Jurnalistlərə "işverən" deyən "Fairmont Baku" "qəhrəmanı" həbs edildi Jurnalistlərə

Jurnalistlərə
"Fairmont Baku" otelində karantin rejimini pozmaqla və jurnalistləri təhqir etməklə günün antiqəhrəmanına çevrilən iş adamının oğlu həbs edildi. Criminal.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayev barəsində toplanmış materiallar bu gün Səbail rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə İ.Babayevə 20 gün müddətinə inzibati həbs cəzası verilib. 

Xatırladaq ki, İ.babayev sözügedən oteldə istirahət edənlər arasında olub. Polis əməliyyat keçirən zaman sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi. O, video çəkərək media nümayənələrini "işverən" adlandırmışdı. Daha sonra o, Səbail rayon polis idarəsi əməkdaşları tərəfindən saxlanılmışdı. 
Saxlanılan İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.
Qeyd edək ki, "Fairmont Baku" otel bir neçə gün əvvəl İnstaqram səhifəsində kampaniya elan edib. Otel kampaniyada müştərilərə çağırış edərək, "Həftəsonunu bizimlə birgə keçirin" deyə müraciət ünvanlayıb.

Xəbər lenti