Kənd Təsərrüfatı Nazirliyinin işçisi məhkəmə qarşısında

Kənd Təsərrüfatı Nazirliyinin işçisi məhkəmə qarşısında
Загрузка...
 İttihama görə, 3 nəfər Dünya Bankının maliyyələşdirdiyi layihədə mənimsəməyə yol verib
Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində vəsaitlərin bir hissəsinin mənimsənilməsilə əlaqədar üç nəfər cinayət məsuliyyətinə cəlb olunub, daha bir nəfərin haqqında isə istintaq araşdırmaları davam edir. Onların arasında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, bank işçisi və başqa peşə sahibləri var.
Üç nəfərin artıq məhkəməsi başlayıb. 42 yaşlı Sevinc Zeynalova, 39 yaşlı Emin Bağırov və Aygün İsmayılovanın mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Onlara qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə), 320-ci (saxta sənəd hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
İttihama görə, Kənd Təsərrüfatı Nazirliyinin maliyyə menecerinin assistenti S.Zeynalova "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinə cəlb olunan şəxslər kimi, müxtəlif adamların adlarını rəsmiləşdirib. Guya həmin adamlar bu layihənin iştirakçılarıdır və gördükləri işə dəstək məqsədilə vəsait ayrılır. İttihama əsasən, S.Zeynalova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı E.Bağırov və nazirlikdə satınalma üzrə analitik işləyən A.İsmayılovanı da bu prosesə cəlb edib. Onlara da müəyyən məbləğ çatacağı vəd olunub. Həmin şəxslərin adlarına "AFB Bank”da hesablar açılıb, pullar ora köçürülüb. Sonra həmin adamlar pulları çıxarıb nəğd şəkildə S.Zeynalovanın özünə qaytarıblar.
İttihamda qeyd olunub ki, vəsaitlərin bir hissəsi də onlara verilib. Lakin onlar pul almadıqlarını, S.Zeynalovaya kömək məqsədilə onun xahişini yerinə yetirdiklərini bildirirlər. Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmədə ifadə verən E.Bağırov bildirib ki, o, bizneslə, Ukraynadan kağız idxalıyla məşğul olurdu. Onun sözlərinə görə, Sevinc üçün vəsaitləri nəğdləşdirib, buna görə ondan pul almağa ehtiyacı olmayıb: "Mənim günahım yoxdur, sadəcə, Sevincə etibar eləmişəm, xahişini yerinə yetirmişəm”.
"AFB Bank”da hesabları E.Bağırovun dostu, orada mühasib işləyən Esmira Əliyevanın vasitəsilə açıblar. E.Bağırov bildirib ki, dostundan xahiş edib. O da sözünü yerinə salmayıb. Haqqında cinayət işi başlanıb, istintaq araşdırmaları davam edən bank əməkdaşı Esmira Əliyeva məhkəmədə şahid qismində dindirilərkən bildirib ki, dostunun xahişini yerinə yetirib:
"Emil demişdi ki, biznes üçün lazımdır, mən də kömək məqsədilə onun xahişini yerinə yetirmişəm”. Şahidin sözlərinə görə, hesablara köçürülən vəsaitlərdən vergi tutulandan sonra qalan məbləğ çıxarılaraq, hesab sahibinə verilib. Məlum olub ki, bankda başqa adamların da adlarına hesablar açılıb və ora köçürülən pullar da nəğdləşdirilərək S.Zeynalovaya qaytarılıb.
"Mənim hesabıma köçürülən pulları çıxarıb Sevinc Zeynalovaya vermişəm. Heç bir qanunsuzluqda, saxta sənədlərlə iş görülməsində mənim iştirakım olmayıb”, - bunu isə digər təqsirləndirilən A.İsmayılova bildirib.
Təqsirləndirilən şəxslərdən S.Zeynalova və E.Bağırov həbsdədir, A.İsmayılovanın haqqında isə başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin icra müddəti 2014-2018-ci illər olub. Ümumi dəyəri 53.25 milyon olan layihə ilə bağlı rəsmi məlumatda bildirilirdi ki, bu layihə "Tarladan süfrəyədək” prinsipinə əsaslanır. Məqsəd kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş, son istehlakçıya çatdırılmasınadək maraqlı olan qrupları bir araya gətirib maliyyələşdirməni təmin etməkdir.
Загрузка...
Загрузка...

Xəbər lenti