Koronavirus pandemiyası qərənfil bazarını da “ağlar” qoyub – REPORTAJ Koronavirus pandemiyası qərənfil bazarını da “ağlar” qoyub – REPORTAJ

Koronavirus pandemiyası qərənfil bazarını da “ağlar” qoyub – REPORTAJ
Загрузка...
 Koronavirus pandemiyasının müflis duruma saldığı sahələrdən biri də gülçülükdür. Bakı kəndlərində qərənfil əkib Rusiya bazarlarında satanlar hazırda çox çətin durumdadırlar. Onlar min bir əziyyətlə əkib-becərdikləri qərənfilləri istixanalardan toplayıb zibil yeşiklərinə atmaq məcburiyyətindədirlər. Bəli, məhz belədir. Moskva bazarlarında satılmalı olan qərənfillər bu günlərdə Kürdəxanı qəsəbəsinin küçələrindəki zibil yeşiklərində qalaqlanıb. İstixana sahibləri "Yeni Müsavat” əməkdaşına çox çətin durumda olduqlarını deyiblər. Ümidləri Qələbə gününə qədər "kitayski” (Uhan) virusun çəkilib gedəcəyinə, yolların açılacağına, qərənfillərin Rusiya bazarlarına çatacağınadır... 

"Koronavirusa görə yolların bağlanması evimizi yıxdı. Qərənfili yığıb dəstələmişdik, xəbər gəldi ki, bəs yollar bağlandı. Bir dəstədə 25 qərənfil olur, qapıda dəstəsini 5 manatdan satırdıq. Qərənfil də belə güldür ki, gərək qönçəsini yığasan. Çünki Rusiyaya çatana qədər gül artıq satışa hazır vəziyyətdə olur. Azərbaycanda qərənfil əkən hər kəs hesablayır ki, gülü aparıb Rusiyada satacaq. Ruslar Pasxa bayramında, 9 may Qələbə günündə qərənfil alır, bir-birlərinə hədiyyə edirlər. Onlar da sevinir ki, Azərbaycandan gələn qərənfili piştaxtada tapıb ala bilir, biz də qazanıb sevinirdik. Koronavrus bəlası bizi yaman günə qoydu, sərhədlər bağlandı, gülü dərib tökürük zibilliyə. Ayın 10-dan sonra Pasxadır, o bayrama Bakıdan çətin ki gül gedib çatar. Orda da "sidi doma”dır. Lap göndərsək də, gərək küçəyə-bazara çıxan olsun ki, qərənfil də alsın. Ümidimiz Qələbə gününədir, bəlkə o vaxta qədər yollar açılar, ziyanımızın yarısını heç olmasa bağlayar” – Kürdəxanı qəsəbəsində qərənfil əkənlərdən biri belə deyir. 

Onun sözlərinə görə, əvvəllər pomidor-xiyar əkib daxili bazarda satmaqla dolanıb. "Özümüz də dolanırdıq, dost-tanış da "parnik”də işləyir, 5-10 manat qazanırdı. Arada dedilər ki, gülçülük daha sərfəlidir, biz də qərənfilə keçdik. 3 ildir ki, əkib-becərirdik, aparıb Rusiya bazarlarında satırdılar. Satanlar da qazanırdı, biz də, dost-tanışımız da çörəkpulu əldə eləyirdi. Allah bu çinlilərə kömək olsun, hardan bu bəlanı atdılar ortaya, günümüz, əzab-əziyyətimiz heç oldu” –deyə istixana sahibi deyir. Onun sözlərinə görə, koronavirusa görə sərhədlər bağlanana qədər istixanada 3 köməkçisi olub: 

"Özüm də, həmin 3 nəfər də səhərdən axşama qədər qərənfillərin üstündəyik, təmizləyirik, sulayırıq, dərmanlayırıq, lazım olan aqrotexniki qulluğu göstərirdik. Mənə burada kömək edənlərə günü 10 manat pul verirdim. İndi belə vəziyyət yaranıb ki, 1 nəfər köməkçinin pulunu verməyə də çətinlik çəkirik. Ümidim Pasxa bayramına idi, əkəndə hesablamışdıq ki, qərənfili xristianların bayramına qədər Moskvaya, Volqaqrada, Novosibirskə, Peterburqa və Rusiyanın başqa şəhərlərinə çatdıracaqlar”. İstixana sahibi deyir ki, qərənfili boya-başa çatdırmaq üçün xeyli pul xərcləməklə yanaşı, əziyyətə də qatlaşmalısan: 

"Qərənfilin gəlib bu yerə çatması üçün gecəmiz-gündüzümüz burda keçir. Əziyyətə qatlaşırıq ki, birtəhər vəziyyətdən çıxaq. Məndən qapıda qərənfilin birini 20 qəpiyə alıb aparıb Moskvada yol xərci, başqa xərcləri verəndən sonra 50-70 qəpiyə satırdılar. Satanlar orda qalıb çətin vəziyyətdə, biz də burda biçarə gülü dərib zibilliyə atırıq. Dərdimizi kimə deyək, bilmirik”. İstixana sahibi deyir ki, qərənfil əkib-becərmək üçün bu mövsümdə 6-7 min manat xərci çıxıb:
"Əlimizdə nə pul vardı, dostdan-tanışdan borc alıb işi birtəhər ərsəyə gətirdik. İndi də bu koronavirus hoqqası ortaya çıxdı. Heç bilmirik necə olacaq. Adam var ki, 100 min qərənfil sifarişi vardı, indi hamı başına döyə-döyə qalıb. Dövlət bizə yardım eləməsə, batdıq. Özümüz də batıb-gedəcəyik, ətrafımızda olan, bu işdən pul qazananlar da müflis olacaq”. 


Xəbər lenti