İnternat məktəbinin direktoruna qarşı 88 minlik yeyinti ittihamı

İnternat məktəbinin direktoruna qarşı 88 minlik yeyinti ittihamı
 İstintaq müəyyən edib ki, işə gəlməyən müəllimlərin adına dərs yazılıb
Təhsil Nazirliyinin tabeliyində olan 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin rəhbərliyi külli miqdarda mənimsəmədə ittiham olunur. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə 2020-ci ilin yanvarından 2021-ci ilin avqustuna qədər 88 min 622 manatlıq mənimsəmə ilə bağlı faktlar aşkarlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.
"İstintaq-əməliyyat tədbirlərilə müəyyən edilib ki, məktəbin direktoru işləmiş Gülnarə Abdullayeva 2020-ci ilin yanvarından 2021-ci ilin avqustuna qədər şəxsən və məktəbin əməkdaşları vasitəsilə, işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi, onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsilə 88 min 622 manat pulu nağdlaşdırıb...", - prokurorluğun məlumatında bildirilir.
Prokurorluq əməkdaşları məktəbdə direktorun kabinetinə baxış keçirib. Məlumata görə, Gülnarə Abdullayevanın otağından baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsilə bağlı qeydlərin aparıldığı dəftər aşkar götürülüb:
"Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Gülnarə Abdullayevanın onunla bağlı ittihamlara münasibəti məlum deyil.

Xəbər lenti