Keçmiş icra başçısı həbsdə vəfat edib

Keçmiş icra başçısı həbsdə vəfat edib
Nizaməddin Quliyevin koronavirusdan öldüyü bildirilir
Uzun illər Goranboy, ardınca da Ağstafa rayonunda icra başçısı işləmiş, 2019-cu ilin dekabrından həbsdə olan Nizaməddin Quliyev vəfat edib. Onun koronavirusa yoluxduğu bildirilir.
Yaxınlarının məlumatına görə, 1954-cü il təvəllüdlü Nizaməddin Quliyev sentyabrın 8-də Gəncədə COVİD-19 infeksiyasına yoluxanların müalicə olunduğu modul tipli xəstəxanada vəfat edib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, sabiq icra başçısı koronavirusa yoluxandan az sonra Gəncədəki 2 saylı istintaq təcridxanasında vəziyyəti pisləşib və bu üzdən bir neçə gün əvvəl xəstəxanaya köçürülüb.
Nizaməddin Quliyev 9 il 6 ay azadlıqdan məhrum edilməsi haqda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti vermişdi. Onun şikayəti Gəncə Apelyasiya Məhkəməsinin icraatında idi. Bu səbəbdən Gəncədəki istintaq təcridxanasında saxlanılırdı. İcra başçılarından həbs dalğası 2019-cu ilin dekabrında Nizaməddin Quliyevlə başlamışdı. Onunla yanaşı, birinci müavini Ramiz Tatarov da həbs olunmuşdu. Avqustun 6-da Gəncə Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Bu ilin yanvarından başlayan və yeddi ay davam edən məhkəmə prosesinin yekunu olaraq, Nizaməddin Quliyev 9 il, onun birinci müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 311.3.1 (əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələrilə təqsirli bilinib. Sabiq icra başçısının həbsindən sonra məhkəmə qərarıyla onun və ailə üzvlərinin bir sıra əmlaklarının üzərinə həbs qoyulmuşdu. Hökmdə həmin əmlakların müsadirəsi də əksini tapıb. 67 yaşlı Nizaməddin Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində cəmi 8 ay işləmişdi. Bundan öncə isə o, 10 il Goranboy rayonunda eyni vəzifəni daşıyıb.

Xəbər lenti