Məmməd İbrahimə 5 ay 22 gün həbs verildi

Məmməd İbrahimə 5 ay 22 gün həbs verildi
Загрузка...

2015-ci ilin sentyabrından həbsdə olan AXCP sədrinin müşaviri Məmməd İbrahimə daha 5 ay 22 gün həbs cəzası verilib. Yanvarın 10-da Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimov belə hökm çıxarıb.

Məhkəmə onu cəzaçəkmə müəssisəsində yatağında bıçaq tiyəsi gizlətməkdə təqsirli sayaraq, CM-nin 317-1.2 maddəsi ilə 5 ay 20 gün cəza təyin edib. İki gün isə onun əvvəlki cəzasından qalan günlərdir.

Xatırlatma

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahimin ittiham olunduğu 317-1.2 (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub.

M.İbrahim ittihamı rədd edir və bıçaq tiyəsinin onun yatağına həbsdən çıxmasının qarşısını almaq məqsədilə müəssisənin əməkdaşları tərəfindən atıldığını bildirir.

Penitensiar Xidmət isə M.İbrahimin bu barədə söylədiklərini əsassız sayır.

Загрузка...
Загрузка...

Xəbər lenti