Kələlər və siz harda idiniz Rövnəq Abdullayev?

Kələlər və siz harda idiniz Rövnəq Abdullayev?
Загрузка...
Ölkədə növbəti təxribat başlayıb. 90-cı illərin ikinci yarısından bu yana Qarabağ uğrunda canını ortaya qoymuş insanlara qarşı ədalətə uymayan, kişiliyə sığmayan münasibət formalaşıb ki, bu da millətin dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaqdadır.
Ümumiyyətlə, Qarabağ qazilərinə münasibət ürəyaçan deyil. Qətiyyən demək istəmirəm ki, Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş adamlar bütün istəklərində haqlıdır. Əlbəttə ki, onların da yanlışı var, lakin bu yanlış da əvvəldən onlarla bağlı bəlli bir proqramın olmamasından irəli gəlir.
Dövlət Qarabağ qaziləri və şəhid ailələri ilə bağlı fundamental işlər görməli, onların müalicəsi və cəmiyyətə adaptasiyası üçün bərpa mərkəzləri qurmalı, avtomaşınla, evlə, yaşayış şəraiti ilə təmin etməli, övladlarına xüsusi təhsil imkanları və.s yaratmalı idi. Lakin, bu prosses çox anormal aparıldı.
Müharibə veteranı oldu ki, özünü ora-bura vurub bir neçə ev və ya başqa imtiyazlar aldı, eləsi də oldu ki, illərdir ehtiyac içindədir. Hələ, müharibə görmədən "qazi” olanları, arvad donu sataraq yığdığı pula "müharibə veteranı” vəsiqəsi alanları demirəm. Hətta, bu qədər müharibə veteranının bir normal təşkilatı da yoxdur. Sözlərini deməyə bir qapısı, bir dinləyəni yoxdur. Bütün bunlar, sadaladıqlarım və sadalamadıqlarım onu göstərir ki, dövlətimizin Qarabağ müharibəsi iştirakçılarına yönəlik proqramı olmayıb və bu gün də yoxdur, bu da o deməkdir ki, hökumətin bu adamlara münasibəti formaldır, səmimi deyil.
Elə bu münasibətdən də "balaca qoçu”lar ilhamlanır. O qədər ilhamlanır ki, qolu, qıçı olmayan adamların üzərinə hücum çəkirlər. Çünki, məmur ordusunun içərisində Qarabağda can qoymuş, qan tökmüş adamlardan bir nəfərə belə rast gəlmək mümkün deyil.
Fərarilər masanın başındadır deyə bütün tərəzilər əyri çəkir. Ona görə, bir qrup mühafizəçi ilə və ya onların çağırdığı polis ilə Qarabağ qaziləri arasında insident olur. Ona görə, "neft kəmərləri keçən ərazi”, pulu olmayan, ehtiyac içində olan adam tərəfindən mənimsənildiyində Rövnəq Abdullayevin yadına düşür. Hansı ki, insident səbəbi olan ərazinin hər tərəfi zəbt olunub və üzərində tikinti aparılıb.
Bütün görüntülərdən bu aydın görünür. SOCAR rəhbərliyi "əlillərdən işbazlar istifadə edir” kimi bəyanatlar səsləndirməklə yaratdığı insidentə utanmadan haqq qazandırmağa çalışır.
Əvvəla, tutaq ki heç bu adamlar müharibə veteranı deyil, döyüşlərdə əl-ayağını itirmiş kəslər deyil, axı sonucda bunlar Azərbaycan vətəndaşıdır. Onları niyə öz vətəndaşlarımızla üz-üzə qoyursunuz?! Rövnəq Abdullayev, sən və ya sənin yanındakı, tabeliyindəki X şəxslər hansı əsasla Azərbaycan vətəndaşının üstünə banda göndərir?! Siz kimə xidmət edirsiniz?!
Problemi özünüz çözməli idiniz, adamlarla danışığa getməli, belə bir insidentin baş verməsinə imkan verməməli idiniz. Sizin tək Bakıdakı ev və obyektlərinizin ərazisi minlərlə əlilin əmlakından qat-qat artıqdır. Bu vətəni, bu dövləti taladığınıza rəğmən onun uğrunda canını qoymuş insanların probleminə bir az həssas olsaydınız?! Azərbaycan torpaqlarına düşmən hücum edəndə siz və sizin yanınızdakı o kələlər, onların ataları harda idi, Rövnəq Abdullayev?!
Vasif Qurbanzadə
Загрузка...
Загрузка...

Xəbər lenti