Kamal Cəfərov: Azərbaycanın çirkli pulların yuyulmasına qarşı həm güclü qanunvericiliyi, həm də infrastrukturu var

Kamal Cəfərov: Azərbaycanın çirkli pulların yuyulmasına qarşı həm güclü qanunvericiliyi, həm də infrastrukturu var
Загрузка...
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov öz "Facebook” hesabından canlı yayım edərək vətəndaşların suallarını cavablandırıb. Ona sual ünvanlayanlar arasında Meydan TV-nin əməkdaşı Həbib Müntəzir də olub. 
 
"Sizin Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzinin (OCCRP) apardığı jurnalist araşdırmaları ilə bağlı dərc edilən geniş araşdırmalardan xəbəriniz varmı? Hakim ailə üzvlərinin, ölkənin yüksək çinli məmurlarının adlarının hallandığı bu materiallarla bağlı sizin qurumun atacağı hər hansısa addımlar varmı” – sualına Kamal Cəfərov belə cavab verib:
 
"Məlumatlarla mediadan tanış oldum. Bilirsiz də, məlumatların əsası olmalıdır. Orada beynəlxalq maraq qrupları tərəfindən "qara piar” elementləri hiss olunur. Obyektiv olaraq baxıram, ölkəmizə qarşı aparılan qara kampaniya hiss olunur. Amma mən sizə başqa bir şey deyə bilərəm, Azərbaycanın çirkli pulların yuyulmasına qarşı həm güclü qanunvericiliyi, həm də infrastrukturu mövcuddur. Bunu mən demirəm, Avropa Şurasının Moneyval Komitəsi var, çox güclü qurumdur. Həmin komitə çərçivəsində hər bir ölkənin çirkli pullara qarşı mübarizə sistemi qiymətləndirilib. Çox çətin mexanizmdir. Bu yaxınlarda, yəni 2018-ci ilin dekabrında komitənin 4-cü hesabatı hazırlanıb. Orada da Azərbaycanla bağlı hər hansı mənfi hal qeyd edilməyib. Hesab edirəm ki, bizim bu sahədə güclü nəzarət və mübarizə imkanlarımız var”. 
 
Komissiyanın katibi Meydan TV əməkdaşının növbəti sualını cavablandırmayıb. Həmin sual belədir:
 
"Əgər beynəlxalq təşkilatlar sənədli-sübutlu olaraq araşdırmalar aparıb, yüksək çinli məmurların ölkədən apardıqları pulları ortaya çıxarıblarsa, onların məkrli olub-olmaması, hansısa mərkəzlər tərəfindən idarə edilib, edilməməsi nəyi dəyişir? Əgər bu sübutlar realdırsa, anti-korrupsiya idarəsi olaraq sizin siyasi şərh verməyiniz nə qədər doğrudur? Sizin qurum olaraq konkret bu faktlarla bağlı məşğul olmağınız gərəkməzmi?”
Kamal Cəfərov Həbib Müntəzirin növbəti sualına cavab olaraq bildirib ki, Meydan TV-nin canlı yayımına qatıla və sualları cavablandıra bilər. 
 
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 3 mart 2004-ci ildə yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirməlidir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.
 
Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, yerli qanunvericiliyi və digər normativ hüquqi aktları, habelə Əsasnaməni rəhbər tutur.
 
Komissiya 15 nəfər üzvdən ibarətdir. Komissiyanın 5 üzvü ölkə Prezidenti, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Загрузка...
Загрузка...

Xəbər lenti