Keçmiş nazirin həbsdəki qardaşını bağışladılar

Keçmiş nazirin həbsdəki qardaşını bağışladılar
Загрузка...

2000-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olmuş Əhməd Əhmədovun həbsdə olan qardaşı Əvəz Əhmədovun döydüyü, hədələdiyi iddia olunan şəxslər onu bağışlayıb. Zərərçəkənlər Rəşad Tahirov və Hörmət Əsgərov yanvarın 9-da məhkəmədə belə deyiblər.

Rəşad Tahirov bildirib ki, Əvəz Əhmədovun həbs olunmasını istəmir. Amma ona dəymiş maddi ziyanın ödənilməsini istəyir.

Əvəz Əhmədovun pula görə döydüyü, üstünə qaynar çaydanı atdığı deyilən digər zərərçəkən Hörmət Əsgərov da onu bağışladığını, heç bir şikayət və tələbinin olmadığını söyləyib.

Gömrük, sərhəd xidməti və başqa dövlət orqanlarında çalışmış Əhmədov CM-nin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur.

İttihamda yazılıb ki, təqsirləndirilən sabiq məmur 2016-cı ilin iyununda hərbçi-polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Əvəz Əhmədov onu öz ofisinə çağırıb, döyüb və deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. O haradansa öyrənib ki, HörmətƏsgərovun Rəşad adlı qohumu onun əvəzinə pulu verə bilər. Çünki Hörmətin Rəşadda pulu var. Ona görə də dəfələrlə Rəşad Tahirova zəng edib, mesaj yazaraq onu və ailə üzvlərini hədələyib. Onu Bakı şəhər Baş Polis İdarəsinə gətirdərək, oradakı müstəntiq vasitəsilə həbs olunacağıyla hədə-qorxu gəlib, evinin mülkiyyət sənədlərini girov götürüb. Son nəticədə RəşadTahirovdan 140 min dollar pul alıb.

Yanvarın 9-da məhkəmədə Rəşad Tahirovun dostları Habil Cəfərov, Sahil Allahverdiyev dindirilib. Deyiblər ki, sabiq nazirin qardaşı hədələyib pul istəyəndə Rəşad Tahirov onlardan borc alıb, Əvəz Əhmədova vermək məcburiyyətində qalıb. O da məlum olub ki, Əvəz Əhmədov Rəşad Tahirovdan verdiyi pulun əlavə faizlərilə birlikdə 220 min dollar tələb edirmiş.

Şahid Habil Cəfərov dostu ilə birlikdə Əvəz Əhmədovun yanına getmələri, orada olan söhbət barədə bunları deyib: "Ora gedəndə Əvəz müəllimə dedim ki, axı borc 140 min manatdır, niyə 220 min dollar istəyirsiniz? Biz razılaşmadıq. Rəşada dedim ki, dur, gedək. Rəşad qalxmadı, dedi ki, iki evinin sənədləri onlardadır. Əvəz Əhmədov da dedi ki, Rəşad qalxa bilməz. Sonra biz oturub yenidən danışdıq. 140 minə razılaşıb gəldik”.

Təqsirləndirilən Əvəz Əhmədov 220 min dollar tələb etdiyini təsdiqləyib. Səbəbini də belə izah edib: "Məndən armatur satışı üçün 140 min dollar istədilər. Bu işin qazancı 80 min dollar idi. Mən də buna görə 220 min istəyirdim”.

Məhkəmə yanvarın 16-da davam edəcək.

Zərərçəkənlərdən Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin rəisi, tibb xidməti polkovniki olub. Bu söz-söhbətlərdən sonra vəzifəsindən azad edilib. Daha sonra digər zərərçəkən Rəşad Tahirovdan 1 milyon alıb qaytarmamaqda ittiham olunaraq, həbs edilib və hazırda da Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılır.

Sabiq nazirin qardaşına qarşı ittihamlardan hədə-qorxu ilə tələb etməyə görə 10 ildən 15 ilə qədər, qanunsuz azadlıqdan məhrumetməyə görə isə 1 ilədək həbs nəzərdə tutulub.

Əhməd Əhmədov 2017-ci ildə Naxçıvanın daxili işlər naziri vəzifəsindən azad edildikdən sonra qardaşı Əvəz Əhmədov cinayət məsuliyyətinə cəlb olunub.

Загрузка...
Загрузка...

Xəbər lenti