Məhbusun qardaşı: "Hər dəfə Salehlə danışanda deyirdi ki, burada xəstəlik var, camaat qızdırmadan qırılır"

Məhbusun qardaşı:
Загрузка...
 Əliməmməd Nuriyev: "Ola bilər ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı olmasın"
"Hər dəfə Salehlə danışanda deyirdi ki, burada xəstəlik var, camaat qızdırmadan qırılır", - 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov deyir.
Onun sözlərinə görə, həm qardaşından, həm də digər şəxslərdən sözügedən cəzaçəkmə müəssisəsindən hər gün 15-20 məhbusun koronavirusa görə xəstəxanaya aparıldığını öyrənib.
Taleh Rüstəmov deyib ki, onun qardaşı da daxil olmaqla 8 nəfərdən Covid-19 analizi götürülüb, bundan sonra digər 7 nəfəri xəstəxanaya aparıblar. Lakin onların nəticələri barədə digər məhbuslara məlumat verilməyib. "Saleh dedi ki, 2 gun sonra həmin 7 nəfəri apardılar. Gedənlər də geri qayıtmır. Onunla 3 gün əvvəl danışanda dedi ki, koronavirusa görə 20 məhbusu aparıblar, başqaları dedi, dünən 90 nəfəri aparıblar. Deyirlər, həbsxanada xəstəlik 1 aydan çoxdur var, amma təxminən 1 həftədir ki, hər gün 15-20 məhbusu xəstəxanaya aparırlar. 33 nəfər deyirlər, azı 200-300 xəstə var".
Ədliyyə Nazirliyi 13 saylı cəzaçəkmə müəssisəsi də daxil olmaqla yoxlanılan məhkumlardan 33-də "koronavirusun göstəricilərinin müsbət çıxdığını" bildirib. Nazirlik virusa yoluxmuş şəxslərin xəstəliyi simptomsuz keçirdiyini, vəziyyətlərinin tam nəzarətdə olduğunu açıqlayıb.
Ədliyyə Nazirliyinin məlumatında bildirilir ki, xroniki xəstəliklərinə görə cəzaçəkmə müəssisəsindən kənarda müalicə alan bir məhkumda koronavirus infeksiyası aşkarlanıb.
"Eyni zamanda qeyd edilən müəssisədə saxlanılan bütün digər məhkumlar və əməkdaşlar izolyasiya olunaraq onlardan testlər götürülüb və virusa yoluxma qeydə alınmayıb. Bununla yanaşı, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur", - Ədliyyə Nazirliyi bildirib.
Məhbusların koronavirusa yoluxduğu elan olunmazdan bir gün əvvəl Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Azadlıq Radiosuna açıqlamasında 13 saylı cəzaçəkmə müəssisəsində məhkumların virusa yoluxması barədə iddiaları təkzib etmişdi. O demişdi ki, "ümumiyyətlə, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan məhkumlar arasında belə hal yoxdur".
Penitensiar Xidmətdən koronavirusa yoluxmuş məhbusların sayının çox olması ilə bağlı iddialara cavab almaq mümkün olmayıb.
"Ancaq 1 həbsxanada aşkarlanıb"
Ədliyyə Naziri yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı deyir ki, koronavirus infeksiyasının yayılması ilə bağlı məhbusların ailələri narahatlıq keçirir. O, koronavirus müəyyən edilmiş 33 məhbusun xüsusi müalicə mərkəzinə köçürüldüyünü bildirir. "Koronavirus infeksiyası ancaq 13 saylı cəzaçəkmə müəssisəsində aşkarlanıb. Virusun həbsxanada yayılmasının qarşısı alınıb və bu istiqamətdə sərt tədbirlər görülüb".

Saleh Rüstəmov
"1400 nəfərlik yerdə qorunmaq qeyri-mümkündür"
Taleh Rüstəmov deyir ki, qardaşı ona həbxsanada koronavirusdan qorunmağın "mümkün olmadığını" deyib.
"Saleh deyir ki, 4-5 nəfərlik otaqlarda özümüzü qoruya bilərik, amma 1400 nəfərlik yerdə bu, qeyri-mümkündür. O deyir ki, hər gün həbsxananın yeməkxanasında və digər yerlərində məhbuslarla qarşılaşırıq. Həbsxanaya içəriyə sovqat buraxmırlar deyə hər gün ticarət köşkünə getməli olurlar".
Taleh Rüstəmov 13 saylı cəzaçəkmə müəssisəsinin ticarət köşkündə pandemiya ilə bağlı qiymətlərin 2-3 dəfə bahalanmasından və həbsxanaya dərman və gigiyenik vasitələrin qəbulunun dayandırılmasından da şikayətçidir.
"Nə sabun, nə tibbi maska, nə dərman, heç nə verə bilmirik. Sovqat qəbulu dayandırılandan sonra apardığım qızdırma düşürən dərmanları, sabunları qəbul etmişdilər, amma son apardığım dərmanları götürmədilər. Ticarət köşkündə məsələn, kartofu 5 manata, siqareti 10 manata satırlar. Əgər əvvəl məhsullar çöldəki qiymətə nisbətən 2 dəfə baha idisə, indi həmin qiymətdən də 2-3 qat bahalandırıblar".
Taleh Rüstəmov deyir ki, qardaşı cəzaçəkmə müəssisəsinin həkimlərinin məhkumları yoxladıqlarını, analiz götürdüklərini deyir. Lakin o nə qardaşının, nə də digər məhkumların sabun və digər gigiyenik vasitələrlə təmin olunmadığını söyləyir. Penitensiar Xidmət "bütün məhbusların sabun və digər gigiyenik vasitələrlə pulsuz təmin olunduğunu" bildirir. Həbsxanalarda vəziyyət:
"Sabunu məhbuslar özləri alırlar, spirt, maska yoxdur"”
Ədliyyə Nazirliyi deyir ki, vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, gətirilən sovqatların qəbul edilməsi pandemiya ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.
Ədliyyə Nazirlii yanında İctimai Komitənin üzvü Sahib Məmmədovun sözlərinə görə, sosial izolyasiya tədbirləri səbəbindən cəzaçəkmə müəssisələrində monitorinq apara bilmirlər. O, bu cəzaçəkmə müəssisələrində bu günədək virusun aşkarlanmamasının "görülən tədbirlərlərin nəticəsi" olduğunu deyib.
"Cəzaçəkmə müəssisələrinin işçi heyəti xarici aləmlə təmasdadır. Hələ virusun mənbəyi ilə bağlı rəsmi məlumat verilməyib, amma görünür, virus işçi heyət vasitəsilə yayılıb", - Sahib Məmmədov söyləyib.
Cənab Məmmədov deyir ki, koronavirus aşkarlanan bütün məhbusların ailə üzvlərinə bu barədə məlumat verilməlidir. Sahib Məmmədov koronavirus aşkarlanmış cəzaçəkmə müəssisələrində müəyyən qaydalar çərçivəsində xüsusilə yaxşı və xəstə məhbusları pandemiya ilə əlaqədar vaxtından əvvəl azadlıqdan şərti azad etmək və ya məhbusları testdən keçirməklə digər müəssisələrə köçürmək olar. Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Azərbaycanda indiyədək 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbər lenti