'Mirtağı Əsədov məhkəmədə ittihamları rədd etdi

'Mirtağı Əsədov məhkəmədə ittihamları rədd etdi
Загрузка...
 Bu gün, noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi-ndə "Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri Mirtağı Əsədov-a 30 sutka inzibati həbs cəzası verilməsini nəzərdə tutan qərardan verilmiş apellyasiya şikayətinə baxılıb. Bunu AzadlıqRadiosuna M.Əsədovun məhkəmədə iştirak etmiş ailə üzvləri bildiriblər.
Ailə üzvlərinin vurğulamasına görə, M.Əsədəov məhkəmədə çıxış edib, ona irəli sürülən ittihamları rədd edib.
"İttihamlara da təzyiq altında imza atmışam”
"Mənim həbs edilməyim, irəli sürülən ittihamlar quramadır. Məni Qazaxda, sərhəddə saxladılar. Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxladılar. Daha sonra aparıb Qazax rayon Polis Şöbəsinə təhvil verdilər. Məni oradan Bakıya, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ( BMCMİ) gətirdilər. İndiyə kimi də orda saxlanmışam. İttihamlara da təzyiq altında imza atmışam”, ailə üzvlərinin sözlərinə görə, dindar məhkəmədə belə deyib. 
Ailəsinin bildirməsinə görə, O, qanunvericilikdə nəzərəd tutulan hüquqlarının pozulduğunu dilə gətirib. Deyib ki, qanunvericilikdə 2 gün nəzərdə tutulsa da, onu Bakıya gətiririləndən bəri BMCMİ-də saxlayırlar.
"Mənə dövlət hesabına vəkil ayrımışdılar. Ancaq o, öz funksiyalarını yerinə yetirmir. Ailəm başqa vəkillə müqavilə imzalayıb. Ancaq nə onunla, nə də ailə üzvlərimlə görüşməyimə, telefonla danışmağıma imkan verilir”, yaxınlarının deməsinə görə, M.Əsədov daha sonra məhkəmədən barəsindəki qərarın ləğv edilməsini istəyib.
Vəsatətlər...
Ailə özvlərinin sözlərinə görə, M.Əsədovun vəkilləri məhkəməyə 6 vəsatət təqdim ediblər. Onların vurğulamasına görə, həmin vəsatətlər Dövlət Sərhəd Xidmətinə, Qazax rayon Polis Şöbəsinə sorğu verilməsi ilə bağlı olub. Vəkillər həmçinin, vəsatət veriblər ki, M. Əsədovun saxlanıldığı bildirilən ərazinin video görüntüləri istənilsin. Digər vəsatətlər isə əsasən M.Əsədovun həyat yoldaşının şahid qismində dindirilməsi və vəkili Elçin Sadıqovla konfidensial görüşməsinə imkan yaradılması ilə bağlı olub. Ailənin bildirməsinə görə, ancaq hakim İlqar Murquzovun sədrlik etdiyi məhkəmə kollegiyası bütün vəsatətləri qəbul etməyib. Məhkəmə həmçinin, Nərimanov Rayon Məhkəməsinin Mirtağı Əsədovla bağlı qərarını əsaslı hesab edib, onu qüvvədə saxlayıb. Məhkəmə prosesində Gürcüstanın Azərbaycandakı səfirliyinin atteşesinin də iştirak etdiyi deyilir. Ailə üzvləri M.Əsədova təzyiqlərdən narahat olduqlarını, Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdiklərini də qeyd ediblər.
Vəkil: Avropa Məhkəməsinə şikayət göndərəcəyik
M.Əsədovun ailəsinin müqavilə bağladığı vəkil Elçin Sadiqov isə AzadlıqRadiosuna açıqlamasında müdafiə etdiyi şəxsin Azərbaycan məhkəmələrinin onun barəsində çıxardığı qərarlarından narazı olduğunu bildirirb. Vəkilin deməsinə görə, M.Əsədov Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilməsini istəyib. "Məhkəmə qərarını aldqdan sonra Avropa İnsan hüquqları Məhkəməsinə şikayət göndərilməsini istəyir”, vəkil deyib. Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi, başqa aidiyyəti qurum və şəxslərdən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
"Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin” sədri Mirtağı Əsədovun noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd-buraxılış məntəqəsində saxlandığı bildirilirdi. Bu haqda həmin idarə açıqlama yaymışdı. Həmin açıqlamadan 4 gün sonra yaxınları bildirmişdilər ki, Mirtağı Əsədov inzibati qaydada 30 sutka həbs edilib. Həyat yoldaşı Şahanə Hacıyeva Əsədov haqqında məhkəmə qərarını əldə etdiyini bildirmişdi. O, qərarı noybarın 8-də Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyini deyirdi: "Gürcüstan vətəndaşı Əsədov Mirtağı 8 noyabr 2018-ci il tarixdə saat 12:30 radələrində Ə.Əlizadə küçəsi, ev 43 ünvanın yaxınlığında telefon ilə uca səslə nalayiq söyüşlər söyüb və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bununla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub”, xanımının deməsinə görə, qərarda yazılıb.
Xanımının vurğulamasına görə, məhkəmə hesab edib ki, protokolda ifadə edilənlər iclas zamanı öz təsdiqini tapıb. "Hakim Samir Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, Mirtağı Əsədov İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib”, xanımı vurğulayıb. Mirtağı Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi bildirilir. Onun ailəsi Azərbaycanda yaşayır. Verilən məlumata görə, o ailəsinə baş çəkməkdən ötrü ildə bir neçə dəfə Azərbaycana səfər edib.
Загрузка...
Загрузка...

Xəbər lenti