İt azdırırsınız?!

İt azdırırsınız?!
Загрузка...
İnsan başına gələnlərdən yorulanda səsini ucaldır, üsyan edir. Vətəndaş hüquqları pozulanda etiraz edir, haqqını tələb edir. Bizim kimi passiv cəmiyyətlərdə bir qrup insanlar hamı əvəzdən bu missiyanı üzərinə götürür.
Elə, son günlər seçki saxtakarlıqlarına qarşı etiraz etmək istəyənlər də məhz onlardır. Bəlkə də onlar bizim sönükləşən ümüdlərimiz, dinləmədiyimiz vicdanımız, içimizin zindanına həbs edilmiş səsimizdir.
Kimliyindən asılı olmayaraq, o meydana öz haqqı üçün gedən hər kəs bizim arzumuzdur. Çünki, haqqı üçün çarpışmayanlar ölməmişdən ölənlərdir. Kim hansı münasibətdədir, kim etirazı boğmaq istəyir, kim bir şillə atıb gözə girə, kim vəzifə və ya rütbə üçün öz millətinə qəddar ola bilirsə bu da normaldır.
Hər kəs öz şərəfin bir vəzifə üçün biçir, lap paltar biçən kimi... Amma, ən anlaşılmayan məsələ vətəndaşa bu qədər vəhşi münasibətdir. (Düşmən münasibəti deyib uçurumu bir az da genişləndirmək istəmirəm) Bu münasibəti yaradanlar kimlərdir? Dövlətin hüquq mühafizə orqanlarına qarşı xalqı bu şəkildə dolduranlar kimlərdir? Nədir məqsədiniz, böyük ulduzlu riyakarlar?!
Düşünmürsünüzmu ki, etdikləriniz vətəndaşda nifrət yaradır, hər şeyə qarşı nifrət... polisə də... bütövlükdə hakimiyyətə də... hətta, dövlətə də... Axı, bu narazıların hamısı geriyə tüpürüb, çıxıb gedə bilməz. Axı, gündən günə artan narazılıqlar səbəbindən vətəndaş kütləvi şəkildə qalxa bilər. Təsəvvür edirsinizmi o halı, cənab, polisin nəcib rəis heyəti? Sizə kim göstəriş verir vətəndaşlara qarşı kobudluğu? Etiraz edən insanları həbs edib, aparıb uzaq çöllüklərə atmaq nə deməkdir? İt azdırırsınız?! Bu addımınızın insanlarımızda hansı təsiri buraxdığı sizi ilgiləndirmirmi?
Siz dövlətimizin gücü olmalıykən, ona yeni problemlər yaratmağa səbəb olmayın! Baş ucalığı gətirə bilmirsinizsə üz qarası da olmağı seçməyin, lütfən. Etməyin!
Bu vətən üçün, bu dövlət üçün, elə lap güya xidmət etdiyiniz İlham Əliyev üçün, etməyin! Vətən, torpağı, havası, suyu və nəhayət insanı ilə VƏTƏNdir!
O insan ki, böyüyür xalq olur və son söz onundur. Yazıq o kəslərə ki, xalqın qurduğu divanda sorğulanacaqdır!

Vasif Qurbanzadə

Xəbər lenti