Jurnalistin ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb

Jurnalistin ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb
Загрузка...
Pərviz Həşimli: ''Bu barədə mənə Bakı Şəhər Prokurorluğunun rəhbərliyindən bildirdilər''
İyulun 30-da Azərbaycan-Rusiya sərhədindən geri qaytarılan "Gununsesi.info” saytının baş redaktoru, keçmiş məhbus Pərviz Həşimliyə Bakı Şəhər Prokurorluğundan zəng ediblər. Pərviz Həşimliyə ölkədən çıxşına qoyulan qadağanın götürüldüyünü bildiriblər. Məlumatı Meydan TV-yə Pərviz Həşimlinin özü verib: "Nəhayət ki, ötən ildən bəri ölkədən çıxışıma qoyulan məhdudiyyət aradan qaldırıldı. Bu barədə mənə Bakı Şəhər Prokurorluğunun rəhbərliyindən bildirdilər. Ötən müddət ərzində 2 dəfə AŞPA-nın sessiyalarına, habelə, bir sıra beynəlxalq tədbirlərə dəvət alsam da, bunu gerçəkləşdirə bilməmişdim”.
Pərviz Həşimli deyib ki, ona qoyulan məhdudiyyət məhkəmə qərarı olmadan tətbiq edilmişdi: "Bu məsələdə mənə dəstək olan media qurumlarına, əməyi olan digər şəxslərə təşəkkür edirəm”. Ötən ilin iyulunda Gəncə şəhərində baş verən hadisələrlə bağlı Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub. Hadisələrdən sonra jurnalist Respublika Prokurporluğuna dəvət edilərək dindirilib: "Qanunvericiliyə görə, məhkəmə qərarı olmadan şahidin ölkədən çıxışına məhdudiyyət qoyula bilməz. Həmin dövrdə, bir il əvvəl "Gununsesi.info” məhkəmə qərarı olmadan bloklanmışdı, 4 saat prokurorluqda dindirildim, yazılarla bağlı suallara cavab verdim. Yazdıqlarımızda bir qanunsuz elementə rast gəlinməyib, sırf xəbər yazmışıq və KİV haqqında qanunvericilik pozulmayıb ”.
Pərviz Həşimli 2014-cü ildə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah-sursat saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Jurnalisti 2013-cü il sentyabrın 17-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları həbs etmişdilər. O, 2016-cı ilin martında əfv edilib. Bundan sonra "Gununsesi.info” saytını yaradıb. Sonradan sayt bloklanıb. Saytın bloklanması ölkədə ilk hadisə deyil. Hələ 2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarıyla "azadliq.org”, "azadliq.info”, "meydan.tv'', ''abzas.net”, "turan.az” və "azerbaycansaati.org'' saytları bloklanıb. Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib.
Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib. 2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və "Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.
Ötən il isə "bastainfo.az'', "criminal.az”, "az24saat.az”, "xural.com”, və "gununsesi.info” saytları bloklanıb.
Загрузка...
Загрузка...

Xəbər lenti