Jurnalistin müharibə gündəliyi - 1-ci hissə Jurnalistin müharibə gündəliyi - 1-ci hissə

Jurnalistin müharibə gündəliyi - 1-ci hissə
Tanınmış jurnalist Elşən Balaxanski 44 gün davam edən mühariubədə hərbi müxbir olaraq çalışıb. Həmin müddətdə gördüklərini feysbuk üzərindən paylaşıb. Criminal.az jurnalistin həmin qeydlərini təqdim edir. 
2020-ci il, sentyabrın 23-ü. "Yeni Müsavat”da müqəddəs gündür, Ələsgər ağzı o qədər də gen olmayan səxavət kisəsindən həftəlik yazılarımıza görə qəpik-quruş qonararımızı verməlidir. İşə çıxmırıq, Covid-19 distant iş rejimini diqtə etdiyi günlərdi. Telefonuma redaksiyadan zəng gəlir, xəttin o başından Əlisuvarın "Balaxanski, gələndə özünlə şəxsiyyət vəsiqəni də gətir” səsini eşidirəm. Deyir ki, Rauf Arifoğlunun tapşırığıdır, deyəsən cəbhə bölgəsinə gedirsiz...
Həmin gün redaksiyaya gedib çıxa bilmirəm. "Vezdexod” yerinə işlətdiyim maşındakı bitib-tükənməyən problemlər müqəddəs günün o qədər də böyük olmayan "meyvə”sini – qonararımı almağa, şəxsiyyət vəsiqəmin surətini redaksiyaya çatdırmağa imkan vermir. Redaksiyadan növbəti zəng gəlir. İsrarla şəxsiyyət vəsiqəmin surətini istəyir Əlisuvar. Sözlərindən anlayıram ki, vəziyyət ciddidir, müharibə hər an başlaya bilər. Həmin günlərdə müharibənin çox yaxın zamanda başlayacağını bir neçə nəfərdən eşitmişdim. Əlisuvarın zəngindən 1 gün əvvəl Pirşağıda Zəngilan köçkünü olan tanışlardan biri demişdi ki, indi adını xatırlamadığım rayondan qayıdıb, həmin rayonun kəndlərində demək olar ki, hər həyətdə daldanacaqlar qazıblar, ermənilərin hucumu gözlənilir... Vatsap nömrəmə Rauf Arifoğludan belə bir məzmunda yazılı mesaj gəlir.
Gəncə: Qazax Türkmən - İlkin
Bərdə: Balaxanski-Salamoğlu
Füzuli: Əli Rəis - Elçin Əkbərov
Ardından "Balaxanski, səni müharibəyə göndərirəm, gedirsən” sualı ilə səsli mesajını alıram. Bununla belə müharibənin olmayacağı inamı da dağılıb getmir. Redaksiyaya gedib vəziyyətin nə dərəcədə ciddi olduğunu aydınlaşdırmaq fikri də əl çəkmir.
"Vezdexod”un probleminin "qlobal” olduğunu yəqinləşdirib səxsiyyət vəsiqəmin surətini redaksiyaya vatsapla yolladım. Sentyabrın 24-də artıq müharibə söhbətini unudub gündəlik işlərimlə məşğul idim. Yazıb-pozur, qəzetə material hazırlayırdım. Bazar günü, sentyabrın 27-də Rauf Arifoğlu səhər tezdən zəng edir. Müharibənin başladığını deyir, təcili olaraq redaksiyaya gəlməyimi istəyir. Redaksiyada müharibə ab-havası var, hər kəs sevinc içində Böyük Qələbəyə köklənib. Bu dəfə qalib gələcəyimizə inam var...
Təxminən 1 saat sonra Emil Salamoğlu ilə birgə yola çıxırıq. İkimizə 1 zirehli jilet, 1 dəbilqəmiz var. Əlimizdə olan texniki vasitələr də hər nədirsə, 100 faiz müharibə, döyüş səhnəsi çəkmək üçün deyil. Bakıdan üzü Qaradağ istiqamətində insanlar yol kənarlarındadır. Əllərində bayraq üzü cəbhə bölgəsinə isqtiqamətlənən hərbi kalonları alqışlayır, bəzi yerlərdə kalonların qarşısını kəsib "veş-meşok”lu könüllülərin hərbi maşınlara zorla, dava-dalaşla mindiklərini seyr etmək fərəhləndirir. Əhval-ruhiyyə heç vaxt görmədiyim qədər yüksəkdir. Hər kəs hərbçilərə sovqat verməyə, siqaret ötürməyə, xoş söz deməyə, dualarını çatdırmağa çalışır. Bərdəyə gedib çatana qədər yollarda hərbi kalonların ardı-arası kəsilmir.
Sentyabrın 27-də gecə yarısına qədər Bərdədən keçməklə Ağdam istiqamətində postlara qədər gedib çıxa bilirik. Keçmiş döyüşçülər, Qarabağ qazilərinin dəstə-dəstə postların qarşısında dayanıb xidmət aparan polis işçilərinə az qala yalvarıb birbaşa döyüşlərin getdiyi ərazilərə buraxılmalarını istəyirlər. Əyinlərində 1-ci Qarabağ müharibəsindən qaldığı nimdaşlığından görünən hərbi geyimi olanlar da var. Top atəşi səsləri eşidilir, ayaqlarımızın altından torpaq titrəyir. Hərbi maşınların, təcili tibbi yardım maşınlarının hərəkəti dayanmır.
Xəbər, reportaj hazırlayıb redaksiyaya yollayırıq, bir şəhidin evində olub başsağlığı veririk. Ailənin tək oğlu olan şəhidin yaxınlarını dinlədikcə, nəşinin yanmış vəziyyətdə olduğunu eşidincə, digər xəbərləri bilincə, qarşıda bizi ağır günlərin gözlədiyini bir daha özüm üçün aydınlaşdırıram. Gecəyarısı Bərdəyə qayıdıb məskunlaşdığımız otelə çatırıq. Otelin önünə yığışanlardan öyrənirəm ki, Tərtər şəhəri, şəhərin yaxınlığındakı Səhləbad, Düyərli kəndləri top atəşinə tutulub. Otel otağının açıq pəncərəsindən gecənin sakitliyində top səsləri aydın eşidilir. 

