İşgəncə altında ölüm işini boynuna götürdüyünü deyən şəxs: 'Ora dəhşət idi...'

İşgəncə altında ölüm işini boynuna götürdüyünü deyən şəxs: 'Ora dəhşət idi...'
Загрузка...
Polis bölməsində bədənini alışqanla yandırmaqla, bədəninə cərəyan verməklə törətmədiyi qətl hadisəsinin onun üzərinə qoyulduğunu deyən Səfər Əliyevi Binəqədi Rayon Məhkəməsi həbsdən buraxsa da, prokurorluq qərardan narazı qalıb apellyasiya protesti vermişdi. Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsində prokurorluğun şikayətinə baxılıb. İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası protesti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb. 77 yaşlı qonşusu Ələsgər Dadaşovun qətlində təqsirləndirilən S.Əliyev 2018-ci ilin iyunundan həbsdə idi. İstintaq dövründə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti yanvarın sonunda başa çatırdı.
Prokurorluq həbs müddətinin uzadılması üçün məhkəməyə vəsatət versə də, yanvarın 28-də Binəqədi Rayon Məhkəməsi vəsatəti təmin etməmişdi. Üçüncü qrup əlil olan S.Əliyev 7 aylıq həbsdən sonra azadlığa çıxmışdı.
«Rahat nəfəs aldım»
İstintaq dövründə keçirilən ekspertiza da onda «az ifadəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiya müəyyən edib. Yaxınları da hesab edir ki, hüquq-mühafizə orqanları onun xəstəliyindən sui-istifadə edərək, əsl cinayətkarı tapmaq əvəzinə cinayəti onun üzərinə atıblar.
Hadisə Binəqədi rayonu, 7-ci mikrorayonda – Süleyman Sani Axundov küçəsi, ev 5/34 ünvanında baş verib. Mərhum Ə.Dadaşov binanın ikinci, S.Əliyev isə beşinci mərtəbəsində yaşayır. Bu cinayəti törətməsi barədə etirafedici ifadəyə imza atması üçün Binəqədi rayonu, 5-ci polis bölməsində ağlasığmaz işgəncələrə məruz qaldığını deyən S.Əliyev fevralın 5-də Bakı Apellyasiya Məhkəməsində onun haqqında qərar çıxarılandan sonra AzadlıqRadiosuna danışıb.
Deyir ki, ötən 7 ayda yaşadıqları dəhşət idi. Qorxurdu ki, birdən apellyasiya məhkəməsi prokurorluğun protestini təmin edər, onu yenidən o əzab-əziyyətə qaytararlar: «Apellyasiya məhkəməsindən sonra rahat nəfəs aldım. Çox həyəcanlıydım, bütün orqanlarım sızıldayırdı, başım çox ağrıyırdı. Ürəyimdə Allaha dua edirdim ki, məni ora qaytarmasın. Ora sadəcə, dəhşət idi. Bu 7 ayda çəkdiklərimi də, azadlığa çıxandan sonrakı hissi də sözlə ifadə etməkdə çətinlik çəkirəm. Qərar oxunandan sonra sanki bütün ağrılarım keçdi...».
S.Əliyevin vəkili Adil İsmayılov məsələ ilə əlaqədar baş prokuror Zakir Qaralova müraciət edərək, hüquqlarını qoruduğu şəxsin törətmədiyi cinayətə görə həbsdə saxlandığını, ona işgəncə altında etiraf ifadəsinə imza atdırıldığını göstərib. A.İsmayılovun müraciəti onun şikayətçi olduğu qurumun özünə - Binəqədi Rayon Prokurorluğuna göndərilib.
Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib, bildirib ki, «polis orqanlarının müvəqqəti saxlanma təcridxanalarında müntəzəm olaraq reydlər keçirilir, Ombudsmanın əməkdaşları vaxtaşırı görüşlər keçirir, nəzarət olunur. Bu orqanlarda belə hallara rast gəlinməyib və işgəncə halları qeydə alınmayıb».
Загрузка...
Загрузка...

Xəbər lenti