“Jurnalistlərin binasında materialların alınmasına Əli Həsənovun oğlu nəzarət edirdi”

“Jurnalistlərin binasında materialların alınmasına Əli Həsənovun oğlu nəzarət edirdi”
 Nadir Məmmədov: "Siz elə bilirsiz bizim səlahiyyətimiz olub? Biz hambal olmuşuq”
Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikintisi və təmiri zamanı 16 milyon 928 min manat mənimsəmə ittihamıyla bağlı məhkəmə araşdırmaları davam edir. Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında binaları inşa etmiş "Portos” MMC-nin keçmiş direktoru Nadir Məmmədov ifadə verib.
Nadir Məmmədov 11 il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) rəhbərlik etmiş Vüqar Səfərli ilə birlikdə həbs olunub. Bu cinayət işi üzrə hazırda məhkəmə qarşısında 11 nəfər cavab versə də, təqsirləndirilən şəxslərdən yalnız adları çəkilən iki nəfər həbsdədir.
Nadir Məmmədov prokurorun suallarını cavablandırarkən bildirib ki, jurnalistlər üçün binaları inşa edən "Portos” şirkətinin təsisçisi Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun baldızı Gülər Vəliyeva idi. Şirkətdə maliyyə məsələlərinə, o cümlədən hansı materialların alınmasına isə Əli Həsənovun oğlu Şamxal Həsənli nəzarət edirdi. Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar birinci və ikinci binanın inşası zamanı Şamxal Həsənli ilə elektron poçt vasitəsilə əlaqə saxlayırdılar. Üçüncü binanın tikintisi zamanı isə Şamxal Həsənli nəzarəti daha da artırıb.
"Mən maaşa görə işləməmişəm. Mənə söz vermişdilər ki, oğlumu xaricdə işə düzəldəcəklər. Biz orada heç bir qanunsuz işlə məşğul olmamışıq. Mənim işim texniki məsələlər olub. Qiymət şişirtməsini də görməmişəm. Layihədə nəyi necə yazıblarsa, elə də eləmişik. Bakı Şəhər İcra Hakimiyyətinin tikinti ilə bağlı müəyyənləşdirilən normaları vardı. Onlara əməl edilib. O binaların tikildiyi ərazi sürüşmə zonasıdır. Ona görə də binanın bünövrəsinə layihədə nəzərdə tutulduğundan xeyli artıq vəsait sərf olunmuşdu. Hər kub betona görə 44 manat ziyan etmişik. İkinci binada "Portos” şirkəti 3.2 milyon ziyana düşdü. Ziyana getməyimizə baxmayaraq, yenə də ən bahalı, keyfiyyətli materiallardan istifadə olunurdu. Həm materialların alınması, həm də maaşların ödənişi köçürmə yoluyla həyata keçirilirdi. Yalnız ikinci binanın tikintisi gedəndə bir dəfə təsisçi 685 min manat pulu nağdlaşdırdı. Mən onda dedim ki, belə etməyək…”, – təqsirləndirilən Nadir Məmmədov bildirib.
O, Vüqar Səfərli və digərləri ilə əlbir olması barədə ittihamda yazılanları rədd edib: "Biz kimik ki? Ya Vüqar Səfərli, ya mən? Siz elə bilirsiz bizim nəsə səlahiyyətimiz olub? Biz hambal olmuşuq. Kim nə iş görüb, bu barədə suallarınızı Şamxal Həsənliyə verin. O, hər şeyi bilir”.
Məhkəmədə KİVDF-nin tədbirlərinin keçirildiyi "Altun” və "Xəmsə” restoranlarının direktor müavini və icarədarı – Təmkin Xəlilov və Valeh Orucov da dindirilib. Onlar da təqsirləndirilən şəxslər arasındadır. Çünki Vüqar Səfərli restoran səlahiyyətliləri ilə əlbir olub, tədbirlər zamanı qiymətlərin, qonaq sayının şişirdilməsi və bu yolla vəsaitin bir hissəsinin mənimsənilməsində də ittiham olunur. Təmkin Xəlilov bildirib ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Təhminə Yaqubovanı (Fondun mühasibi) tanıyır.
Onun sözlərinə görə, restoranda keçirilən tədbirlər zamanı böyük zalda olan 250-300 nəfərdən əlavə, digər kiçik zallarda da Fondun dəvət etdiyi qonaqlar olurdu: "Təkcə AzTV-dən dörd böyük maşında gəlirdilər, onlar başqa zalda otururdular. Nazirlər, vəzifəli şəxslər olurdu. Bəzi masalara bahalı içkilər qoyulurdu. Hesablama Palatası audit yoxlamasında bunları nəzərə almayıb”.
Məhkəmə prosesi noyabrın 18-də davam edəcək.
Bu iş üzrə təqsirləndirilən şəxslər arasında jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov, KİVDF-nin mühasibi olmuş Təhminə Yaqubova və digərləri var. Fond yaranandan – 2009-cu ildən 2020-ci ilə qədər bu quruma rəhbərlik etmiş Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. Vüqar Səfərlinin bir sıra əmlaklarının, o cümlədən özünün və oğlunun bank hesablarındakı 850 min manat əmanətin üzərinə həbs qoyulub. 11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.

Xəbər lenti