Milli Platforma Baş Prokurorluğa çağırış etdi

Milli Platforma Baş Prokurorluğa çağırış etdi
"Bu mənəvi terror araşdırılsın"
"Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması son günlər bir qrup vətəndaşa, o cümlədən ictimai fəallara, QHT təmsilçilərinə və siyasətçilərə qarşı şantaj xarakterli intim videoların yayılmasını, onlara qarşı əxlaqsız kampaniyaların təşkilini qətiyyətlə pisləyir və bunları mənəvi terror hesab edir". Bu açıqlama Azərbaycan Milli Platformasının martın 30-da yaydığı bəyanatında əks olunub.
Bəyanatda xatırlanır ki, martın 28-də professor Cəmil Həsənlinin ailə üzvünün intim videoları yayılıb: "Hesab edirik ki, kimliyindən, statusundan asılı və siyasi mövqeyindən olmayaraq istənilən şəxsə qarşı bu cür çirkin kampaniyanın aparılması şəxsiyyətin və ləyaqətin alçaldılmasıdır, və belə addımlar cəmiyyətdə mövcud olan gərginliyi daha da artırır".
Milli Platforma bir daha Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsilə təmin edilməli olan şəxsi və ailə həyatına hörmət hüququnu, Azərbaycanın Konstitusiyasının 32-ci maddəsi ilə təmin edilməli olan şəxsi toxunulmazlıq hüququnu xatırladaraq, bu əməllərin Cinayət Məcəlləsinin 156-cı maddəsilə şəxsi həyata qarşı cinayət əməli olmasını qeyd edir.
Eyni zamanda məsələnin ictimai əhəmiyyətini vurğulayaraq aidiyyatı qurumları, xüsusilə də Baş Prokurorluğu bu əməllərlə bağlı cinayət işi açmağa, kibercinayətkarların tapılaraq cəzalandırılmasına çağırır. Bəyanata iqtisadçı Qubad İbadoğlu, ictimai fəallar Bəxtiyar Hacıyev, Elçin Abdullayev, Fuad Həsənov, Sevil Yüzbaşova, Aynurə Abdullayeva, Anar Məmmədli, Səbuhi Qafarov, Vüsalə Hüseynli, hüquqşünas Əliməmməd Nuriyev, İradə Cavadova, politoloqlar Leyla Əliyeva, Zaur Əkbər, və digərləri imza atıb.

Xəbər lenti