"Məsləhət gördü ki, yazmamışdan əvvəl cəbhəçilər, xüsusən də Sülhəddin Əkbərlə mütləq görüşüm"

Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Azərbaycandakı sovetdən qalma agent şəbəkəsi haqda müdhiş faktlar açıqlayıb. Criminal.az vəkilin həmin yazını təqdim edir.
Bir neçə dəfə 1990-cı illərin əvvəllərində baş verən, iştirakçısı olduğum hadisələrlə bağlı yazmağa söz versəm də əməl etməmişəm. Səbəblər çox müxtəlifdir, hər dəfə nəsə qarşımı kəsir, tərəddüd edirdim. Sülhəddin Əkbərin çıxışını dinlədikdən sonra yenidən yazmaq qərarına gəldim...
...90-cı ilin əvvəllərində prokurorluğun əməkdaşı idim, heç bir ictimai-siyasi fəallığım, xalq hərəkatına, müstəqillik uğrunda mübarizə aparan gizli təşkilatlara heç bir aidiyyatım yox idi, mitinqlərdə iştirak etmirdim. Amma ölkədəki vəziyyət də məni qane etmirdi. 1991-ci ilin sentyabr ayında QKÇP-dən dərhal sonra respublika prokurorluğunda tutduğum xüsusi ilə mühüm işlər üzrə müstəntiq vəzifəsindən öz xahişimlə azad edildim. Noyabr ayında vəkillər kollegiyasının üzvü oldum. İlk işlərimdən biri, bəlkə də birincisi DTK-nın həbs edilmiş və ağır cinayətlər törətməkdə ittiham edilən podpolkovnik rütbəli şöbə rəisinin müdafiəsi oldu. Yeri gəlmişkən, iş belə gətirdi ki, bundan sonra respublikanın həyatında mühüm əhəmiyyəti olan əksərn hay-küylü işlərdə vəkillik etmişəm (Xüsusi ilə mühüm işlər üzrə vəkil).
Qeyd etdiyim işlə bağlı müvəkkilimin danışdıqlarından sonra 1990-cı il yanvar faciəsini, bu faciə ərəfəsində və ondan bilavasitə sonra baş verənləri müstəqil araşdırmaq qərarı verdim və bir neçə ay ərzində xeyli məlumat topladım. Əldə etdiyim məlumatların bir hissəsini əsasən 1991-ci ilin oktyabr ayında fəaliyyətə başlayan, əməkdaşlıq etdiyim "MÜXALİFƏT" qəzeti və bir sıra digər qəzetlər, o cümlədən "FEMİDA" qəzeti dərc edirdi. Məhz bu yazılarım telestudiyanın enerji blokunun partladılması və Əjdər Xanbabayevin qətlə yetirilməsi barədə cinayət işləri üzrə istintaqın əsas istiqamətini müəyyən etdi. Məlumatların bir hissəsi DTK-nın AXC üzvləri ilə apardığı işlərlə, cəbhəçilərdən bəzilərinin DTK ilə əməkdaşlıq etməsi ilə bağlı idi. Çox maraqlıdır ki, 1992-ci ildə cəbhənin hakimiyyətdə olduğu vaxt Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti mənim barəmdə KİV-lərdə "istintaq sirrini yaydığıma görə" xüsusi qərar çıxarıb VK-ya göndərdi. Bu il yanvar ayının 24-də ölkədə 30 il əvvəl 1990- cı ildə baş vermiş bir sıra qətllər barəsində status paylaşdım.
Yazmışdım ki, "Əjdər Xanbabayev 30 may 1990-cı ildə qətlə yetirildi. Bundan bir neçə ay sonra 26 sentyabr 1990-cı ildə AXC-nin təşkilat şöbəsinin müdiri Arif Abdullayev öz mənzilində qətlə yetirildi. Onun ölümündən bir müddət sonra hakimiyyətə gələn cəbhəçilər bu qətlin açılmasına təşəbbüs göstərmədilər... " Sual vermişdim ki, Görəsən niyə? Statusa cəbhəçilərdən yalnız bir nəfər Xalq Cəbhəsinin yaradıcılarından olan hörmətli Hikmət Hacızadə reaksiya və şərh verdi, açığı başqalarının reaksiyasını heç gözləmirdim də.
Hikmət bəy yazırdı: "Adil bəy, sızə yanlış məlumat veriblər. AXC hakimiyyəti vaxtinda bu işlə bağlı xüsusi istintaq qrupu yaradılmışdı və istintaq gedirdi. Əfsus ki, bu qrup çox çalışsa da bu cinayətin nə günahkarlarını nə səbəbini aça bilməmişlər. Görünür ki, bu cinayətdə çox peşəkər qüvvələr iştirak etmişdilər".
Hikmət bəyin həqiqətən məlumatı olub-olmamasını öyrənmək üçün onunla görüşdüm. Məlum oldu ki, yazdıqlarım cəbhənin yaradıcılarından biri kimi onu məyus edib, amma iş barəsində demək olar ki, bilgisi yoxdur. Hikmət bəy məsləhət gördü ki, nəsə yazmamışdan əvvəl həmin dövrdə hakimiyyətdə mühüm post tutan cəbhəçilər, xüsusən də Sülhəddin Əkbərlə mütləq görüşüm.
DAVAMI OLACAQ

Xəbər lenti