İntihar etmiş müəllimənin ailəsi istintaqdan narazıdır

İntihar etmiş müəllimənin ailəsi istintaqdan narazıdır
 "Belələri cəzasız qalsa, bu gün Namidənin başına gələn faciə sabah başqasının başına gələcək”
"Prokurorluqdan gah deyirlər: ""İnstagram” rəhbərliyinə müraciət olunub, gərək bəzi məlumatlar bizə verilsin ki, biz də o məlumatlara uyğun olaraq hərəkət edək”. Gah da deyirlər: "Müstəntiq koronavirusa yoluxub”. Hər dəfə bir bəhanəylə işi uzadırlar. İstintaq müddətinin başa çatmasına isə az qalıb”. Bunu Meydan TV-yə bu ilin sentyabrında Bakı şəhəri, Nərimanov rayonu ərazisində özünü binadan atmaqla intihar etmiş Naidə İsayevanın atası, Birinci Qarabağ Müharibəsi veteranı, 1-ci qrup müharibə əlili Namiq İsayev deyir. Ata, övladının faciəli ölümü ilə bağlı aparılan istintaqdan narazıdır.
"Polis tədbir görmədi”
121 saylı orta məktəbdə müəllimə işləyən 27 yaşlı Naidə İsayeva sentyabrın 16-da Nərimanov rayonu ərazisindəki hündürmərtəbəli binalardan birinin 16-cı mərtəbəsindən özünü ataraq həyatına son qoyub. Bu faciə ailəni sarsıdıb. Aylardır ki, ailə üzvləri Naidənin ölümünə səbəbkar olmuş şəxsin müəyyən edilərək cəzalandırılmasını istəyir. Ancaq atasına deməsinə görə, istintaq oranı hələ də ailənin yarasının üstünə su səpəcək bir addım atmayıb:
"Bu ilin mayından başlayaraq Naidənin tanımadığı bir nəfər onun məktəbdə, evdə, müxtəlif tədbirlərdə çəkdirdiyi, öz səhifəsindəki fotoalbomunda paylaşdığı şəkilləri yığıb, 15 saniyəlik slayd kimi bir şey düzəldib, üzərinə də söyüşlü mahnı yazıb "İnstagram”da müxtəlif səhifələrdə paylaşırdı. Altından da əxlaqsız sözlər yazırdı. Biz müxtəlif qurumlara müraciət etdik, heç bir nəticəsi olmadı. Naidə özünü öldürməmişdən təxminən ayyarım əvvəl yaşadığımız ərazi üzrə 30 saylı polis bölməsinə də şikayət etdi. Ancaq polis də tədbir görmədi”.
"Hər yerə müraciət etmişdik, amma...”
Naidə İsayeva sosial şəbəkələrdə tanımadığı bir şəxs tərəfindən fotolarının təhqiramiz şəkildə yayılmasından narahat olaraq Dövlət Təhlükəsizlik Xidmətinə, polis və prokurorluq orqanlarına müraciət edib. Həmin şəxsin tapılaraq xəbərdarlıq olunmasını, ondan və ailəsindən üzr istəməsini tələb edib. Ölümündən təxminən ayyarım əvvəl - sentyabrın 2-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə ərizə yazaraq bildirib ki, xəbəri və icazəsi olmadan onun adına "muellim-o” səhifəsi açılaraq şəkilləri yerləşdirilib. Şəkillərin altından "axmaq qız, səni bütün sosial mediada paylaşacam” sözləri yazılıb. Daha sonra şəkilləri "Loto”, "Tiktok” səhifələrində də paylaşılıb. Naidə İsayeva polisdən bu əməli edənin tapılıb cəzalandırılmasını istəyib. Onun ərizəsi polis bölməsinin təhqiqatçısı Anar İbrahimovun icraatına verilib. 10 gün sonra təhqiqatçı kifayət qədər dəlil olmadığını, hər hansı böhtan atma, təhqir etmə faktının müəyyən edilmədiyini əsas gətirərək cinayət işi başlanmasını rədd edib. Qərarda o da qeyd olunur ki, təhqiqat zamanı şəxsin müəyyən edilməsi də mümkün olmayıb. 

Cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar 
 "Tiktok”-dan sildirirdik, başqa yerdə paylaşırdı...”
Naidə İsayevanın atası deyir, hüquq-mühafizə orqanlarına müraciət də nəticə verməyib, polisin avqustda çıxartdığı qərardan sonra həmin şəxs Naidənin fotolarını sosial şəbəkələrdə yaymaqda, təhqir etməkdə davam edib: "Biz şikayət etdikcə o, daha da azğınlaşırdı, quduzlaşırdı. Qızımın məktəbdə, evdə, hansısa yığıncaqda çəkilmiş və öz səhifəsində paylaşdığı fotoları götürüb 15 saniyəlik slayd düzəltmişdi, çox əxlaqsız bir musiqi də yazmışdı üzərinə... Qızım baxırdı, ağlayırdı, dözə bilmirdi. Müəllimə idi, deyirdi, şagirdlərimin, müəllim həmkarlarımın üzünə baxa bilmirəm, belə şeylər mənə yaraşmır... DTX-ya müraciət edəndə ordan bizə bir kod vermişdilər, demişdilər, yalnız o mümkündür ki, harda paylaşsalar, bu kodla girib siləsiz. Biz "tiktok”-dan sildirirdik, baxırdıq ki, başqa bir saxta səhifə açıb paylaşır... Günümüz-güzəranımız bu şərəfsizin yaydığı videoları silməklə keçirdi. Yəni hər kim idisə, nə polisdən, nə DTX-dan qorxusu, hürküsü vardı”.
Cinayət cəzasız qalarsa...
Namidənin ailəsi istintaq müddətinin sonuna az qalmasından, qadının ölümünə səbəb olmuş şəxsin isə hələ də cəzasız qalmasından narahatdır. Atası Namiq İsayev sözünə davam edir: "Dekabrın 16-da 3 aylıq istintaq müddəti bitir. Müstəntiq isə dediyim kimi, xəstəliyə görə işə çıxmır. İşdə olduğu vaxtda da heç bir hərəkət, yenilik yox idi. Sanki bu cinayət işinin qovluğunu bağlayıb bir tərəfə tullayıblar. Biz isə düşmənimizi tapmaqda, tanımaqda israrlıyıq. Belələri cəzasız qalsa, bu gün Namidənin başına gələn faciə sabah başqasının başına gələcək. "Müəyyən edə bilmirik” dedikləri o saxta profildən biri xalqa bir çağırış etsə, 1 saatın içərisində tapıb üzə çıxararlar. İstəsələr, yəni özlərinə azca əziyyət versələr, mənim qızımın faciəsinə səbəb olmuş şəxsi də qısa müddətdə taparlar”.
Nərimanov Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Naidə İsayevanın ölüm faktına görə Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinnə çatdırma) maddəsiylə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər hansı yenilik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək. Hüquqşünas Vaqif Alıyev deyir, istintaq müddətinin başa çatması ailəni narahat etməməlidir. Qanunvericiliyə görə, istintaq müddəti artırıla bilər. İntihar dərəcəsinə çatdırmaya görə həbs olunacaq şəxsi isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti