İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
 Təbriz Cəfərov Bərdədə Şəhidlər xiyabanında dəfn edilib
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində itkin düşən hərbi qulluqçusu Təbriz Cəfərovun nəşi tapılıb. Bu barədə "Report" məlumat yayıb.
Bildirilir ki, Təbriz Cəfərov aprelin 6-da Bərdə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təbriz Cəfərov Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.
Hərbi Prokurorluq: "Əsgərin intihar etməsi ilə bağlı məlumat araşdırılır, cinayət işi açılıb"
Hərbi hissədə intihar edən əsgərin ölümü ilə bağlı isə cinayət işi başlanılıb. Məlumatı Hərbi Prokurorluğun Mətbuat xidməti verib.
Prokurorluq bildirib ki, martın 29-da Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əli Arif oğlu İsmayılovun həmin gün odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.
"Daxil olan məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə martın 29-da Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib".
Prokurorluq hazırda istintaqın davam etdiyini və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görüldüyünü açıqlayıb.

Xəbər lenti