“Keçmiş əri onu əvvəl traktora bağlayıb, sonra da hamamda yandırıb”

“Keçmiş əri onu əvvəl traktora bağlayıb, sonra da hamamda yandırıb”
Загрузка...
Kürdəmirdə 24 yaşlı qadının 2 dəfə əri tərəfindən yandırıldığı deyilir
Azərbaycanda kişi 3 il əvvəl boşandığı həyat yoldaşını yandırıb. Bu barədə Meydan TV-yə qadının ailəsi məlumat verib. 24 yaşlı A.Z 4 il evli olduğu həyat yoldaşı B.Y-dan 3 il əvvəl boşanıb. O, 1 övladı ilə Bakının Nəriman Nərimanov rayonunda yaşayan anasının evində qalırmış.
Ailəsi deyir ki, onların birgə evlilikdən olan 4 və 6 yaşlı iki uşaqları var. Qız anası, oğlan isə atası ilə yaşayıb. 3 il əvvəl boşandığı həyat yoldaşı onların ayrıldığını heç cürə qəbul etmək istəməyib: "Mütəmadi zəng edirdi. Qızı ilə danışırdı. Nə bilim, tez-tez barışıq təklif edirdi və s. Hətta sonuncu Novruz Bayramında oğlan Bakıya gəlmişdi. Qızı ilə görüşmək adı ilə uşağı götürüb anasından izinsiz aparmışdı. Yazıq qız qalmışdı ağlaya-ağlaya. Polisə vermişdi, ancaq iş hələlik, həll edilməmişdi. Qız uşaqlarının səsini eşitmək üçün keçmiş həyat yoldaşı ilə tez-tez danışmalı olurdu. Axırda uşaqlarına görə ərinin barışmaq yalvarışlarına razı oldu”.
Ailə üzvləri deyir ki, iyulun 8-də B.Y qadını aparmağa gəlib. Ona Kürdəmirdə tutduğu yeni evdə yaşayacaqları vədini verib. A.Z da inanaraq, ona qoşulub Kürdəmirə gedib: "Axşamçağı getdilər. Ora çatanda qıza "səni barışmaq üçün yox, məndən ayrıldığın üçün qisas almağa gətirmişəm”, - deyib. Oğlan traktor sürücüsüdür. Bundan sonra qızı bağlayıb traktorun önünə, aparıb sahəyə. Sahədə ağzını, əllərini bağlayıb, üstünə benzin töküb, yandırıb. Qız o tərəf bu tərəfə qaçıb özünü söndürməyə çalışanda, o, kənardan durub, seyr edirmiş. Qız özünü söndürəndən sonra onu iplə bağlayıb. Sahədə sürüyə-sürüyə gətirib evlərinə. Səhər saat 5-də A.Z oğlanın anasına yalvarıb, deyib: "Məni həkimə aparın”. Qadın qızı o vəziyyətdə təpiklə vurub ki, səni heç yerə aparan deyiləm”.
Valideyni deyir ki, keçmiş əri qızını ikinci dəfə evdə yandırıb. Onu hamama salıb, burada üstünə benzin tökərək odlayıb. Sonra da hamamın qapısını bağlayaraq çıxıb gedib: "Qız burada özünü soyuq su ilə birtəhər söndürüb. Səhər saat 5-də gedən adamlar 9-da gəlib qapını açıblar. Görüblər ki, qız çox ağır durumdadır. Ondan sonra qızı Kürdəmir Rayon Xəstəxanasına aparıblar. Guya hamamda qaz partlayıb, qız yanıb. Dünən səhər Bakının 5 nömrəli Şəhər Klinik Xəstəxanasına gətiriblər”.
Ailəsi qadının vəziyyətinin ağır olduğunu söyləyirlər. Həkimlər onun bədəninin 90 faizinin yandığını deyiblər, ailəyə ümid verməyiblər: "Nə yaşı var onun? Bir şey olsa, 2 körpə uşağı anasız qalacaq. Üstəlik, onu da deyim ki, polis bizim işimizi operativ araşdırmadı, biz də məcbur qalıb əlimiz çatan hər yerə şikayət etdik. Ondan sonra gəlib oğlanı tutub aparıblar”.
Ailə deyir ki, 5 nömrəli Şəhər Klinik Xəstəxanasında olan A.Z-yə təcili qan lazımdır. Kürdəmir Rayon Polis İdarəsindən Meydan TV-yə bu barədə açıqlama verə bilməyəcəklərini, Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağı məsləhət görüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə faktı təsdiqləyib. Bildirib ki, keçmiş həyat yoldaşı bu cinayəti qadınla aralarında yaranmış ailə- məişət münaqişəsi zəminində törədib: "Polis idarəsində dərhal fakta görə cinayət işi açılıb, istintaq aparılır. Xanım da hazırda xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir”.
5 saylı Şəhər Klinik Xəstəxanasından A.Z-nin iyunun 9-da xəstəxanaya ağır yanıq xəsarətləri ilə gətirildiyini deyiblər. Vəziyyətinin isə ağır olduğunu söyləyiblər.

Xəbər lenti