Mehman Hüseynova azadlıq tələb edənləri polis saxlayıb Mehman Hüseynova azadlıq tələb edənləri polis saxlayıb

Mehman Hüseynova azadlıq tələb edənləri polis saxlayıb
Загрузка...

Bu gün, yanvarın 3-də bir qrup ictimai fəal 2 illik həbs cəzasının başa çatmasına bir neçə ay qalmış əlavə ittihamla üzləşən bloqqer Mehman Hüseynovun azadlığa buraxılması tələbiylə Bakıda, metronun «Neftçilər» stansiyası yaxınlığında aksiya keçiriblər. Onlar əllərində M.Hüseynovun plakatlarını tutaraq «Mehmana azadlıq», «Azadlıq» şüarları səsləndiriblər.

Aksiya iştirakçılarından biri hadisə yerində olan media mənsublarına belə açıqlama verib: «Biz Mehmana azadlıq tələb edirik, adam həbsdə artıq bir həftədən çoxdur ki, aclıq edir. Aclıq etməsinə də səbəb budur ki, həbsdən çıxmasına 2 ay qalmış ona yeni cinayət işi açıblar. Onu azadlığa buraxmaq istəmirlər. Ona görə ki, Mehman ölkədəki korrupsiyanı, rüşvəti ifşa edirdi. Biz korrupsionerləri, rüşvətxorları, oğruları müdafiə etmirik. Əksinə, bu faktları ifşa edən bir media nümayəndəsini müdafiə edirik».

Aksiyaya polis müdaxiləsi olub. Polis aksiya iştirakçılarından Dilarə Miriyevanı, Fatimə Mövlamlını və bir çox şəxsi saxlayıb.

Saxlananların arasında bir neçə media nümayəndəsinin də olduğu bildirilir.

Hələlik, baş verənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Rəsmi məlumata görə, M.Hüseynova Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə yenidən cinayət işi başlanıb. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyir.

Bloqqerin yeni ittihamla üzləşdiyini onun vəkilləri də təsdiq edib. Amma vəkilləri başqa, oxşar maddədən bəhs ediblər.

«Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir», -deyə vəkili Ş.Hümbətova bildirib.

Vəkillərinin bildirməsinə görə, M.Hüseynov yeni ittihamı qurama sayaraq etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başlayıb. Bloqqerin yaxınları bu üzdən onun səhhətinin ağırlaşdığını bildirmişdilər. Ancaq Penitensiar Xidmətdən yanvarın 1-də bildiriblər ki, M.Hüseynov yemək qəbul edir.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.


Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

Загрузка...
Загрузка...

Xəbər lenti