Məmməd İbrahim: Axtarış aparanın əlləri əsirdi

Məmməd İbrahim: Axtarış aparanın əlləri əsirdi
Загрузка...

Məhkəmə vəkilin vəsatətlərini təmin etməyib

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 16 saylı cəzaçəkmə müəssisəsində onun yatağından bıçaq tiyəsinin necə tapılmasından danışıb. O, noyabrın 28-də Suraxanı Rayon Məhkəməsində ifadə verib.

M.İbrahim Cinayət Məcəlləsinin 317-1.2 (həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, saxlaması) maddəsilə ittiham olunur.

Hakim Ceyhun Qədimovun sədrliyilə keçirilən məhkəmədə M.İbrahimin vəkili Cavad Cavadov onun ev dustaqlığına buraxılması, məhkəmə zalında onun dəmir qəfəsdə yox, müdafiəçisinin yanında əyləşməsinə icazə verilməsi, prosesin audio və video yazısına şərait yaradılması, yataqdan bıçaq tiyəsi tapılması barədə protokolun sübutlar siyahısından çıxarılması və 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Əfqan Muxtarlının şahid qismində dindirilməsi barədə vəsatətlər qaldırıb.

Hakim vəsatətləri təmin etməyib.

Daha sonra məhkəmədə M.İbrahim ifadə verib. O bildirib ki, günorta saat 2 radələrində nahardan sonra idman zalına gedərkən adının çağrıldığını eşidib. Əvvəl düşünüb ki, idmandan sonra getsin, sonra bu fikrindən daşınıb. Dərhal gedib. Ona məlum olub ki, qaldığı yerdə axtarış aparılır: "Mehman Ələkbərov irəlidə idi. Əsirdi. Cəzaçəkmə müəssisəsində əməkdaşlarla münasiətlərim yaxşı olub, həmçinin onunla da. Axır vaxtlar məni görəndə fərqli davranırdı. Sonradan başa düşdüm ki, buna görə imiş. Həmin gün də axtarış vaxtı əlləri əsirdi. Yatağımın yanında onu belə görəndə artıq başa düşdüm ki, mənə nəsə hazırlanır”.

M.İbrahimin sözlərinə görə, döşəkdə payaya bənzər, uzun bir tiyə çıxarıblar. Lakin M.Ələkbərov birinci dəfə axtarıb heç nə tapmayanda arxadan ona deyilib ki, bir daha baxsın. İkinci dəfə tiyə çıxıb.

M.İbrahim məhkəmədə bildirib ki, həmin tiyə onu tapanların özləri tərəfindən döşəyin içinə qoyulub: "Əgər bir neçə gün əvvəldən orada olsaydı, ən azı, yatanda onu hiss eləyərdim. Güman ki, həmin gün qoyulub”.

M.İbrahim əlavə edib ki, ona qarşı bu cür davranışın səbəbi siyasi baxışlarıdır: "Belə yollarla mənim həbsdən çıxmağımın qarşısını almaq istəyirlər”.

Məhkəmədə vəkil Cavad Cavadov M.İbrahim haqqında cinayət işinin istintaqını aparıb, ittiham aktını tərtib etmiş müstəntiqin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, müstətiq M.İbrahim haqqında onun sələfi təriqətinə mənsub qatı dindar olması, hökumət əleyhinə təbliğat aparması barədə fikirlər yazıb. Ona görə də məhkəməyə gəlib yazdıqlarını əsasladırmalıdır.

Bu vəsatət də təmin edilməyib.

Növbəti məhkəmə iclası dekabrın 4-nə təyin olunub.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki gün qalmış barəsində Cinayət Məcəlləsinin 317-2.1 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Haqqında yenidən iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı İstintaq Təcridxanasında saxlanılır.

Cinayət Məcəlləsinin 317-1.2 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Загрузка...
Загрузка...

Xəbər lenti