Koronavirus: “Delta"nın yeni variantı təhlükəlidirmi?

Koronavirus: “Delta
İngiltərə alimləri koronavirusun "Delta" variantının "Delta plyus" və ya "AY.4.2" adlandırılan yeni növünü araşdırırlar. "Delta plyus" koronavirusun məhv olmasına imkan verməyən bəzi mutasiyalara malikdir.
İngiltərədəki son rəsmi məlumatlara görə, bu variant yoluxmaların 6 faizini təşkil edir. "Delta plyus"un təhlükəlilik dərəcəsini müəyyən etmək yönündə araşdırmalar davam edir. Mütəxəssislər onun sürətlə yayıla biləcəyini və ya mövcud peyvəndlərin bu varianta qarşı təsirsiz olacağını düşünmürlər. "Delta pylus" hələ də İngiltərədə "narahatlıq doğuran" və ya "araşdırılmaqda olan" variant kateqoriyasına daxil edilməyib.
"AY.4.2" nədir?
Dünyada koronavirusun minlərcə fərqli növü qeydə alınıb. Virus fasiləsiz olaraq mutasiya edir. Ona görə də yeni növlərə rast gəlmək təəccüblü deyil. "Delta" variantı pandemiyada dominant növə çevrildiyi üçün 2021-ci ilin may ayında "narahatlıq doğuran" kateqoriyasına daxil edilmişdi. Ancaq iyul ayında onun "AY.4.2." növü aşkar edildi. Hazırda bu növ tədricən bütün dünyaya yayılmaqdadır.
O, virusun hüceyrələrimizə daxil olmaq üçün istifadə etdiyi sünbül zülalına təsir edən bəzi yeni mutasiyalara malikdir. Amma onların "Covid-19"-u daha yoluxucu hala gətirməsi barədə hər hansı sübut yoxdur.
Ekspertlər bu yöndə araşdırmaları davam etdirirlər. Alimlər koronavirusda baş verən genetik dəyişiklikləri mütəmadi şəkildə izləyirlər. Bu dəyişikliklərin bəziləri narahatlıq doğursa da, bir çoxu əhəmiyyətsizdir. Çətin olan məqam onlardan hansının təhlükəli olduğunu müəyyənləşdirmək, izləmək və idarə etməkdir.
 
 İndiyə qədər bir milyondan çox test etmiş İngiltərə bu həyati əhəmiyyətli laboratoriya araşdırmalarında ən qabaqcıl ölkələrdən biridir. İlk addım "AY.4.2." kimi araşdırılmalı olan mutantları tapmaqdır. Belə mutasiyaların koronavirusu daha yoluxucu edə biləcəyinə dair hər hansı fakt aşkar edilərsə, onlar "araşdırılmaqda olan" kateqoriyasına aid edilir və daha çox test olunur. Daha yoluxucu olmaları, ya da daha ciddi xəstəliklərə yol açmaları dəqiqləşərsə, mutantlar "narahatlır doğuran" viruslar siyahısına daxil edilir. Ekspertlər "AY.4.2"-nin indiki mərhələdə dominat variant olacağını düşünmürlər.
"Çox az da olsa, daha yoluxucu növdür. Amma "Alfa" və ondan 50-60 faiz daha yoluxucu olan "Delta" ilə müqayisədə çox zəifdir. Yəni dərhal gözə çarpmayan bir mutasiyadan söhbət gedir və hazırda araşdırılır", - London Kollec Universitetinin Genetika İnstitutunun direktoru, professor Francois Balloux belə deyir.
O qeyd edir ki, digərləriylə müqayisədə "AY.4.2." 10 faiz daha yoluxucudur: "Amma bunun müəyyən edilməsi çox yaxşıdır. Kiçik miqyaslı şübhələri aşkar edən infrastrukturlarımızın olması da çox yaxşıdır. İndiki mərhələdə gözləməyi, panikaya düşməməyi tövsiyə edirəm. Hiss edilməyəcək səviyyədə daha yoluxucu olan "Delta plyus" virusun əvvəlki növlərindən qətiyyən təhlükəli deyil".
"Prosesi yaxından izləyirik və lazım gələrsə, tərəddüd etmədən hərəkətə keçəcəyik", - İngiltərə Baş nazirinin sözçüsü belə deyib.
ABŞ-da "Delta plyus" variantına bir neçə yoluxma faktı təsbit edilib. Danimarkada da eyni vəziyyət müşahidə olunub, ancaq sonra virusun bu növünə yoluxma hallarının sayı azalıb.

Xəbər lenti