Mehman Hüseynov 7 gündür aclıq aksiyası keçirir

Mehman Hüseynov 7 gündür aclıq aksiyası keçirir
Загрузка...

Qardaşı: ''Mənim təkidli tələblərimdən sonra, o, quru aclığı dayandırdı və maye qəbul etməyə başladı''

Bloger Mehman Hüseynov yeddinci gündür ki, aclığı davam etdirir. Ancaq dekabrın 30-da siyasi mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynovun təkidilə səhhətinin kritk olması ilə əlaqədar quru aclığı dayandırıb.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov "Turan”a bildirib:

"Dünən biz telefonla danışdıq. Quru aclığın beşinci günündə Mehmanın halı pisləşib. Mehman damarların varikoz genişlənməsindən əziyyət çəkir, bədənin susuzlaşmasından demək olar ki, ayaqları tutulub. Bundan əlavə, bayılıb və həkim çağırıblar. İynə vurublar ki, Mehman özünə gəlsin. Mənim təkidli tələblərimdən sonra, o, quru aclığı dayandırdı və maye qəbul etməyə başladı. Altıncı, yeddinci günlər orqanizmdə geriyə dönməz proseslər baş verir və onun həyatını xilas etmək mümkün olmazdı. Mən onu maye qəbul etməyə və mübarizəni davam etdirməyə razı saldım. O ölməməlidir, yaşayıb öz işini davam etdirməlidir”.

Qardaşı M.Hüseynova qarşı açılmış cinayət işini "görünməmiş özbaşınalıq, hüquq və ifadə azadlığının ələ salınması" adlandırıb.

"Təəssüf ki, hələlik bu repressiv akt Mehman Hüseynovun hüquqlarının pozulmasına son qoyulması ilə bağlı hakimiyyətə qarşı lazımi beynəlxalq qınaq, mühakimə və tələbi almayıb. Hələlik buna Sərhədsiz Reportyorlar, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir reaksiya veriblər. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hesab edir ki, bayram olmasına baxmayaraq, beynəlxalq təşkilatlar və demokratik ölkələrin hökumətləri növbəti repressiya aktını operativ olaraq pisləməli və Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırmalıdırlar".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov yanvarın 1-də «Turan»a blogerin səhhətində problem olmadığını deyib:

"Mehman Hüseynov qida və su qəbul edir. Onun səhhətində hər hansı problem yoxdur. Hüseynovun vəkilləri ilə görüşləri olur. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq o, telefon danışıqlarından istifadə edir".

Mehman Sadıqov blogerin 1 saylı Bakı İstintaq (Kürdəxanı) Təcridxanasına köçürüldüyü haqqında məlumatı təsdiq edib.

Dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb. Penitensiar Xidmətin yaydığı məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. İlkin məlumatda blogerə qarşı irəli sürülmüş maddə 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) kimi göstərilmişdi.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.
Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Загрузка...
Загрузка...

Xəbər lenti