İŞİD-i maliyyələşdirməkdə ittiham olunan azərbaycanlılara 37 il 6 ay cəza tələbi

İŞİD-i maliyyələşdirməkdə ittiham olunan azərbaycanlılara 37 il 6 ay cəza tələbi
Загрузка...
Növbəti prosesdə təqsirləndirilənlər son söz deyəcək
BMT-nin terror təşkilatı kimi tanıdığı "İraq-Şam İslam Dövləti” (İŞİD) adlı təşkilata yarım milyon manatdan artıq maliyyə yardımında ittiham olunan üç azərbaycanlıya 37 il 6 ay həbs cəzası tələb olunub. Bunlar Sahil İbrahimov, Namiq Məmmədov və İlqar Ağayevdir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə keçirilən prosesdə prokuror çıxış edib.
Bildirib ki, bu şəxslərə qarşı irəli sürülmüş terroru maliyyələşdirmə ittihamı məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısı Sahil İbrahimov və Namiq Məmmədovun hər birinin 12 il, İlqar Ağayevin işə 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. İttihama əsasən, təqsirləndirilən şəxslərdən Sahil İbrahimovun qardaşı Samir Suriyada vuruşub. O, 2016-cı ilin avqustunda Suriyaya gedəndən sonra qardaşı Sahil və Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən başqa tanışlarıyla əlaqə saxlayıb.
Xahiş edib ki, Suriyada onunla birlikdə vuruşan azərbaycanlıların və başqa əcnəbilərin İsveç, Rusiya, Norveç, Finlandiya, Almaniya və başqa ölkələrdə yaşayan yaxınlarıyla əlaqə saxlasınlar. Onların göndərəcəkləri pulları toplayıb Suriyaya yollasınlar. Pullar banklar vasitəsilə xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib. İddia olunur ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər. Təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub. 2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İlqar da bu vəsaitləri toplanan başqa pulların üstünə qoyub və Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda da 75 min dollar pul göndəriblər.
Təqsirləndirilən Sahil İbrahimov məhkəmədə deyib ki, qardaşı Samir Suriyada olarkən bir neçə dəfə ona zəng edərək bunları deyib: "Mənə deyirdi ki, sənə zəng edib pul verəcəklər. Qardaşımın Bakıda alacaqları var idi. Həmin pulları götürürdüm. Arasında sədəqə pulları var idi. Mən də başqa şəxslərə vermişəm. Bir hissəsini də qardaşıma göndərmişəm. Qardaşım Suriyaya bir neçə dəfə gedib. Axırıncı dəfə 2015-ci ildə gedəndə STOP qoyulduğu üçün geri qaytarıldı. Sonra necə getdiyini bilmirəm. Uzun müddət bizimlə əlaqə saxlamadı. Təxminən 1 ildən sonra zəng elədi”.
S.İbrahimov bildirib ki, qardaşının Suriyaya getməsinin qarşısını almağa çalışıb, hətta hüquq-mühafizə orqanlarına da müraciət edib. Qardaşına veriləsi pulların mənbəyinə gəlincə, Sahil bildirib ki, Samirin Qaraçuxur qəsəbəsində mağazası vardı, maşınını da satmışdı: "Nisyə mal verdiyi adamlar çox idi. Onlar pulu mənə verirdi”. Digər təqsirləndirilən Namiq Məmmədov da bir neçə nəfərdən pul aldığını, ayrı-ayrı şəxslərə verdiyini, həmin pulların isə sədəqə olduğunu vurğulayıb. "Məndən xahiş ediblər, götürüb başqa adamlara çatdırmışam. Moskvadan və başqa ölkələrdən gələn pullar da sədəqə olub. Bakıda ehtiyacı olan ailələrə vermişəm”, - deyə N.Məmmədov bildirib.
Üçüncü təqsirləndirilən İlqar Ağayev isə məhkəmənin birinci hazırlıq iclasından bu yana davranışları, danışıqlarıyla diqqət çəkib. O, məhkəməyə özü ilə oyuncaq gətirib, əlindəki topla oynayıb. Vəkili də məhkəmədə bir neçə dəfə vəsatət qaldırıb ki, 28 yaşlı İ.Ağayev psixiatrik ekspertizadan keçirilsin, onun anlaqlı olub-olmaması araşdırılsın. Vəkil deyib ki, İlqar bu vəziyyətdə məhkəmə qarşısında dayanıb mühakimə oluna bilməz.
Məhkəmədə İ.Ağayevin istintaqdakı ifadəsini elan edib. Həmin ifadədə İlqar bildirib ki, Sahil və Samir qardaşlarını tanıyıb: "Onlarla çay evində təsadüfən tanış olduq. Bir məclisdə idik. Onlarla əqidəmiz eyni idi. Buna görə də mütəmadi görüşməyə başladıq. Sonra onlarla dost olduq”.
İ.Ağayevin ifadəsində o da var ki, Suriyaya pul göndəriblər, həmin məbləği ayrı-ayrı şəxslərdən alıblar. Onun davranışlarına baxmayaraq, prokuror onun anlaqlı olduğunu iddia edib və cəzalandırılmasını istəyib. Təqsirləndirilən şəxslərə qarşı CM-in 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. İ.Ağayevə isə bundan əlavə, CM-in 228.4 (qanunsuz olaraq, qaz silahı, soyuq silahəldə etmə, gəzdirmə və ya satma) maddəsilə də ittiham verilib. Növbəti məhkəmə iclasında vəkillər çıxış edəcək, təqsirləndirilən şəxslər son sözlərini deyəcək.

Xəbər lenti