İsgəndər Həmidov Əli Hüseynliyə: Fərari nə bilir Vətən uğrunda şəhid olmaq nə deməkdir?

İsgəndər Həmidov Əli Hüseynliyə: Fərari nə bilir Vətən uğrunda şəhid olmaq nə deməkdir?
Загрузка...

''Fizuli işğal olunanda Azərbaycanda prezident səlahiyyətlərini Heydər Əliyev daşıyırdı''

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin 1 fevral toplantısında müxalifəti hədəfə alıb.

Əli Hüseynli deyib ki, son dövrlər radikal müxalifət hər hansı bir aksiyanı, qanunsuz mitinqə çevirmək niyyəti ilə fəaliyyət göstərir.

"Əhali bilməlidir ki, radikal müxalifətin məqsədi nə Məhəmməd Əmin Rəsulzadəni, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi istənilən belə tədbirdə qanun pozuntusu törətməkdir. Məqsəd icazəli mitinq keçirmək deyil, hər bir halda mövcud olan ictimai-siyasi sabitliyi pozmaqdır”.

Əli Hüseynli ad çəkməsə də Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbəri və Azərbaycan Xalq Hərəkatının rəhbəri İsgəndər Həmidovu ittiham edib:

"Azərbaycanda bu qədər çox şəhid olmasının səbəbkarları 1992-ci ildə hakimyyətdə olanlardır. Əgər onlar – o zaman ki parlament sədri və daxili işlər naziri heç olmazsa, öz doğulduqları kəndi, rayonu qoruya bilsəydilər, bu qədər şəhid olmazdı. Baxmayaraq ki, Naxçıvan həm Ermənistan, həm də o zaman Azərbaycanda hakimiyyətdə olanlar tərəfindən blokadaya alınmışdı, sovet qoşunları Naxçıvandan çıxarılmışdı, Heydər Əliyev Naxçıvanı qorudu. Onlar isə heç öz kəndlərini, rayonlarını qoruya bilmədilər”.

O deyib ki, minlərlə insan fərari olmuşdu, Heydər Əliyev hakimiyyətə döndükdən sonra o şəxslər barədə əfv fərmanı verildi, hamısı yenidən döyüşə qayıtdı, çoxları qəhrəmanlıq nümayiş etdirdi.

Deputatın fikirləri barədə Meydan TV-nin sorğusuna cavab verən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər hesab edir ki, Əli Hüseynlinin ittihamı hakimiyyətin vəziyyətinin ağırlığından xəbər verir:

"Bu adamlar başa düşmək istəmirlər ki, şəhidləri növlərə və regionlara bölmək olmaz. Xalq Azərbaycanın ərazi bütövlüyü, istiqlalı yolunda onminlərlə şəhid verib. Hansı bölgədən olmalarına və yaxud harda həlak olmalarına baxmayaraq onların hər birinin xatirəsi bizim üçün müqəddəsdir. Ona görə şəhidləri növlərə bölmək biabırçılıq və müəddəs ruhlarına hörmətsizlikdir”.


İ.Qəmbər deyib ki, əgər şəhidlərin statsitikasını istəyirlərsə, bu, ayrıca araşdırma mövzusu ola bilər, dəyərli ziyalılar xeyli iş də görüblər.

"Ötən il fədakar alimlərimiz Qarabağ uğrunda, istiqlal uğrunda döyüşlərdə 20 mindən çox şəhidin adı və soyadı haqda kitab yazıb. Onlar öz işlərini davam etdirirlər. Seçilmədən parlamentdə oturanlar da bu məsələlərə ciddi yanaşmalıdırlar, bu cür məsuliyyətsiz, yersiz və mənasız ittihamlarla özlərini məsuliyyətdən qurtaracaqlarına ümid etməməlidirlər”.

 

İsa Qəmbər bildirib ki, ittihamı səsləndirən adam parlamentin funksiyası barədə aydın təsəvvürə malik deyil.

"Parlament sədrini müharibə hadisələri ilə bağlı ittiham etmək absurda yaxın bir məsələdir. Dövlət orqanlarının hər birinin öz funksiyası var. Parlamentin funksiyası normal düşünənlərə bəllidir”.

AXC hakimiyəti zamanı daxili işlər naziri vəzifəsini daşıyan İsgəndər Həmidov Meydan TV-yə deyib ki, o, Əli Hüseynlini savadlı və informasiyalı adam kimi tanıyırmış, görünür, səhv olub:

"Görünür, bunlar Heydər Əliyevin azsavadlı nəvələrindəndir. Füzuli rayonu işğal olunanda nə İsa bəy, nə İsgəndər Həmidov vəzifədəydi. Rayon işğal olunan zaman Azərbaycanda prezident səlahiyyətlərini Heydər Əliyev daşıyırdı”.

İ.Həmidov vurğulayıb ki, müharibədə şəhid olar.

"Bizim hakimiyyət zamanı müharibə gedirdi, ona görə əsgərin şəhid olması təbii idi. Nəticədə həmin müharibə zamanı Şaumyan rayonunu boşaldıb Ağcakənd etdik, yaxud Ağdərəni işğalçılardan təmizlədik. Nəhayət, Əli Hüseynli hərbi xidmətdə olubmu, özünə bu sualı versin. Şəhidlərin də dərdini çəkmək ona qalmayıb. Çünki fərari nə bilir Vətən uğrunda döyüşüb şəhid olmaq nə deməkdir?!”

Загрузка...
Загрузка...

Xəbər lenti