Lənkəranskinin adamı, "Neon"un mühafizə rəisinin cinayət işi: "Quli"yə sui-qəsd ittihamı ilə də saxlanılmışdı

Lənkəranskinin adamı,
Загрузка...
Bakıda törədilən silahlı qətlin maraqlı təfərrüatları məlum olub. Təqsirləndirilən şəxslərdən birinin adı idaha əvvəl baş verən kriminal hesablaşmalarda keçir. O, mərhum Rövşən Lənkəranskinin rəhbərlik etdiyi kriminal qruplaşmaya yaxınlığı ilə tanınır. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Əli Abdullayev, Ülvi Hüseynov və İlqar Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bu cinayət hadisəsi ilə bağlı yayılmış rəsmi məlumatda göstərilir ki, 2019-cu il iyunun 24-də rayonun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahədə dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsinə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilikdə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb edilib. qətl hadisəsində istifadə etdikləri "Glock” markalı tapançanın gizlədildiyi yeri göstərib. Elan olunmuş ittihamla İlqar və Ülvi özlərini qətiyyən təqsirli bilməyiblər. Əli Abdullayev isə özünü qismən təqsirli bilib. Deyib ki, mərhumu öldürmək niyyəti olmayıb və bu işdə Ülvi və İlqarın günahı yoxdur. Sərbəst ifadə verən Ülvi Hüseynov deyib ki, taksi fəaliyyəti ilə məşğul olub. O, daha əvvəl də "Neon" restoranında çalışdığını və Əli Abdullayevlə həmin ərəfədə tanış oldiğunu deyib.
Ülvi bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan ərəfədə Əli Abdullayev və ailəsinə də taksi sürücüsü kimi xidmət edib. Hadisə günü baş verənlərdən danışan Ülvi qeyd edib ki, həmin gecə Əli Abdullayevin ailəsini evlərinə aparıb. Orada onları Əli qarşılayıb və deyib ki, onu da işə aparması üçün gözləsin: "Mən orada gözləyirdim. Sonra Əli mənə dedi ki, məhəllədə olan şəxsin hansı istiqamətə getdiyinə baxım. Mən də baxıb, ona dedim".  
Suallara cavab verən Ülvi deyib ki, mərhum Samirin izlənməsi ilə bağlı Əli Abdullayevdən heç bir tapşırıq almayıb. Amma onun istintaqda fərqli ifadə verdiyi, Samiri izlədiklərini dediyi məlum olub. Bu ziddiyyətlə bağlı danışan Ülvi bildirib ki, istintaqda təzyiqlə üzləşib və belə bir ifadə verməyib. Daha sonra Əli Abdullayev ifadə verib. İttiham tərəfi Əlini bu cinayətin əsas təşkilatçısı kimi məsuliyyətə cəlb edib. O, deyib ki, həbs edilənə qədər "Neon" şadlıq sarayının mühafizə xidmətinin rəisi işləyib. Daha əvvəl isə polis əməkdaşı olub. Sərbəst ifadə verən Əli deyib ki, mərhum son bir neçə gün ərzində onu izləyirmiş.
