Metropolitenin fəaliyyəti bərpa edilir

Metropolitenin fəaliyyəti bərpa edilir
Загрузка...
Giriş icazə ilə olacaq
Bakı Metropoliteninin fəaliyyəti mayın 9-da saat 06.00-dan etibarən bərpa ediləcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar verilib.
Qeyd olunub ki, Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir. Eyni zamanda, metronun stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir. "Sərnişinlərin metrostansiya ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir”,- NK-nin məlumatında bildirilib.
"Report”un məlumatına görə, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, stansiyaların girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq. "Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq”, - məlumatda deyilir.
Nazirlər Kabineti Azərbaycanda 5 aprel tarixindən hərəkət məhdudiyyəti ilə bağlı qərar qəbul edib.

Xəbər lenti