Jurnalistin xanımı: Ya məhkəmə açıq keçiriləcək, ya da özümü yandıracam

Jurnalistin xanımı: Ya məhkəmə açıq keçiriləcək, ya da özümü yandıracam
Загрузка...
Polad Aslanov vəkillərinin suallarını cavablandırıb
"Xeberman.com” saytının həbsdə olan baş redaktoru, dövlətə xəyanətdə ittiham olunan Polad Aslanov necə həbs olunduğunun detallarını açıqlayıb. O, öz məhkəməsində vəkillərinin suallarını cavablandırarkən bu haqda danışıb.
P.Aslanovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır. Məhkəmə iclası başlamamışdan öncə qalmaqal yaşanıb. P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova məhkəmə prosesinin açıq keçirilməsini tələb edib. Ötən məhkəmə iclasında jurnalistlər və hüquq müdafiəçiləri zaldan çıxarılmışdı. P.Aslanovun etirazlarından sonra iki nəfər hüquq müdafiəçisinin prosesi izləməsinə imkan verilsə də, jurnalistlər sonadək prosesə buraxılmadı. Bu dəfə G.Aslanova məhkəmə binasının önündə əlində "Polad Aslanova azadlıq!” yazılmış plakatı tutaraq, etiraz aksiyası keçirib.
Bildirib ki, ya məhkəmə prosesi açıq keçiriləcək, prosesi izləmək istəyən hər kəs, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərin hamısı iştirak edəcək, ya da o, özünə qəsd edəcək: "Ya məhkəmə açıq keçiriləcək, ya da özümü yandıracam”.
Məhkəmə iclasında hər kəsin iştirakına icazə verilib. Məhkəmədə P.Aslanov vəkillərinin suallarını cavablandırarkən bildirib ki, zəvvarların müqəddəs yerlərə ziyarətini təşkil edən "Karvan Tur” şirkətinin rəhbəri Baş prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbərliyinə şikayət edib. Şikayətlərində yazıb ki, xüsusi xidmət orqanlarının əməkdaşları ziyarətləri təşkil edən şirkətlərdən pul tələb edir.
P.Aslanovun sözlərinə görə, o da həmin şikayətləri rəhbərlik etdiyi saytda işıqlandırıb. Bundan sonra da ona təzyiqlər başlayıb. Baş redaktor deyir ki, təzyiqlər nəticə verməyəndə ona DTX ilə əməkdaşlıq da təklif olunub. Amma o, imtina edib.
Necə tutulmasına gəlincə, P.Aslanov bildirib ki, həmin gün ailə üzvlərilə Naxçıvana toya gedirmiş. Amma təyyarə ilə yox, maşınla, İrandan keçməklə. P.Aslanovun sözlərinə görə, Biləsuvarda sərhəd-buraxılış məntəqəsində keçəndə sərhədçiyə zəng gəlib və telefonda kiməsə onun ailəsilə birlikdə getməsi məruzə olunub. Bundan sonra onları saxlayıblar. Əvvəl sistemdə problem olmasını bəhanə ediblər, təxminən yarım saat sonra onları bir otağa aparıblar.
Daha sonra telefonlarını alıb, özlərini də DTX-nın Biləsuvar şöbəsinə gətiriblər, orada bir müddət saxladıqdan sonra Bakıya gətiriblər. P.Aslanovun sözlərinə görə, saxlandıqdan sonra müxtəlif adamlar gəlib, onu təhqir edir, hədələyirdi. Deyirlərmiş ki, ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham veriləcək. "Bu müddətdə ac-susuz qaldım. Daha sonra ailəmlə hədələdilər. Deyirdilər ki, seçim sənindir, ailəni düşünürsənsə, biz dediklərimizi qəbul eləməlisən”.
P.Aslanovun sözlərinə görə, o, ailəsilə bağlı təhdidlərə dözə bilməyib və öz əleyhinə olan ifadəyə razılaşıb. O vurğulayıb ki, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə deyilənlər yalandır.
Hakim Faiq Qəniyev bildirib ki, P.Aslanovun istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət var. Ona görə də istintaqdakı ifadələr də məhkəmədə elan olunmalıdır. Bu isə fevralın 27-də keçiriləcək növbəti məhkəmə iclasında olacaq.
P.Aslanov ötən il iyunun 12-də saxlanılıb. Ona qarşı CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
P.Aslanovun işi üzrə istintaqın sonuna yaxın ona qarşı CM-in 134-cü (öldürməklə hədələmə) maddəsilə də ittiham irəli sürülüb. O, Dəyanət Babayevi öldürməklə hədələməkdə təqsirləndirilir. P.Aslanov ittihamların hər ikisinin saxta olduğunu bildirir.

Xəbər lenti