Onun sözlərinə görə Samir Hüseynovun onu izləməsindən ehtiyat edib və ailəsi üçün təhlükə yaratmasından qorxub: "Mən işlədiyim restorana yaxın yerdə kirayədə yaşayırdım. Hər gün, hər saat işə gedib-gəlirdim. Oranın bütün mühafizəsi mənim nəzarətimdə idi. Son günlər mərhum məni izləyirdi. Artıq dördüncü dəfə məni izlədiyini, ailəmə yaxınlaşdığını gördüm. Sonradan adının Samir olduğunu bildiyim şəxsi ilk dəfə yaşadığımız binanın həyətində gördüm. Yoldaşımla həyətdə oturanda biz tərəfə yaxınlaşıb 6-7 metr məsafədə oturdu. İlk dəfə təsadüf olduğunu düşündüm. Bir neçə gün sonra onu yenə də binanın yaxınlığında gördüm. Üçüncü dəfə də biz binanın qarşısında maşına minəndə bu qaçaraq məhəlləyə gəldi. Sanki bizim çıxacağımız vaxtı dəqiq bilməmişdi, gecikmişdi. Sonuncu dəfə də hadisə günü onu gördüm. Axşam yoldaşımla binanın həyətində oturmuşduq. Sakitçilik idi və ayaq səslərini eşidirdim. Kiminsə bizə yaxınlaşdığını bildim. Ayağa qalxıb gördüm ki, yenə biz tərəfə yaxınlaşır. Gəlib bir neçə metrlikdə oturdu. Həmin vaxt Ülvi də orada idi. Ülvi yoldaşımgili evə gətirmişdi. Mən Ülviyə dedim ki, getməsin. Məni də işə aparmasını istədim. Biz oradan çıxanda Ülviyə dedim ki, onun hansı istiqamətə getdiyinə baxsın. Evdən qayıdanda gördüm ki, Ülvi yoxdur. Zəng edib İlqara dedim ki, mənə maşın göndərsin. Restorandan yanıma maşın bir neçə dəqiqəyə gəldi. Ülviyyə zəng edib harada olduğunu soruşdum. Dedi ki, üzü "Neftçilər" metrostansiyası tərəfə gedir. Dedim ki, geri qayıtsın. Mən Samir tərəfə getdim. Ona yaxınlaşıb məni izləməsinin səbəbini soruşacaqdım. Bu zaman üstümə gəldi. Onun neçə gündür məni izləməsindən, üstümə gəlməsindən ehtiyat edib silahı çıxardım. Onu vurmaq istəmirdim. Bir neçə dəfə havaya atəş açdım. Üstümə gələndə tutuşduq. Mən onu vurmaq istəsəydim, başından vurardım. Həyəcanlı olduğum üçün oradan uzaqlaşdım".
Mərhumun qardaşı A.Hüseynov deyib ki, öldürmək istəməyən adam onurğadan güllə ilə vurmaz. Əli Abdullayev deyib ki, silah açılan zaman haradan dəydiyini bilməyib. Suallara cavab verən Əli Abdullayev silahı tapdığını deyib. Hakim Əli Abdullayevdən soruşub ki, niyə Samirdən onu izləməsinin səbəbini soruşmayıb, atəş açıb? Əli Abdullayev deyib ki, buna imkan tapa bilməyib: "Üzərimə doğru gəldi. Nəsə çıxaracağından ehtiyat etdim. O, neçə gün idi məni izləyirdi". Məhkəmə araşdırması davam etdirilir.
Xatırladaq ki, Əli Abdullayevin adı daha əvvəl səs-küylü kriminal hadisədə keçmişdi. Belə ki, Rövşən Lənkəranski İstanbulda qətlə yetirildikdən sonra bəzi qruplar bu hadisədə "Lotu Quli"nin adını hallandırırdı. Kriminal aləmdəki vəziyyətin qarışıq və qaynar olduğu bir vaxtda Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev və bir neçə nəfər Türkiyədə alış-veriş mərkəzlərinin birində saxlanılmışdı. Onlar arasında Namiq Canıyevdən başqa Əli Abdullayev, "Hacı Beylaqanski” kimi tanınan Hacıbaba Talıbxanlı və Camal Həsənov adlı azərbaycanlılar da var idi. Əməliyyat zamanı saxlanılanlar arasında Türkiyə vətəndaşları da var idi. İddia edilirdi ki, saxlanılan şəxslər "Lotu Quli"yə sui-qəsd məqsədi ilə bir araya gəliblər. Lakin məhkəmə onlar barəsində bəraət hökmü çıxarmış və Azərbaycana göndərilmişdilər. Əli Abdullayev Lənkəranski klanına yaxın olub. İddia edilir ki, Əli Abdullayevin qətl törətməsinin səbəbi də kriminal hesablaşmadır.
Загрузка...
Загрузка...

Xəbər lenti