Meyxanaçı 30 sutkalıq həbs edilib

Meyxanaçı 30 sutkalıq həbs edilib
Загрузка...
 O, qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan saxlanılması və daışnmasında günahlandırılıb
Sumqayıt Şəhər Məhkəməsi aprelin 3-də "Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev haqda 30 sutka həbs qərarı çıxarıb. Məhkəmə Vüqar Abdullayevi İnzibati Xətallar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edib. Məlumatı ona.az yayıb.
Daxili İşlər Nazirliyinin (DİN) aprelin 1-də yaydığı məlumatda qeyd olunub ki, son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsünün yayılması ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub.
"Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini "Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı "Belamorkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.
Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib”.
Olayla əlaqədar martın 30-da Milli Məclisin deputatı Fazil Mustafa "Facebook” sosial şəbəkəsindəki profilində daxili işlər naziri Ramil Usubova tədbir görülməsi üçün müraciət etmişdi.

Xəbər lenti