Məhkəmə Saleh Rüstəmliyə qarşı ittihamı dəyişdirdi

Məhkəmə Saleh Rüstəmliyə qarşı ittihamı dəyişdirdi
Загрузка...
 AXCP üzvlərinin şikayəti təmin olunmadı
Sentyabrın 24-də Ali Məhkəmədə AXCP-yə maliyyə yardımına görə cəzalandırılan Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli və partiyanın üç funksioneri – Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlinin şikayətinə baxılıb. Hakim Əli Seyfəliyevin sədrliyilə keçirilən məhkəmənin sonunda hökmə S.Rüstəmliyə aid hissəyə dəyişiklik edilərək, cəzası 7 il 3 aydan 7 il 1 aya endirilib.
Məhkəmədə hakim məlumat verib ki, S.Rüstəmli və A.Məhərrəmli məktub göndərib, şikayətlərinə baxılarkən özlərinin də iştirakının təmin olunmasını istəyiblər.
Vəkillər bildirib ki, şəxsin istəyidirsə, təmin olunmalıdır. Lakin məhkəmə onların iştirakı olmadan baxılmasına qərar verib. Vəkillərdən Cavad Cavadov çıxışında bildirib ki, sonradan AXCP funksionerlərinin həbsinə zəmin yaratmaq üçün əvvəlcə S.Rüstəmlini narkotik ittihamıyla həbs ediblər.
İş materiallarında onun Şəmkirdə parkda saxlandığı yazılsa da, əslində, o, qardaşı və həyat yoldaşıyla maşınla gedərkən Şəmkir postunda saxlayıb, zorla düşürüb aparıblar.
Vəkilin sözlərinə görə, qardaşının onun yerini öyrənmək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib: "Məhkəmədə vəsatətlər qaldırıldı ki, həmin ərazidə kamera görüntülərinə baxış keçirilsin".
İttihamların heç bir hüquqi əsası olmadığını deyən vəkilin sözlərinə görə, məhbus ailələrinə yardım məqsədilə könüllü şəkildə verilmiş ianələrin AXCP-yə çatdırılmasını qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi qələmə vermək absurddur:
"Hətta ianə verənlərdən biri məhkəmədə dindiriləndə dedi ki, Ramazan ayı idi, fitrə kimi verdim".
S.Rüstəmlinin vəkili Bəhruz Bayramov bildirib ki, müvəkkili Rusiya vətəndaşıdır, orada yaşayıb, kiçik sahibkarlıqla məşğul olub. Rusiyadan da rəsmi məktub verilib ki, orada heç bir qanun pozuntusuna yol verməyib: "Adam Azərbaycanda fəaliyyət göstərmədiyi halda, onu burada qanunsuz sahibkarlıqda ittiham edirlər".
S.Rüstəmlinin AXCP-yə maliyyə yardımına görə bütün qohum-əqrəbasının əmlaklarının, hətta bacısı qızının mülkünün, atasının 1955-ci ildə aldığı evin də müsadirə edildiyini deyən vəkil bunun qanunsuz və əsassız olduğunu vurğulayıb.
"Azərbaycanla Ermənistan arasındakı müharibə tariximizdə ən uğurlu əməliyyatlardan biri Başkənd əməliyyatıdır. 46 kvadrat kilometr ərazimiz azad edilib. Həmin əməliyyatın təşkilatçısı da Saleh Rüstəmli olub. Pullar siyasi məhbus ailələrinə yatdım məqsədilə göndərilib. Amma istintaq məbləği şişirdib 712 min eləyib. Absurddur", - deyə B.Bayramov bildirib.
Vəkil Fəxrəddin Mehdiyev bu hökmün ədalətsiz olduğunu söyləyib: "Bu adamlar kimə və nədə ziyan vurublar? Bu işdə çox ciddi pozuntulara yol verilib. Bu adamlar cəmiyyətimizin qızıl sərvətidir, amma belə insanları biz məhkum edirik".
Vəkillər cinayət tərkibi olmadığına görə işə xitam, müvəkkillərinə isə bəraət verilməsini istəyiblər. Ali Məhkəmə yalnız S.Rüstəmliyə qarşı 1 ittihamı dəyişib - Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik) maddəsilə ittiham 234.1 maddəsinə tövsif olunub. Bakı Ağır Cinahətlər Məhkəməsinin ona təyin etdiyi 7 il 3 aylıq cəza da 2 ay azaldılıb. Qalan hissədə isə hökm dəyişməyib. Rusiya vətəndaşı olan və ötən il mayın əvvəlində Azərbaycana gələn S.Rüstəmli mayın 8-də narkotik ittihamıyla həbs olunub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib. Mayın 25-də isə AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Rüslan Nəsirli həbs edilib. Həm S.Rüstəmligilə, həm də cəbhəçilərə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamları verilib. İddia olunur ki, S.Rüstəmlİ Rusiyadan AXCP-yə 712 min manat göndərib. Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. S.Rüstəmli bildirib ki, AXCP üzvü olub, 1998-ci ildən ailəsilə Rusiyaya köçərək, kiçik bizneslə məşğul olub. Son iki-üç ildə qazancından Azərbaycanda siyasi məhbus ailələrinə yardım edib. Onun sözlərinə görə, indiyədək göndərdiyi ümumi məbləğ 10 min dollardan çox olmaz. Bu həbslərdən sonra AXCP sədri Əli Kərimli də bənzər açıqlama verərək bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdur. Onun sözlərinə görə, S.Rüstəmli 500-1000 dollar olmaqla, bir neçə dəfə yardım göstərib: "Ümumi məbləğ təxminən 5-6 min dollar olar". Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə isə şərti cəza verilib. S.Rüstəmlinin bacı və qardaşlarına, onların övladlarına məxsus xeyli əmlak müsadirə olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti