Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib

Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib
Загрузка...

''Nazirin ''kölgə iqtisadiyyatı''nın 100 milyonlarla ölçməsi pozitiv addımdır''

Azərbaycanda "kölgə iqtisadiyyatı”nın aradan qaldırılması 2019-cu ildə xüsusi diqqət ayrılacaq prioritetlərdən biri olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf” forumunda deyib.

M.Cabbarov qeyd edib ki, uzun illər iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmuş "kölgə iqtisadiyyatı” qanuni əsaslarla işləyən sahibkarların əl-qolunu bağlamışdı:

"Elə bir vəziyyətlə üz-üzə idik ki, praktiki olaraq intizamla işləmək istəyən şirkətlər bazar paylarını itirməyə məhkum idilər. Uçot sisteminin iflic olması nəticə etibarilə vergi potensialının gizlədilməsinə, bazarın qeyri-sabitliyinə şərait yaradırdı”.

Nazirin sözlərinə görə, "kölgə iqtisadiyyatı” müxtəlif növ mənfi amillərin yaranmasına kömək edir:

"2018-ci ildə "kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması vergi xidməti üçün başlıca istiqamət oldu. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verildi, geniş maarifləndirmə işləri aparıldı. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmət sektoru, ticarət obyektləri şəbəkəsi kimi sahələrə nəzarət artırıldı. Uçot sisteminin bərpa edilməsi ilə bağlı tələblərimiz müəyyən müqavimətlə, bəzi hallarda narazılıqla qarşılandı. Kimsə bunu kampaniya xarakterli saydı, kimsə gözləməyə üstünlük verdi. Lakin düşünürəm ki, nəticə etibarilə qəbul edildi. Çünki hər kəs başa düşür ki, gec-tez qanunlar çərçivəsində işləməkdən daha faydalı yol yoxdur. Bulanıq suda balıq tutmaq zamanı bitib”.

Nazir onu da əlavə edib ki, biznes münasibətlərinin şəffaflaşdırılması məsələsində geriyə yol yoxdur:

"Ötən ilin yekunu üzrə iri topdansatış müəssisələrində 930 milyon manat, şəbəkə sistemli marketlər - 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manatdan artıq dövriyyələrin gizlədilməsi faktları aşkarlanıb. Bizim ilk funksiyamız bütün faktları aşkara çıxarmaq və müəssisələri vergiyə cəlb etməkdən ibarətdir”.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli xatırladıb ki, onlar illərdir "kölgə iqtisadiyyatı” barədə çıxışlar edirdilər:

"Amma bizə rəsmi reaksiya beləydi ki, doğru danışmırıq. Ölkədə "kölgə iqtisadiyyatı”nın böyük olması barədə deyilənlər yalandır. İndi rəsmən etiraf olunursa, müsbətdir. Çünki hər bir problemin həlli onun etirafından başlanır. Nazirin "kölgə iqtisadiyyatı”nın 100 milyonlarla ölçməsi pozitiv addımdır. Bunu problemin həllində ilk addım kimi dəyərləndirmək olar. Bütün hallarda prosesin davamlı olacağını düşünürəm. Ona görə ki, büdcənin formalaşması, indiki müasir xərclərə cavab verməsi üçün vergi daxilolmaları artmalıdır. Çünki gələcəkdə neft gəlirlərinin ciddi azalması gözlənilir. Yalnız qiymət məsələsi deyil, Azərbaycanda hasilatın həcmi də azalır. Ona görə vergi məsələsi önə çəkilməlidir”.

 

O hesab edir ki, hazırda ən böyük problem vergi qanunvericiliyinin son 3 ildə 400 dəfə dəyişdirilməsidir.

"Nəticədə Vergi Məcəlləsinin ruhu zədələnib. Bu baxımdan "kölgə iqtisadiyyatı” ilə mübarizə üçün hər kəsin anladığı dildə yeni, sadələşdirilmiş vergi sənədi hazırlanmalıdır. Əgər doğrudan "kölgə iqtisadiyyatı” ilə səmimi mübarizə aparılıcaqsa, ilk növbədə gömrük və vergi sənədləri yenidən yazılmalıdır. Əgər gömrük və vergi birləşdirilməsi baş versə, "kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasında ciddi institusional addım atmaq olar”.

Загрузка...
Загрузка...

Xəbər lenti