Məmməd İbrahimin məhkəməsi başlayır

Məmməd İbrahimin məhkəməsi başlayır
Загрузка...
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, həbsdən buraxılmasına iki gün qalmış haqqında yeni cinayət işi başlanan Məmməd İbrahimin məhkəməsi başlayır. Həbsdəki siyasətçi barəsində açılmış yeni cinayət işinin istintaqı başa çatıb, iş baxılmasından ötrü Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin məlumatına görə, M.İbrahim Cinayət Məcəlləsinin 317-2.1-ci (Həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsi ilə ittiham edilir. Cinayət işi hakim Ceyhun Qədimovun sədrlik etdiyi məhkəmə kollegiyasının icraatına verilib. İş üzrə hazırlıq iclası noyabrın 19-da keçiriləcək. Bu ittiham təsdiqlənərsə, ona daha 6 ay həbs cəzası verilə bilər.
Xatırlatma
M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib. Həmin cəza sentyabrın 29-da başa çatıb.
AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. M.İbrahim isə bəyan edib ki, yatağından tapıldığı iddia olunan alətin ona aidiyyəti yoxdur. AXCP funksionerinin sözlərinə görə, həmin aləti onun həbsdən çıxmasının qarşısını almaqdan ötrü siyasi sifarişlə elə cəzaçəkmə müəssisəsinin əməkdaşları qoyub. Penitensiar Xidmətdən isə onun dediklərini əsassız sayıblar.
Загрузка...
Загрузка...

Xəbər lenti