Səhər, sentyabrın 28-də Tərtərə yollanırıq. Bərdədən təxminən 10 kilometr aralanandan sonra yol kənarlarında insanların ərazidəki hündürlüklərin üzərinə çıxıb üzü Tərtər istiqamətinə baxırdılar. İnsnaların gözləri önünüdə şəhərləri, kəndləri, oradakı evləri top atəşlərinə tutulur, dağıdılırdı. Gah oradan, gah bu tərəfdən partlayış səsi eşidilir, toz duman qalxırdı. Kütlənin içindən "5 mərtəbələri vurdular”, "icraya tərəf düşdü” "ay şərəfsizlər, xəstəxana tərəfə atdılar” kimi sözlər eşidilirdi.
İlk dəfə idi ki, top səslərini, mərmi partlayışlarının yerdə yaratdığı titrəyiş dalğalarını hiss edir, görürdüm. Yaxınlıqdakı çoxsaylı maşınlarda uşaqlar, qadınlar oturub çarəsiz halda evlərinin erməni toplarından açılan atəşlərlə necə dağılmasını seyr edirdilər. Elə orada ağlımdan uşaqlıqda ekranlardan seyr etdiyim 41-45 müharibəsinin, xüsusilə Stalinqrad şəhərinin bombalanması səhnələri keçdi. Sonrdan elə belə də yazıdım - Tətərin Stalinqrada çevrildiyini qeyd etdim. Minlərlə insan yol kənarlarında toplaşıb Vətən müharibəsinin 2-ci gününü yaşayırdı. Yola davam edib üzü Tərtərə istiqamətləndik...
Davamı olacaq

Xəbər lenti