Keçmiş bankirin bacısı: 28 məhkumda koronavirus aşkarlanıb

Keçmiş bankirin bacısı: 28 məhkumda koronavirus aşkarlanıb
Загрузка...
13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 30-a yaxın məhkumun koronavirusa yoluxduğu iddia olunur. Həmin müəssisədə saxlanılan məhkumlardan bir neçəsinin yaxınları sosial şəbəkələrdə bu barədə yaydıqları məlumatlarda bildirirlər ki, virusa yoluxduğu üzə çıxan məhbuslar oradan aparılıb. Sözügedən cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslardan biri də Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevdir. Onun bacısı Əminə Hacıyeva da müəssisədən narahatlıq yaradan məlumatlar aldığını, orada saxlanılan məhbusların həyatının təhlükə altında olduğunu deyir. Bununla əlaqədar mayın 11-də Prezident İlham Əliyevə müraciət edən Ə.Hacıyeva məktubunda yazıb ki, 13 saylı cəzaçəkmə müəssisəsində vəziyyət kritikdir.
"Bu yaxınlarda o müəssisədə məhbuslar arasında koronavirusa yoluxma hallarının olub-olmadığımı müəyyənləşdirmək məqsədilə test keçirilib. İyirmi məhbusda testin nəticələri müsbət olub. Sonradan daha səkkiz məhbusda da nəticə müsbət çıxıb. Həmin məhbusları cəzaçəkmə müəssisəsindən çıxarıb aparıblar. Lakin bu da böyük təhlükəni aradan qaldırmayıb”. Ə.Hacıyeva vurğulayıb ki, 13 saylı cəzaçəkmə müəssisəsində məhkumların saxlanma vəziyyəti çox ağırdır. Onun sözlərinə görə, 50 kvadratmetrlik otaqda 60 məhbus saxlanılır. Məhkumlar arasında vərəm, hepatit və s. xəstəliklərə tutulan şəxslərin sayı çoxdur. "Müəssisədəki təhlükəli vəziyyət digər məhbus ailələri kimi, məni də çox narahat edir. Bacı kimi, qardaşımın üzləşdiyi həyati təhlükəyə görə əzab çəkirəm. Cahangir Hacıyev ölümlə üz-üzədir. Sizdən xahiş edirəm, yalvarıram, qardaşımı xilas edin!", - Ə.Hacıyeva məktubunda yazıb.
Penitensiar Xidmət isə 13 saylı cəzaçəkmə müəssisəsində çoxsaylı məhkumun koronavirusa yoluxması barədə məlumatları təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, bu haqda yayılan məlumatlar həqiqətə uyğun deyil. C.Hacıyev 2015-ci ilin dekabrında mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlarla həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 15 il həbs cəzası verilib. 2018-ci ildə onun barəsində yenidən cinayət işi başlanıb.
İkinci cinayət işi üzrə ötən ilin sentyabrında çıxarılan hökmdə əvvəlki cəzası da birləşdirilməklə, ona 16 il 6 ay həbs təyin edilib. Bu ilin fevralında Bakı Apelyasiya Məhkəməsi cəzası 3 ay azaldaraq, 16 il 3 aya endirib. C.Hacıyev Beynəlxalq Bankın təxminən 4 milyard vəsaitini mənimsəməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Bankın vəsaitlərinin ölkə daxilində və xaricdə müxtəlif layihələrə sərf olunduğunu bildirir. Onun sözlərinə görə, o vəsaitlər hesabına yaradılan müəssisələr də hazırda Beynəlxalq Bankın və bu qurumun problemli kreditlərinin həllilə məşğul olan "Aqrarkredit”in nəzarətindədir.

Xəbər lenti