ” MMC-nin həyata keçirdiyi layihələrlə bağlı yeni ekspertizanın təyin olunmasını istəyiblər. Vəsatət baxılmamış saxlanılıb.

Vəkillər 2-ci vəsatətlərində Mehman Səlimov həbs olunduqdan sonra onun yarımçıq qalan işlərini davam etdirən podratçı şirkətlərin rəhbərlərinin əlavə şahid qismində məhkəməyə dəvət olunmasını istəyiblər. Bu vəsatət də baxılmamış saxlanılıb. Vəkil Ağayevs Şahverdi bu qərara etiraz edib: “İşin ədalətli araşdırılmasını istəyirsinizsə, təmin edin, araşdıraq”.

Vəkil hakimlər kollegiyasına etiraz edəcəklərini də bildirib: “Biz məsləhətləşib, gələn proses sizə etiraz edəcəyik. Bu cür cinayət işinə baxılmır”.

Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.

M.Səlimovun məhkəməsi ərəfəsində ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə açıqlamasında demişdi ki, Mehman Səlimovun həbsində böyük müəmmalar var və bunlara aydınlıq gətirilməsi vacibdir: “O, Azərbaycan ordusunun ən savadlı zabitlərindən olub. Hələ SSRİ dövründə Bakıda yerləşən dördüncü ordu rəisinin siyasi məsələlər üzrə müavini işləyib. Həmin dövrdə azərbaycanlıları orduda belə vəzifəyə qoymurdular. O, müstəqilliyimizin ilk illərində Prezident Aparatında yüksək vəzifədə çalışıb, hərbi sahəyə rəhbərlik edib. Mehman Səlimov Qarabağ müharibəsi zamanı da mühüm xidmətlər göstərib. Onun həbs olunmasının səbəbləri qaranlıqdır. Çünki ordu sıralarından 15 il əvvəl tərxis olunub. Mehman Səlimovun ordudakı fəaliyyətinə görə həbs olunması böyük sensasiya olardı”.

Üzeyir Cəfərov əlavə etmişdi ki, Mehman Səlimov müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olanda yaxşı işləyib, həmin dövrdə orduda intihar hallarının sayı çox az olub: “Mehman Səlimov ordudakı qanunsuzluqlarla mübarizə aparırdı, nizam-intizam təmin olunurdu. Bütün bunlara görə mərhum prezident Heydər Əliyev onu ”Azərbaycan bayrağı" ordeni ilə təltif etmişdi".

S.Əbiyevin müavini olmuş M.Səlimov məhkəmədə çarpışdığı bir vaxtda onun özünün kefdə-damaqda olması başadüşülən deyil. Səfər Əbiyevin nazirliyi dövründə Müdafiə Nazirliyində tüğyan edən korrupsiya faktlarının araşdırılması da vacibdir.

Əslində S.Əbiyevin həbs ediləcəyi haqda xəbərlər bir neçə ay öncə intensivləşmişdi. Lakin görünür, “MTN işi” bu məsələni arxa plana keçirib. Ancaq heç çübhəsiz ki, S.Əbiyevin məsələsi hər an yenidən qaldırıla bilər.

Criminal.az

Xəbər lenti