Jurnalistin məhkəməsində: 'Təkcə bu məqam göstərir ki...'

Jurnalistin məhkəməsində: 'Təkcə bu məqam göstərir ki...'
Загрузка...

«7 iyulda prokurorluq cinayət işi başlayıb, 16 iyulda guya, iki nəfər ana-bala müraciət edib ki, Anar Məmmədovun saytında məqaləni oxuyub stress keçiriblər. Halbuki, sayt iyulun 9-dan ölkə ərazisində bloklanmışdı artıq. Təkcə bu məqam göstərir ki, uydurmadır», – vəkil Elçin Sadıqov dekabrın 28-də məhkəmədə çıxışında deyib. O, criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun hüquqlarını müdafiə edir. Bakı Ağır Cinayətlər Məhkəməsində A.Məmmədovun mühakiməsi başlayıb.

Vəkil jurnalistin haqqındakı cinayət işinin əsassız olduğunu bildirib, xitam verilməsi barədə vəsatət qaldırıb. Deyib ki, istintaq vaxtı jurnalistin müdafiə hüququ kobud şəkildə pozulub, qanuni əsaslar olmadan evində axtarış aparılıb: «Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinə zidd olaraq, jurnalist mənbələrini açıqlamağa məcbur edilib».

Avropa Məhkəməsinin «Fətullayev Azərbaycana qarşı» qərarına istinad edən vəkil bildirib ki, o işdə olduğu kimi, burada da yazıların adamlarda təşviş yaratması görüntüsü uydurulub.

Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. İş məhkəmə baxışına verilib. A.Məmmədovun barəsində polisin nəzarəti altına vermə-qətimkan tədbiri də dəyişdirilməyib.

Məhkəmə baxışı yanvarın 11-nə təyin olunub.

Xatırlatma

A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları «çağırış xarakterli, ictimaiyyəti çaşdıran» məlumatlar paylaşmaqda günahlandırılırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi.

Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminalaz.com-a girişə məhdudiyyət qoyulmuşdu.

Məhkəmə ittihamları təsdiqləsə, A.Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Jurnalist özünü təqsirli bilmir və ittihamları rədd edir.

Sui-qəsd nəticəsində ağır yaralanan E.Vəliyev sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərovhəbs olunub.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdən əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Загрузка...
Загрузка...

Xəbər lenti