Minskdə 20-dən çox Azərbaycan vətəndaşı geri qayıda bilmir

Minskdə 20-dən çox Azərbaycan vətəndaşı geri qayıda bilmir
Загрузка...
 "Biz son pullarımızı xərcləyirik”
Belarusun paytaxtı Minskdə 20-dən çox Azərbaycan vətəndaşı vətənə qayıda bilmir. Onların arasında postsovet respubikalarında və Avropa ölkələrində təhsil alanlar da var. Bu barədə hazırda Minskdə olan Əvəz Məmmədov Meydan TV-yə danışıb. Norveçdə təhsil alan Əvəz Məmmədov bildirib ki, onlar Minskə gəlib və sonra Bakıya uçmalıydılar .
Onun sözlərinə görə, biletlərini də işlədikləri, oxuduqları ölkələrdəki Azərbaycan səfirliyinin tövsiyəsi ilə alıblar: "Mən Norveçdə təhsil alıram, həm də orda işləyirdim. Koronavirus infeksiyasına görə işlədiyim yer bağlandı. Azərbaycanın İsveçdə olan Skandinaviya üzrə səfirliyi ilə əlaqə saxladım. Dedilər ki, çarter uçuş olmayacaq. 25 və 29 mart tarixlərində Minsk vasitəsilə Bakıya tranzit uçuşlar olacaq, bilet alın gedin. 29 mart tarixinə bileti aldım, amma Minskdə "Belavia” şirkəti israrla deyir ki, AZAL uçuşlardan imtina edib. Belarusdakı səfirlik isə inkar edir ki, belə şey yoxdur. Hazırda burada Ukraynadan, İsveçdən olan 20-dən çox Azərbaycan vətəndaşı var. Biz son pullarımızı artıq xərcləyirik, hostellərdə qalırıq, səfir də bizi qəbul etmir.
Yalnız aprelin 1-də səfirliyin müşaviri M.Rüstəmov, konsul N.Cendirli və birinci katib C.İbayev bizi qəbul etdi”. Azərbaycanın Belarusdakı səfirliyinin saytında Belarusda müvəqqəti əsasda olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlara çağırış yerləşdirib. Bildirilib ki, Belarusda müvəqqəti əsasda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmalarını təmin etmək məqsədilə 21, 25, 29 mart tarixlərində Minsk-Bakı istiqaməti üzrə çarter reysləri həyata keçiriləcəkdir.
Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşları Səfirliklə qaynar xətt vasitəsilə əlaqə saxlamalı və "Belavia” şirkətindən göstərilən tarixlərə bilet əldə etməlidirlər. "Ancaq səfirlik Minskdəki azərbaycanlılara çarter reysinin ləğv olunduğunu bildirib və bütün məsuliyyəti "Belavia” şirkətinin üzərinə qoyub", - deyə Əvəz Məmmədov bildirib.
Meydan TV XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ilə əlaqə saxlayıb və azərbaycanlıların biletlərinin surətini nazirliyin rəsmisinə göndərib. L.Abdullayeva məsələni araşdıracağını vəd edib.

Xəbər lenti