Keçmiş nazir: Nikol Paşinyan istəyir ki, Rusiya Türkiyə ilə üz-üzə gəlsin

Keçmiş nazir: Nikol Paşinyan istəyir ki, Rusiya Türkiyə ilə üz-üzə gəlsin
Deputat "Moskvada imzalanan atəşkəs sənədi Azərbaycan üçün qurulan tələ idi”
"Oktyabrın 10-da Moskvada imzalanan atəşkəs razılaşmasından sonra Ermənistanın Gəncə şəhərini bombalaması göstərir ki, faktiki olaraq atəşkəs 1 saat da davam etməyib”. Bu sözləri Meydan TV-yə Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Vahid Əhmədov hesab edib ki, 10 oktyabrda Moskvada imzalanan atəşkəs sənədi Azərbaycan üçün qurulan tələ idi: "Bu tələ Hadrutun ordumuz tərəfindən alındığı bir zamanda, Şuşaya doğru irəliləmək imkanının yarandığı bir vaxtda ortaya atıldı. Ermənistan yenə də öz havadarlarının köməyi ilə atəşkəsə nail oldu. Amma atəşkəsi yenə də özü pozdu. 26 il ərzində Azərbaycan bir dəfə də olsun atəşkəsi pozmadığı halda, düşmən hər dəfə atəşkəsi pozub. Dünən də atəşkəs pozuldu. Gəncəyə, Tərtərə raket zərbələri endirdilər, insanları qırdılar. Adını da humanitar atəşkəs qoydular. Hansı ki, bu, Ermənistanın əlavə güc toplaması, xaricdən silahlar gətirməsi üçün atılan bir addım idi”. 

Vahid Əhmədov
 Vahid Əhmədov deyib ki, əgər Rusiya atəşkəsə təminat vermişdisə, o zaman atəşkəsin pozulmamasını da təmin etməli, buna nəzarət etməli idi: "Çox təəssüflər olsun ki, etmədi. Əksinə Ermənistana kifayət qədər silah-sursat, raket gətirdi ki, işğalçı bundan istifadə etsin. Cənab prezidentin baş verənlərlə bağlı yəqin ki, əhaliyə müraciəti olacaq, son hadisələrə münasibət bildirəcək. Biz bir daha dünyaya göstərdik ki, sülh istəyirik. Amma Ermənistan sülh tərəfdarı deyil. Əksinə, onlar müharibə zonasının daha da genişlənməsini istəyir”.
"Azərbaycan Türkiyə və Pakistanla hərbi müqavilələri imzalayıb, ərazi bütövlüyünü birgə təmin etməlidir. Artıq bunun vaxtıdır və bu məsələdə gecikmək olmaz”,-deyə Vahid Əhmədov fikrini tamamlayıb.
Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, atəşin dayandırlması ermənilərə lazım deyil, əks halda onlar eskalasiya yolunu seçməzdilər. Tofiq Zülfüqarov atəşin dayandırılmasının Rusiyaya da lazım olmadığını düşünür: "Çünki Rusiya özünün erməni cəmiyyətində "Ermənistanın sağ qalması" üçün Rusiyanın alternativsizlik rolu hissini yaratmaq məqsədinə çatmayıb. Bu da Nikol Paşinyan rejiminin dəyişdirilməsi üçün zəmin yaradacaq”.
""Lavrovun on saatlıq marafonu” qızğın fəaliyyət imitasiyası olub, halbuki burada da, o, müqavilənin mətninə "nizamlanmanın əsas prinsiplərinə riayət etməyi" "soxuşdura" bildi. Bu, o deməkdir ki, "it qovan kimi"yə (bu fikri Azərbaycan prezidenti Ermənistan ordusuna xitabən səsləndirib- red.) cavab olaraq , o, erməniləri işğal olunmuş ərazilərdə maraqlı tərəf kimi görmək istəyir”, - Tofiq Zülfüqarov deyib.
 
Tofiq Zülfüqarov 
Sabiq nazirin sözlərinə görə, oktyabrın 10-da Moskvada imzalanan sənədin 3 və 4-cü bəndləri artıq idi və Azərbaycan Prezidentinin mövqeyinə zidd idi: "Hansı ki aşağıdakı kimi səslənirdi - "...bizim vətəndaşlığı qəbul edən ermənilərə işğal olunmuş ərazilərdə Azərbaycanın digər vətəndaşları ilə eyni səviyyədə hüquqlar veriləcək" ("Artsax Ermənistandı və nöqtə" sözlərinə cavab olaraq müxtariyyət yoxdur). XİN və Prezident köməkçisinin sənədin 3 və 4-cü bəndlərini ətraflı tərifləməyi səhv idi. Xüsusən də 1 və 2-ci bəndin (atəşin dayandırılması) pozulması kontekstində. Ermənilər əmin oldu ki, Rusiya onların köməyinə gəlməyəcək və cavab reaksiyası almaq məqsədilə bizim şəhərləri Ermənistan ərazisindən atəşə tutacaqlar”.
Onun qənaətincə, Rusiya başa düşür ki, Ermənistana hərbi güclə kömək etsə, Türkiyə ilə üz-üzə gəlməli olacaq: "Nikol Paşinyanın da məqsədi budur: Rusiya Türkiyə ilə üz-üzə gəlsin”.
Oktyabrın 10-da Rusiya paytaxtında imzalanan atəşkəs razılaşmasından sonra Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Gəncə şəhərini raket zərbəsi ilə vurub. Son məlumatlara görə, 9 nəfər ölüb, 34 adam yaralanıb.

Xəbər lenti