Milli Məclis Kamran Əliyevin baş prokuror təyin edilməsini dəstəkləyib

Milli Məclis Kamran Əliyevin baş prokuror təyin edilməsini dəstəkləyib
Загрузка...
Mayın 1-də Milli Məclis Kamran Əliyevin baş prokuror təyin edilməsinə razılıq verib. Qanunvericiliyə görə, ölkə prezidenti Milli Məclisin razılığından sonra Kamran Əliyevin təyinatı ilə bağlı sərəncam imzalayacaq. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynov bildirib ki, Kamran Əliyevin baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən müsbət qarşılanıb. Kamran Əliyev isə parlamentdəki çıxışında deyib ki, hazırda ölkədə sosial və iqtisadi çağırışları hədəfləyən islahatlar aparılır.
"İslahatlar Azərbaycan prokurorluğunu əhatə edir. Hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında mühüm və ümdə məsələlər qoyur,” o qeyd edib. Əliyev deyib ki, bundan sonra da Azərbaycan Baş Prokurorluğu göstərilən etimadı doğrultmaq üçün lazımi tədbirlər görəcək. "Azərbaycan prokurorluğu dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək," Əliyev bildirib.
Bundan öncə Azərbaycanın baş prokuroru Zakir Qaralov olub. Qaralov 2000-ci ildə bu vəzifəyə təyin edilib. Kamran Əliyev 1965-ci il noyabrın 18-də Balakən rayonunda anadan olub. 1987-ci ildə Rusiyanın İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rusiyanın Zabaykalye Nəqliyyat Prokurorluğunda müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda hüquq elmləri namizədi elmi dərəcəsi alıb. Daha sonra Azərbaycan Prokurorluğu orqanlarına işə qəbul olunub. 2007-ci ildən Azərbaycan baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışır.
Azərbaycan prezidentinin 5 avqust 2014-cü il sərəncamı ilə baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. Keçmiş müstəntiq Rüfət Səfərov hesab edir ki, yeni baş prokuror Zakir Qaralovun dövründə açıq qalan cinayət işlərini tamamlamalı, cinayətkarları həbsə məhkum etməılidir.
"Bunlardan biri "Monitor" jurnalının redaktoru, 2005-ci ildə güllələnən Elmar Hüseynovun qətlidir. Və ya yazıçı-publisist Rafiq Tağını bıçaqlayan şəxs hələ də azadlıqdadır, sifarişçilər də bəlli deyil. Zakir Qaralov siyasi hakimiyyətin aləti, Prezident Administrasiyasından gələn təlimatların mahir icraçısı olduğuna görə bu və buna bənzər səs-küylü cinayət işlərinin açılması, cinayətkarların ifşa edilməsi mümkün olmayıb. Bir neçə il öncə vətəndaş cəmiyyəti üzvlərinin həbsi, media mənsublarının təqibi hamının yadındadır. Onun çalışdığı dövrdə günahsız, təqsirsiz, müxalif düşüncəli insanlar repressiyalara məruz qalıb," Səfərov qeyd edib.
Zakir Qaralovun baş prokurorluğu dövründə həbs edilən və bu ilin aprelində Ali Məhkəmədə bəraət alan ReAL Partiyasının sədri İlqar Məmmədovun vəkili olmuş Xalid Bağırov hesab edir ki, baş prokuror cinayətkarlıqla sistemli mübarizə aparmalıdır. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun fikrincə, yeni prokuror təyinatı prezidentin 2019-cu ildən başladığı yeniləşmə siyasətinin ən mühüm göstəricilərindən biridir. "Ümid edirəm ki, yeni baş prokurorun gəlişi ilə bu qurumun imici, fəaliyyətinin əhatə dairəsi dəyişəcək, ictimai mənafelərin qorunması üçün daha ciddi addımlar atılacaq, Baş Prokurorluğun reputasiyası müsbətə doğru dəyişəcək,” o qeyd edib.

Xəbər lenti