"Məhkəmə bu saxtakarlığı mənə qarşı əsassız hökmü ört-basdır etmək üçün edib"

Загрузка...
Bir neçə gün əvvəl Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti azadlıqdan məhrum edilən Bastainfo.com saytının baş redaktoru məhkəmə protokollarının saxtalaşdırıldığını deyir. Baş redaktor "facebook" profilində yazdığı qeydləri təqdim edirik:
"Bu gün Ağır Cinayətlər Məhkəməsində mənim işim üzrə məhkəmə protokolu ilə tanış oldum.
Protokol başdan ayağa saxtalaşdırılıb:
- İttiham tərəfinin cəlb etdiyi şahidlərin ifadələri tam olaraq dəyişdirilib. Onların öz ifadəsində demədiyi sözlər protokola salınıb. Dedikləri sözlər isə protokola salınmayıb. Şahidlər ifadə verərkən rabitəsiz 10-15 söz dedikdən sonra susmuşdular. Onları suallarımızla biz danışdırmağa çalışmışdıq. Protokola isə onların adından konkret tarixlər və məqalələr, saytın adı və s. göstərilməklə ifadələr yazılıb.
Şahidlərin dindirilməsi zamanı sual-cavab hissəsində mənim və vəkil Osman Kazımovun bütün sualları çıxarılıb - protokola yazılmayıb. 
Şahidlərdən birinin "mən bura müsavatçılarla davaya gəlmişəm" ifadəsi protokola salınmayıb. 
Digər iki şahid yalnız "Elmar Vəliyevin yıxılması" yazısından narahat olduqlarını demişdilər (bu məqalə ittiham aktına salınmamışdı). Amma yazılan protokolda şahidlərin guya iki məqalənin adını çəkdiyi göstərilib.
- Mənim məhkəmə boyunca "bu iş sifarişlidir", "bu cinayət işi  siyasi senzuranın nəticəsi olaraq qaldırılıb" deməyim protokolda əks olunmayıb. 
- Bir sıra vəsatətlərimiz protokola salınmayıb. O cümlədən mənim timsalımda təqsirsizlik prezumsiyasının Baş prokurorluq tərəfindən pozulmasının məhkəmə tərəfindən tanınması haqqında vəsatət; Müstəqil ekspertlərin cəlb olunması haqqında vəsatət; Mənim məsuliyətə cəlb olunmağımla bağlı müstəqil ekspertlərin məqalələrinin cinayət işi materiallarına əlavə olunması haqqında vəsatət  və s. protokola ümumiyyətlə salınmayıb.
- Protokol qanunla nəzərdə tutulan qaydada səhifələnməyiib. Osman Kazımovun yazılı vəsatətləri və mənim məhkəmədəki çıxışımın yazılı mətni protokolun arasına daxil edilsə də, bu sənədlər protokolun sıra nömrəsinə daxil edilməyib. Bu o deməkdir ki, mən protokola tanış olduqdan sonra bu sənədləri çıxarıb ata da bilərlər. 
Bəlkə də bu məqsədlə mənim 26 səhifəlik geniş çıxışımdan qısa - 1 səhifəlik rezume yazıblar. Amma bu rezumedə nəinki mənim dediyim əsas məsələləri salmayıblar, hətta mənim demədiyim sözləri yazıblar. 
Məhkəmə bu saxtakarlığı mənə qarşı əsassız hökmü ört-basdır etmək üçün edib. 
Bu pozuntu mənim üçün yenilikdir. Bu pozuntunu necə aradan qaldırmaq olar? Hüquqşünasların məsləhətinə ehtiyacım var".
Загрузка...
Загрузка...

Xəbər lenti