Koronavirusdan dünyasını dəyişən fədakar həkimin həyat yoldaşı danışdı: "Hərarəti olan xəstədən yoluxub..." Koronavirusdan dünyasını dəyişən fədakar həkimin həyat yoldaşı danışdı:

Koronavirusdan dünyasını dəyişən fədakar həkimin həyat yoldaşı danışdı:
Загрузка...
TƏBİB-in təmsilçisi Zakir Xəlilovun COVİD-19-a iş yerində yoluxmadığını deyir
Azərbaycanda koronavirusla mübarizə davam edir. Bu mübarizənin ön cərgəsində həkimlərimizdir. Aprelin 18-də səhər saatlarında Azərbaycanda təcili tibbi xidmətin həkimi Zakir Xəlilov koronavirus infeksiyasından vəfat edib. Dünyasını dəyişənə qədər 68 yaşlı Zakir Xəlilov Bakı şəhərində, Yasamal rayonunda və Qaradağ rayonunun Sanqaçal qəsəbəsində təcili tibbi yardım xidmətində növbəli şəkidə işləyib.
İlkin məlumatlar belə idi ki, yaşı koronavirusla mübarizə tədbirlərinə qoşulmağa imkan verməsə də, Zakir Xəlilov könüllü olaraq mübarizə prosesinə qoşulub və iş zamanı koronovirusa yoluxub. Koronavirusa yoluxmuş təcili yardım həkiminin həyat yoldaşı Aygün Xəlilova ərindən götürülən birinci testin neqativ çıxdığını deyib. Həkimin vəziyyəti ağırlaşandan sonra ikinci test qoyulub və bilinib ki, həkim koronavirusa yoluxub.
Aygün Xəlilova deyib ki, həyat yoldaşının 68 yaşı olmasına baxmayaraq bu ilin yanvarında baş həkim onun müqavilə müddətini növbəti dəfə artırıb: "Yanvarda övladlarımız Zakir müəllimi inandırmağa çalışdılar ki, artıq istirahət etmək vaxtıdır. Çox zarafatçıl insan idi. Övladlarına dedi ki, siz mənə baxarsız, mən də xəstələrimə baxaram. O, öz işindən zövq alırdı. Yasamalda və Sanqaçalda təcili tibbi yardımda işləyirdi”.
Aygün Xəlilova anews.az-a deyib ki, həyat yoldaşı martın 27-də özünü narahat hiss etməyə başlayıb: "Dedi ki, elə bil qızdırıram var. Çox sağlam idi, heç vaxt xəstələnmirdi. Gecə qızdırması qalxdı. Dava-dərman elədik. Martın 29-da bir də qızdırması qalxdı. Yenə dərmanla saldıq. Martın 30-da da axşam qızdırması qalxıb. 31-də işə getməli idi, növbədə idi. O heç vaxt xəstələnmirdi deyə çox narahat olduq. İşə zəng edib Yusif həkimlə danışıb”.
 
Həyat yoldaşı deyib ki, Zakir Xəlilova işə çıxmamaq tapşırılıb: "İş yoldaşları gəlib ondan yaxma götürdülər. Test neqativ oldu. Qızdırması isə vardı. Xüsusi resept yazıldı. İynələri vurmaq üçün bir neçə tibb bacısına zəng etdim. Zəng etdiyim tibb bacılarına deyirdim ki, xəstənin qızdırması var. 3 qat pul verəcəyimi deyirdim. Heç kim razılaşmıdı, gəlib iynə vurmurdu. Sonradan Zakir dostu Musa həkimə zəng elədi. Ağciyər Xəstəlikləri İnstitutuna getdik. Orada məlum oldu ki, ağciyərlərinin ikisində də sətəlcəm var. Oradakı həkimlərin əziyyətini yerə vura bilmrəm. Amma belə xəstələrə xüsusi qaydalarla nəzarət lazımdır. Ona görə də yollar axtarmağa başladıq. Neftçilər Xəstəxanasına köçürüldü”.
"Koronavirus olduğunu necə bildiz” sualına Aygün Xəlilova belə cavab verib: "Sonrakı günlər oksigen çatışmamazlığı yarandı. Bəlğəmli gələn öskürək quru öskürəyə çevirildi. Məni xəstəxanadan telefonla özü yığdı, dedi ki, gedişat onu deməyə əsas verir ki, məndə koronadır”.
Aygün Xəlilova mərhum həyat yoldaşının koronavirus infeksiyasına iş şəraitində yoluxduğunu deyib: "Zakirgil 4 qardaşdır, 4-ü də həkimdir. İşçilərindən biri onun qardaşına deyib ki, Zakir hərarəti olan xəstənin üstünə çağırılıb. Zakir də gedib həmin xəstənin üstünə”.
Aygün Xəlilovanın sözlərinə görə, Zakir Xəlilov cəsarətlə hərarəti olan xəstənin üstünə gedib, onu müayinə, müalicə edib: "Halbuki bunu etməyə də bilərdi. Çağırışa getməyə də bilərdi”.
 
