İqtisadçı: "Tələbələri və tədqiqatçıları bu təşəbbüsə dəstək olmağa dəvət edirəm"

İqtisadçı:
Загрузка...
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) kitabxanasına üzvlüyə görə illik ödəniş əvvəllər 5 manat olduğu halda, 2017-ci ildə 100 manata, bu yaxınlarda isə 150 manata qaldırıb. Criminal.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat verib.
İqtisadçı deyir ki, bundan başqa 1 ay üçün iş günlərinin sayı da 27-dən 20-ə endirilib. Belə çıxır ki, hər ay ərzində 20 gün kitabxanadan istifadəyə görə 15 manat ödənilməlidir. Bu məbləğ əlaçı tələbələrin aylıq təqaüdlərinin 12 faizinə qədərini təşkil edir. 

Q.İbadoğlu qeyd edir ki, 2020-ci ilin dövlət büdcəsindən elmə ayrılması nəzərdə tutulan 193,7 milyon manat vəsaitin 122,34 milyon manatı və ya 63,15 faizi Azərbaycan Milli Elmlər Akademiyasının payına düşür. Bununla yanaşı, 2020-ci il üçün AMEA-nın büdcədənkənar xərcləri 2 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin icra göstəricisindən 840 min manat və ya 72 faiz çoxdur. Bu qədər vəsaitin üzərində sərəncam vermək hüququ olan AMEA-nın kitabxanaya üzvlük haqqını 50 faiz qaldırması tələbələr arasında ciddi narazılır doğurur.
"Hazırda yaşadığım ərazidə AMEA-nın kitabxanasından zəngin olan ictimai kitabxanaların, elədə də çalışdığım Rutgers Universitetinin Elmlər Akademiyasının inzibati binasından böyük olan kitabxanasının bütün növ xidmətləri pulsuzdur. ABŞ-da hətta Konqresin kitabxanasına da ödənişsiz üzv yazılmaq mümkündür. Azərbaycanda tələbələrin və gənc tədqiqatçıların kitablara olan maraqlarının onsuz da azaldığı bir zamanda AMEA-nın Kitabxanasına üzvlük haqqının artımını qəti sürətdə pisləyir və onun ləğvini təklif edirəm. Tələbələri və tədqiqatçıları bu təşəbbüsə dəstək olmağa dəvət edirəm" - deyə Q.İbadoğlu deyir.

Xəbər lenti