Zakir Xəlilovun dəfn xərclərini ailəsi çəkib: "Bütün xərcləri övladlarımız çəkdi. Qəbir yeri aldılar, digər mərasim xərclərini çəkdilər”.
Azərbaycanda bu günə qədər 6 həkim koronavirus infeksiyasına yoluxub. Bu barədə ictimaiyyətə açıqlama verən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, Bakı yoluxan tibb işçilərinin sayına görə öndədir, Cəlilabad Xəstəxanasında 1 həkim və 1 nəfər tibb işçisi virusa yoluxublar. Başqa bir xəstəxanada isə təsərrüfat işçisinin virusa yoluxması müəyyən edilib. Tibbi personal mübarizənin ön səngərində olduğundan infeksiyaya yoluxur və ağır nəticələrə qədər gedib çıxan bir prosesə şahidlik etmək məcburiyyətində qalırıq. Bəs həkimlər, tibb personal infeksiyaya yoluxma halında, daha ağır şərtlərdə onlara, ailələrinə nə qədər kompensasiya ödənilir?
 
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva "Yeni Müsavat”a deyib ki, qüvvədə olan əmək qanunvericiliyinə görə iş yerində dünyasını dəyişmiş şəxslərə əmək haqqının 2 misli qədərində kompensasiya ödənilir:
"Prezidentin sərancamı, Nazirlər Kanbinetinin qərarına görə koronavirusla mübarizə aparan həkimlərə əmək haqqının 3-5 misli, təcili tibbi yardım həkimlərinə isə əmək haqqının 4 misli civarında əmək haqqı ödənilir. Əgər həkimin COVİD-19-la bağlı çağırışa gedib və bundan sonra onda da eyni infeksiya aşkarlandığı təsdiqlənsə, bu halda kompensasiya nəzərdə tutulur. Bu dünyasını dəyişən şəxsin aldığı əmək haqqının 2 mislinə bərabərdir. Zakir Xəlilova gəlincə isə biz təcili yardımdan öyrəndik ki, onun yaşı və xüsusi risk qrupuna daxil olması nəzərə alınaraq COVİD xəstələrinin üstünə göndərilməyib. Zakir Xəlilov koronavirusa iş şəraitində tutulmayıb”.
"Zakir Xəlilovun infeksiyaya harada, hansı şəraitdə yoluxduğu müəyyən olunubmu” sualına TƏBİB rəsmisinin cavabı belə olub: "İctimai nəqliyyatdamı, digər bir yerdəmi olub bilmirik, amma iş yerində olmayıb. Çünki COVİD xəstələrinin üstünə göndərilməyib, çağırışlara göndərilməyib”. 
 
"Necə müəyyən olunub ki, Zakir Xəlilov koronaviruslu xəstənin üstünə çağırışa getməyib” sualına cavabında TƏBİB rəsmisi deyib ki, 103-ə zəng ediləndə xüsusi alqoritmli suallar ünvanlanmaqla COVİD-ə şübhəli xəstədirsə, ora xüsusi geyimli həkimlər göndərilir: "Belə çağırış zamanı yaxma götürülür və s zəruri prosedur həyata keçirilir. Zakir Xəlilov COVİD-li xəstələrlə bağlı çağırışlara göndərilməyib”. Aprelin 23-nə olan məlumata görə Azərbaycan Respublikasında 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədə ölkədə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xəbər lenti